Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/01/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Milli Onkologiya Mərkəzinin Qurucusu

IMG-20260401-WA0006

İkinci yazı

Azərbaycanda onkoloji xidmətin keçdiyi böyük və uğurlu inkişaf yolu vardır

Bədxassəli şiş problemləri ilə məşğul olan ilk ixtisaslaşdırılmış elmi-tibbi müəssisənin – Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun səhiyyəmizdə rolu danılmazdır. İnstituta müxtəlif illərdə rəhbərlik edən İsaak Ginzburq, Mustafa Əlikişibəyov, Rəhim Rəhimov kimi tanınmış alimlərin hər biri Azərbaycanda onkoloji xidmətin inkişafına çox böyük töhfələr veriblər. Bu məşhur alimlər həm də öz məktəblərini yaradıblar. Bu gün mövcud olan akademik Cəmil Əliyev Məktəbi onlardan biri, özü də daha mükəmməlidir. Bunun başlıca səbəblərindən biri Cəmil Əziz oğlu Əliyevin qüdrətli alim, müəllim, onkoloq cərrah olmaqla yanaşı, həm də təşkilatçı rəhbər kimi ölkəmizdə və dünyada qəbul edilməsidir.

Xərçəngin hər növünün özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq, onkoloji xəstələrin müalicəsi 3 istiqamətdə – cərrahi, kimya-terapevtik və şüa müalicəsi şəklində aparılır. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar.

Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Burada bütün müayinə-müalicə üsulları dünya standartlarına, Avropa, Amerika protokollarına uyğun həyata keçirilir. Bu səbəbdən də dünyanın nüfuzlu Onkoloji Mərkəzlərinin aparıcı mütəxəssisləri İngiltərənin Oksford Universitetinin professoru Devid Kerr, ABŞ-ın Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti professor Culi Qralou, Türkiyənin Hacettepe Universitetinin professoru Şuayib Yalçın Azərbaycan onkoloqlarını peşəkar kadr, qüdrətli onkoloq cərrah olaraq qəbul edirlər.

Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Qərbi Virciniya Universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin, İtaliyanın Genuya Universitetinin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssisində bu qənaəti təsdiq etməsi ölkə onkologiyası ilə yanaşı akademik Cəmil Əliyevin irsinə və şəxsiyyətinə verilən dəyərdir.

Azərbaycanda onkologiyanın inkişafı, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsi, onkoloji xəstəliklərin ənənəvi müalicə metodlarına müxtəlif yanaşma konsepsiyaları, müasir diaqnostika və müalicə metodlarının Avropanın, Rusiya və Türkiyənin məşhur alimləri ilə aparılan müzakirələr, bədxassəli şişlərin müalicəsi istiqamətində əldə edilən nailiyyətlər elm tarixinə qızıl həriflərlı yazılan hadisələrdir. Azərbaycan Səhiyyə Nazirliyinin onkologiya üzrə Baş mütəxəssisi Azad Kərimli kimi nüfuzlu onkoloq alimlərin, Milli Onkologiya Mərkəzinin əməkdaşları Leylaxanım Məlikova, Elxan Kazımov, Samir Qurbanovun ABŞ və İtaliyadan olan həmkarları Mattro Lambertini və Aşis Saksena ilə apardıqları təcrübə mübadiləsi, elmi diskussiyaları ölkə onkologiyasının inkişafına töhfələrdir.

