Məşhur kəşfiyyatçı Rixard Zorge (1895–1944) 4 oktyabr 1895-ci ildə Bakının yaxınlığında yerləşən Sabunçu qəsəbəsində (Bakı quberniyası) anadan olub. Onun atası Qustav Vilhelm Rixard Zorge (bəzi mənbələrdə Adolf Zorge kimi göstərilir) alman əsilli neft mühəndisi idi. Anası Nina Stepanovna Kobeleva rus idi və dəmiryolçu ailəsində böyümüşdü. Onun qohumlarından biri — Fridrix Adolf Zorge Karl Marks və Fridrix Engelsin yaxın silahdaşı, həmçinin Birinci İnternasionalın rəhbərlərindən biri olub.

1898-ci ildə, uşaq üç yaşına çatanda, Rixardın ailəsi Rusiyadan Almaniyaya köçdü. Atası Berlin yaxınlığında ev alıb uşaqların tərbiyəsi ilə məşğul olurdu. Rixard Almaniyada böyüyüb və Berlinin Lixterfelde rayonunda orta məktəbdə təhsil alıb. O, yaşına görə çox inkişaf etmişdi, tarixə, fəlsəfəyə və siyasətə maraq göstərirdi, lakin inadkar idi və əzbərləməyi sevmirdi. Məktəbdə onu “baş nazir” ləqəbi ilə çağırırdılar.
On doqquz yaşı tamam olana yaxın yay tətilini İsveçdə keçirməyə qərar verdi. Məhz orada onu müharibənin başlanması xəbəri yaxaladı. Avstriya-Macarıstan Sarayevoda baş verən sui-qəsddən sonra (28 iyun 1914-cü ildə Bosniyanın Sarayevo şəhərində 19 yaşlı gimnazist Qavrilo Prinsip Avstriya-Macarıstan imperiyasının taxt varisi Frans Ferdinandı və onun həyat yoldaşını güllələmişdi) 28 iyul 1914-cü ildə Serbiyaya müharibə elan etdi. Rusiya səfərbərlik elan etdi; Almaniya bunu bəhanə edərək Rusiyaya, sonra Fransaya müharibə elan etdi; İngiltərə isə Almaniyaya qarşı müharibəyə başladı. Zorge tələsik evə qayıtdı və sonuncu gəmi ilə İsveçi tərk etdi. Gəmi Stokholmdan Kiyelə doğru gedərkən Zorge baş verənləri düşünüb analiz edirdi. Sonralar xatirələrində belə qeyd edirdi: “Mən artıq məktəbə qayıtmadım, buraxılış imtahanlarını vermədim və dərhal könüllü olaraq orduya getdim. Məni bu addımı atmağa nə vadar etdi? Yeni həyata başlamaq istəyi, məktəb həyatını bitirmək arzusu, mənasız görünən həyatdan uzaqlaşmaq cəhdi. Müharibənin yaratdığı ümumi həyəcan hissi də təsir göstərdi”.
Onun böyük qardaşı müharibənin ilk günündə orduya çağırıldı və Şərqi Prussiyaya göndərildi. Zorge isə Berlin yaxınlığındakı hərbi məktəbdə hazırlıq keçdi. Altı həftəlik təlimdən sonra o, cəbhəyə — Belçikaya, İzer çayı yaxınlığına göndərildi, həmin zaman orada ağır döyüşlər gedirdi. Alman qoşunları 4 avqust 1914-cü ildə Belçikaya daxil oldu. Belçikalıların geri çəkilməsindən və almanların Fransaya doğru hücumundan sonra cəbhədə vəziyyət stabilləşdi. İzer bölgəsində mövqelər ələ keçirmək uğrunda döyüşlər başladı. Əsgərlər dəniz səviyyəsindən aşağı olan ərazilərdə səngər qazmağa məcbur oldular və bu səbəbdən az dərinlikdə belə su çıxırdı.
24 oktyabrda alman qoşunları hücuma keçdi və müdafiə xəttini yardı. Zorge əsasən tələbələrdən ibarət olan 4-cü orduda xidmət edirdi. 28 oktyabrda isə belçikalılar şlüzləri açaraq ərazini suya qərq etdilər. Alman hissələri su və palçıq içində qaldı, ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu. Bu döyüş tarixə “Flandriyada qırğın” kimi düşdü.

Zorge xatirələrində yazırdı ki, məhz həmin vaxt ilk dəfə ciddi təşviş keçirmiş və müharibəyə münasibətini yenidən nəzərdən keçirməyə başlamışdı: “Əvvəlcə macəra istəyirdim, lakin reallıqlar məni ayıltdı…”
O, müharibənin nə olduğunu, niyə təkrarlandığını və mənasızlığını düşünməyə başlamış, münaqişələrin səbəbləri barədə beynində suallar yaranmışdı.
1915-ci ildə Zorge ilk ciddi yarasını çiynindən aldı. Onu Berlində (Lankvitsdə) yerləşən xəstəxanaya göndərdilər. Orada o, ölkədəki ağır vəziyyət – aclıq, qiymətlərin bahalaşması və “qara bazar” barədə məlumat əldə etdi. Müalicədən sonra Rixard, məzuniyyət götürərək imtahanda iştirak etdi və Berlin Universitetinin tibb fakültəsinə qəbul oldu. Tibb sahəsi ona maraqlı olmaması səbəbindən siyasət və iqtisadiyyatı öyrənməyə başlayıb.

