Bakı şəhərinin Nərimanov rayonunda yaşıllıq sahələrinin yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib.
Baki-baku.az xəbər verir ki, Faiq Yusifov küçəsi, 40 ünvanında aparılan işlər çərçivəsində ərazidə yeni ağacların əkilməsi üçün zəruri hazırlıq tədbirləri həyata keçirilir.
Məlumata əsasən, ərazidə əvvəlcədən aparılmış baxış zamanı piyada səkisində yerləşən və qurumuş vəziyyətdə olan 12 göyrüş ağacı müəyyən edilib. Müvafiq prosedurlara uyğun olaraq, bu ağaclar qeydiyyata alınaraq inventarlaşdırılıb və onların götürülməsi ilə bağlı rəy verilib.
Hazırda isə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ərazidə yeni tinglərin əkilməsi məqsədilə köhnə ağac kötüklərinin çıxarılması işləri görülür. Bu addım gələcəkdə daha sağlam və estetik yaşıllıq mühitinin formalaşdırılmasına xidmət edir.
Görülən işlər paytaxtda ekoloji tarazlığın qorunması, şəhər mühitinin daha da gözəlləşdirilməsi və sakinlər üçün rahat ictimai məkanların yaradılması istiqamətində aparılır.