Kolorektal xərçəng problemləri ilə bağlı Amerika Kliniki Onkologiya Cəmiyyəti ilə birgə keçirilən dinləmələr professor Devid Kerrin “Kolorektal xərçəngdə biomarkerlərin yolu”, professor Şuayib Yalçının “Erkən mərhələdə kolorektal xərçəngin dərman müalicəsi”, ABŞ-nin Fox Chase Xərçəng Mərkəzinin professoru Elin Siqurdsonun “Kolorektal xərçəngin cərrahi müalicəsi”, Qərbi Virciniya Universiteti Xərçəng İnstitutunun professoru Riçard Qoldberqin “Metastatik kolorektal xərçəngin müalicəsi” mövzularında alim və mütəxəssislərin ortaq qənaətləri ümumbəşəri problem olan bu xəstəliklərin aradan qaldırılması yollarını müəyyənləşdirməyə kömək olmaqla yanaşı, alimlərin bir araya gəlməsi üçün beynəlxalq konfrans və simpoziumların təşkilatçısı kimi tarix yaradan akademik Cəmil Əziz oğlu Əliyevin mənəvi əzəmətinin, alim, cərrah, müəllim, təşkilatçı rəhbər kimi nüfuzunun göstəricisidir.

Ciddi məktəblər görən, özü də məktəb olan Alim

Akademik Cəmil Əliyev öz elmi məktəbini yaratmağa nail olan dünyaşöhrətli alimlərdəndir. Onun elmi məktəbinin yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də onkologiyanın kliniki, eksperimental və nəzəri sahələri üzrə çalışır, elmi axtarışlarını davam etdirirlər.

Akademik Cəmil Əliyevin dünyanın müxtəlif elm mərkəzləri ilə işgüzar əlaqələri, şəxsi nüfuzu sayəsində azərbaycanlı gənclər vaxtaşırı həmin mərkəzlərdə elmi-tədqiqat işlərində iştirak edir, bilik və təcrübələrini artırırlar. Rusiya Tibb Elmləri Onkologiya Mərkəzinin keçmiş Baş direktoru, mərhum akademik N.N.Trapeznikovun bir neçə dəfə Bakıya gəlməsi, Ulu Öndər Heydər Əliyevlə görüşməsi, Azərbaycanda onkologiya elminin vəziyyəti ilə tanış olması və gələcək inkişaf perspektivləri ilə bağlı təkliflər verməsi də bu səfərləri, görüşləri təşkil edən akademik Cəmil Əliyevin işgüzar əlaqələrinin, alim nüfuzunun, ən əsası isə onkologiya ilə bağlı məsələləri ən yüksək səviyyələrə qaldıraraq cəmiyyətə fayda vermək istəyinin daha bir göstəricisidir.

Üç qüdrətli alimin Mürşid ucalığı

Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlərdən süd vəzisi, dəri, qırtlaq və digər orqanların xərçəngi üzrə Cəmil Əliyevin rəhbərliyi altında və bilavasitə iştirakı ilə silsilə elmi-tədqiqat işləri həyata keçirilib. Süd vəzisi şişləri zamanı yerinə yetirilən operativ müdaxilələrdə, xüsusilə də süd vəzisinin cərrahi əməliyyatlarında Cəmil Əliyev müxtəlif modifikasialar təklif edib və onların cərrahlıq praktikasında həyata keçirilməsində mühüm rol oynayıb. Bu elmi istiqamət müasir dövrün innovasiyalarının yaratdığı imkanlardan faydalanaraq indi də uğurla davam etdirilməkdədir.

Alim əməliyyatqabağı müalicənin aparılmasında bir sıra yeni metodlar işləyib hazırlayıb. Bu metodların səhiyyə praktikasında geniş tətbiqi travmatik əməliyyatlara göstərişləri məhdudlaşdırmağa imkan verib. Orqansaxlayıcı əməliyyatlarda istifadə imkanlarını xeyli genişləndirib. Süd vəzisi xərçəngi hallarında xüsusi işlənib hazırlanmış reabilitasiya-bərpa müalicə kompleksi və orqansaxlayıcı əməliyyatlarda istifadə edilən orijinal aparatların yaradılması belə xəstələrin əksəriyyətinin tam dəyərli həyata və ictimai-faydalı əməyə qayıtmalarına imkan yaradır.