Rixard Zorge məzuniyyətinin başa çatmasını gözləmədən könüllü şəkildə yenidən cəbhəyə qayıdıb. 1915-ci ildə onun hərbi hissəsi Şərq cəbhəsinə göndərildi. Orada Zorge, yenidən müharibəyə nəzər salaraq gedişatı dəyərləndirib, döyüşlərin heç bir məna daşımadığını və böyük itkiləri görüb. Ağır döyüşlərin birində o, səngərin sığınacağının dağıntıları altında qalıb, huşunu itirib, lakin həyatını itirməyib. Qısa bir müddət keçəndən sonra ikinci dəfə yaralanıb və yenidən hospitala düşüb.
1916-cı ilin fevral ayında o, Almaniyada antimüharibə əhval-ruhiyyəsinin artdığını müşahidə edib. Həmin dövrdə ilk dəfə Karl Libknext (Karl Liebknecht, 1871–1919) və inqilabi hərəkat haqqında məlumat əldə edib.
Sonralar Rixard yenidən cəbhəyə qayıdıb, Rusiyanın şimalında artilleriya qoşunlarında xidmət edib. Şiddətli atəş zamanı onun batareyası məhv edilib. Zorge üçüncü dəfə, ən ağır formada yaralanıb: çiyin və diz nahiyələri zədələnib.

Zorge Keniqsberqdəki xəstəxanaya yerləşdirildi və orada bir tibb bacısına vuruldu. Həkimlər ona bildirmişdilər ki, ömrü boyu axsayacaq, çünki ayaqlarından biri qısa olacaqdı. Bundan sonra Zorgenin hərbi xidməti başa çatdı.
Xəstəxanada olarkən Rixard sosial-demokratlarla tanış olub. O, Zimmervald konfransı (Beynəlxalq sosialist konfransı) haqqında məlumat əldə edib və ilk dəfə Vladimir Leninin adını eşidib. Elə həmin vaxt inqilabi fəaliyyət yolunu seçmək qərarına gəlib.
Sağaldıqdan sonra təhsilini davam etdirərək siyasi-iqtisadiyyat üzrə oxuyub, həm də fəlsəfə ilə maraqlanıb, Karl Marks və Fridrix Engelsin ideyalarını, həmçinin fəhlə hərəkatının tarixini öyrənib.
1917–1919-cu illərdə Almaniyanın Müstəqil Sosial-Demokrat Partiyasının (Sozialdemokratische Partei Deutschlands) üzvü olub. 1918-ci ildə Kiel üsyanında iştirak edib. 1919-cu ildə isə Almaniya Kommunist Partiyasına (Kommunistische Partei Deutschlands) qoşulub. Həmin ildə universiteti bitirib və ardınca doktorluq dissertasiyasını müdafiə edib.
1924-cü ildə Moskvaya köçüb, sovet vətəndaşlığı alıb və partiyaya daxil olub. “Komintern”də (Kommunist İnternasionalı) işləyib, elmi və publisistik fəaliyyətlə məşğul olub.
1929-cu ildə Qızıl Ordunun kəşfiyyat xidmətinə işə qəbul edilib. 1930–1932-ci illərdə Şanxayda fəaliyyət göstərib və orada kəşfiyyat şəbəkəsi qurub.

1933-cü ildə jurnalist adı altında Yaponiyaya gedib. Zorge Milli Sosialist Alman Fəhlə Partiyasının (Nationalsozialistische Deutsche Arbeiterpartei – NSDAP) üzvü olub və XX əsrin ən effektiv kəşfiyyat şəbəkələrindən birini yaradıb. O, 1941-ci ildə Almaniyanın SSRİ-yə hücum planları və Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi barədə məlumatı Moskvaya ötürüb. 1941-ci il oktyabrın 18-də Yaponiya polisi tərəfindən həbs olunub. 1943-cü ildə ölüm cəzasına məhkum edilib. 1944-cü il noyabrın 7-də Tokioda edam olunub.

SSRİ uzun müddət Rixard Zorgeni öz agenti kimi qəbul etməyib. Ona yalnız 1964-cü ildə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Zorgenin həyatı qarışıq və müxtəlif ziddiyyətlərlə yadda qalıb. Onun bioqrafiyası sovet təbliğatı və özünün uydurduğu miflərlə dolu olub.
Yazıçı Con le Karre (John le Carre) öz qeydlərində yazmışdı ki, casusların sözlərinə hər zaman etibar etmək olmaz. Bu baxımdan Zorge də digərlərindən seçilməyib və özü özünü uydurduğu personaj kimi formalaşdırıb.
Buna baxmayaraq, bütün ziddiyyətlərə rəğmən, onun kəşfiyyata verdiyi töhfə çox dəyərli hesab edilib. O, mürəkkəb və ziddiyyətli bir şəxs olub, lakin bir çox tarixçilərin fikrincə, dünya tarixinə təsir edən görkəmli kəşfiyyatçılardan biri hesab edilir.
Hacı Cavadov