Akademik Cəmil Əliyevin bilavasitə rəhbərliyi altında bu kompleksin praktikaya tətbiqi sayəsində son illər əlil xəstələrin sayında xeyli azalma baş verib. Görkəmli alimin süd vəzisi xərçəngi xəstəliyinin inkişaf mərhələlərinin Beynəlxalq Təsnifatına etdiyi düzəliş dünya miqyasında həmin səviyyədə qəbul edilərək xəstələrin müalicə taktikasının yenidən qurulmasına şərait yaradıb.

Akademik Cəmil Əliyevin və elmi komandasının ən mühüm tədqiqat sahələrindən biri də süd vəzisinin bədxassəli və xoşxassəli şişləri olan xəstələrdə hepatit B və C viruslarının yayılması ilə bağlıdır.

Həmin tədqiqatların nəticələri 1996-cı ildə çapdan çıxan “Süd vəzisi xərçəngi və qaraciyərin funksional vəziyyəti” və 2006-cı ildə işıq üzü görən “Onkoloji xəstələrdə qaraciyərin subklinik patologiyası” adlı monoqrafiyalarda ümumiləşdirilərək, Elmi ictimaiyyətə təqdim olunub. Bu araşdırmalar nəticəsində ilk dəfə olaraq bütün dünyada sübuta yetirilib ki, gizli keçən hepatit B süd vəzisi xərçəngi olan xəstələrin müalicəsinin nəticələrinə mənfi təsir göstərir.”

Akademik Cəmil Əliyevin yetişməsində, peşəkar onkoloq-cərrah olaraq formalaşmasında üç qüdrətli, pedaqoq-onkoloqun mühüm yeri və rolu olub. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasının müdiri professor Arif Abbasovun SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin rəhbər heyətinin üzvləri, akademiklər N.N.Bloxinin, N.N.Tereznikovun məktəbinə məxsus olan alim qısa zaman kəsiyində aspirantdan, doktorantdan qüdrətli alimə çevrilib. Moskva cərrahlıq mühitinin, Ümumittifaq Onkoloji Elmi Mərkəzinin kliniki bazası olan Podolks Mərkəzi Xəstəxanasının xidmətləri ilə yanaşı, Cəmil Əziz oğlu Əliyevin şəxsi keyfiyyətlərini nəzərə alsaq, iradənin gücü, xarakterin əyilməzliyi ilə sözün həqiqi və məcazi mənasında xarüqələr yaradan alimin əzəməti ilə baş-başa qalmış olarıq.

Ömrünün böyük bir mərhələsini akademik Cəmil Əliyevlə dostluq münasibətlərində keçirən, Bakıdan, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitundan başlayan isti münasibətləri Moskvada doktorantura illərində və ondan sonra da uğurla davam etdirən, akademik Əhliman Əmiraslanov bu barədə qeyd edir: “ Bakıdakı ilk tanışlığdan sonra Cəmil müəllimlə biz yenidən Moskvada bir araya gəldik. Onda mən də artıq Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil olmuşdum, və həmin mərkəzdə çalışırdım.

1974-cü ildən 1978-ci ilə qədər bərabər çalışdığımız bu illər hər ikimizə xoş oldu. Deyərdim ki, o illər ömrün ən unudulmaz çağlarıdır. Cəmil Əliyevin doktorluq mövzusu kimi “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunu araşdırmağa başlamışdı. Elmi məsləhətçiləri də SSRİ-nin bu sahədə görkəmli alimlərindən olan akademiklər- N.N.Bloxin və N.N.Trapeznikov idilər. İkimizə də ÜOEM-in yataqxanasında yer vermişdilər. Artıq ailə qurmuşduq, hər birimizin iki övladı böyüyürdü.

Moskvada ailələrimizlə yaşayırdıq. Onu da deyim ki, yataqxana ilə iş yerimiz arasındakı uzun yol da həmin illərin yaddaşından çox maraqlı bir xatirə kimi keçir. Payız və qış fəsillərində gediş-gəliş xüsusən çətinləşirdi. ÜOEM-də sıravi həkim-elmi işçi maaşı alırdıq. Dolanışıq üçün kifayət etsə də, özümüzə və ailəmizə arzu etdiyimiz həyatı yaşada bilmirdik. Amma gənc və ümid dolu idik. Bütün həyat hələ qabaqda idi. Birgə addımladığımız o çətin, narahat yollarda Cəmil müəllimin şən əhvali-ruhiyyəsi, nikbinliyi, yerinə düşən incə yumoru hər şeyi unutdurmuşdu. Yolun asanını seçmək, hansısa vasitələr hesabına işini, həyatını yüngülləşdirmək onun təbiətinə yad idi. Çətinliklər, maneələr Cəmil müəllimi əsla qorxutmurdu.

Qarşıya çıxan əngəllərə dərhal optimal həll tapa bilirdi. Ən mühümü isə heç zaman ümidini, əzmkarlığını, nikbinliyini itirmirdi.

Cavan yaşlarından onun özündə belə möhkəm xarakter formalaşdırmağı bacarması, dözümü, iradəsi bir o qədər də təvazökarlığı, sadəliyi, səmimiyyəti heyranlıq doğururdu. Dərhal hiss edirdin ki, bütün bu keyfiyyətlərin kökü dərindən gəlir. Bu məziyyətlərin ilkin qaynağı Cəmil müəllimin yetişdiyi ailə mühiti ilə bağlıdır.

Cəmil müəllimin gərgin zəhməti öz bəhrəsini verdi. 1978-ci ildə o, SSRİ TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzində “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları” mövzusu üzrə doktorluq dissertasiyasını uğurla müdafiə etdi.

Tibb elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Bu, elmi karyerada böyük bir nailiyyət idi. Hamımız elə düşünürdük ki, Cəmil Əliyev Moskvada qalıb fəaliyyətini bu böyük şəhərdə davam etdirəcək.

Bunun üçün artıq hər cür imkan vardı. Doktorluq dissertasiyasının müzakirəsindən sonra həm ÜOEM-in o zamankı direktoru akademik N.N.Bloxin, həm də akademik N.N.Trapeznikov ona Moskvada qalıb ÜOEM-in Endokrinologiya şöbəsinə rəhbərlik etməyi təklif etmişdilər. Ucqar bir respublikadan gəlib Moskvada elmlər doktoru alimlik dərəcəsinə layiq görülən hər bir həkim üçün bu gözqamaşdırıcı təklif idi. Çünki belə bir təklif hər adama edilmirdi. Belə bir vəzifəyə layiqliyini elmin və şəxsiyyətinlə sübuta yetirməli idin. Cəmil müəllim bunu bacarmışdı. Onun dünya şöhrətli akademiklərin diqqətini cəlb edən əsas xüsusiyyətləri fitri istedadı, yüksək mədəniyyəti, dərin zəkası, ibrətamiz bacarığı, qabiliyyəti, özünə və başqalarına qarşı sağlam tələbkarlığı idi. Ustadları belə bir peşəkarın Moskvada qalıb çalışmasını, bu şəhərin elmi mühitində olmasını və fayda verməsini çox istəyirdilər. Cəmil Əliyevin necə böyük potensial sahibi olduğunu alim və müəllim təcrübələri ilə yaxşı bilirdilər.

Cəmil müəllimin isə qərarı fərqli oldu. Məmnunluq doğuran təkliflərinə, həm də bu illər ərzində ona göstərdikləri səmimi diqqət və qayğıya görə alicənab ustadlarına – akademik N.N.Bloxinə və akademik N.N.Trapeznikova dərin minnətdarlığını bildirərək, dedi ki, Bakıya qayıtmaq və sonrakı fəaliyyətini Azərbaycanda davam etdirmək istəyindədir. Onun bu qərarı nə qədər gözlənilməz olsa da, anlayışla qarşılandı. Akademiklər ona uğur dilədilər və belə istedadlı, təfəkkürlü gənclərin yetişməsindən iftixar hissi duyduqlarını da gizlətmədilər. O, öz mühitinin övladı idi!

Ən böyük nailiyyəti ailəsi, ən qiymətli əsəri övladları olan Alim

Akademik Cəmil Əliyev çoxsaylı elmi işlərin, kitab və monoqrafiyaların, metodiki göstərişlərin, ixtiralar üzrə müəlliflik şəhadətnamələrinin, patentlərin müəllifidir. Monoqrafiyalarından biri 1990-cı ildə “Treatment of Breast Tumours” adı altında ingilis dilində çap olunub. O, həmmüəlliflərlə birgə yazdığı “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” adlı monoqrafiyasına görə 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatına layiq görülüb. Rusiyada, Almaniyada, ABŞ-da, İngiltərədə, Fransada, Yaponiyada, Avstriyada, Türkiyədə, Özbəkistanda və digər xarici ölkələrdə keçirilən beynəlxalq qurultay, simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib , bu məruzələr böyük maraqla qarşılanıb.

Akademik Cəmil Əliyev bu genişmiqyaslı fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan “Onkologiya” jurnalının baş redaktoru, “Biomedisina” jurnalının redaksiya şurasının üzvüdür. Respublika Səhiyyə Nazirliyinin onkologiya üzrə Attestasiya Komissiyasının, Respublika Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinin sədri, onkologiya üzrə doktorluq və namizədlik dissertasiyalarının Müdafiə Şurasının sədridir. O, həmçinin “Dünya həkimləri nüvə müharibəsinə qarşı” Beynəlxalq Təşkilatının Azərbaycan Komitəsinə rəhbərlik edir.

Bütün bunlar onun alim, müəllim, onkoloq-cərrah, təşkilatçı rəhbər kimi qüdrətinin. əzəmətinin nümayişidir.

Ulu Öndər Heydər Əliyevlə bağlı ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iki tarixi kəlamı var: “ Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır!” “ Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir!” Tərəddüd etmədən hər iki kəlamı akademik Cəmil Əliyevin ünvanına səsləndirmək mümkündür.

“Bir gəncin manifesti” əsəri ilə tarix yaradan alim, müəllim, yazıçı Mir Cəlalı Sabunçu rayonunda oxucularla görüşə dəvət edirlər. Oxucunun biri yazıçıya tarixi sual ünvanlayır, düşünür ki, sualın cavabı hazırdır: “ Bir gəncin manifesti”. Sadə, əzəmətli Mir Cəlal “Ən böyük nailiyyətiniz, ən qiymətli əsəriniz?” sualının cavabında deyir: “Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır!”

Bu mənada götürəndə akademik Cəmil Əliyev Tanrınn seçilən bəndələrindəndir. Onun ən böyük nailiyyəti ailəsi, ən qiymətli əsəri övladlarıdır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimi Dilşad Hüseyn qızı Əliyevanın ömür-gün yoldaşı, İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Cəmil oğlu Əliyevin, Azərbaycan Tibb Universiteti daxili xəstəliklər kafedrasının dosenti İradə Cəmil qızı Əliyevanın atasıdır.

Ən əsası odur ki, Cəmil Əziz oğlu Əliyev paralanan, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Vətəni – Odlar Yurdu Azərbaycanı tərcümeyi-halında birləşdirən, “Bütün dövrlərin Səhiyyə kommissarı” kimi şöhrət tapan, Tibb İnstitutunun qurucusu, “Əziz Əliyev missiyası”nın və Dağıstanın birinci katibi kimi tarix yaradan, İkinci Dünya Müharibəsində mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer alan, Qurucu Əziz kimi yaddaşlara yazılan qalan polkovnik- komissar Əziz Məmmədkərim oğlu Əliyevin oğludur.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, paylaşımda deyilir:

Ən son

GÜNDƏM

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

GÜNDƏM

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin