Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/31/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Cəmil Əliyev -nüfuzlu alim, müdrik ziyalı

Cəmil Əliyev

Birinci yazı

Martın 30-u akademik Cəmil Əliyevin 80 illik yubleyi tamam oldu. Bu münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayaraq onu İstiqlal ordeni ilə təltif etdi.

İkinci Dünya Müharibəsinin başa çatdığı ərəfədə, 1945-ci ilin  əvvəlində SSRİ Elmlər Akademiyasının Prezidenti Vladimir Leontyeviç Komarov İosiv Stalinə respublikalarda qurulacaq akademiyalar barədə hesabat təqdim edir. Azərbaycan SSR ilə bağlı hesabatda Komarov iki tarixi cümlə qeyd etmişdi: “Yusif Məmmədəliyev kimi bir alimi olan Respublika öz akademiyasını qurmağa layiqdir. Mirəsədulla Mirqasımov elmin nüfuzu və vicdanıdır.”

Hesabatda adı keçən Yusif Məmmədəliyev Azərbaycan nefti qədər İkinci Dünya Müharibəsinin taleyini həll edən “Neftin oktan ədədi”nin və “Molotov kokteyli”nin müəllifi, Mirəsədulla Mirqasımov Birinci və İkinci Dünya Müharibəsinin iştirakçısı olmaqla yanaşı, Böyük Vətən Müharibəsi illərində SSRİ Hərbi Təxliyə Hospitalları İdarəsinin Baş cərrahı kimi tarix yaratmışdı. Ön cəbhə ilə arxa cəbhə arasında mühüm amilə çevrilən bu idarənin rəisi isə digər bir türk, müsəlman azərbaycanlı, anelgeziya üsulu ilə əməliyyatların həyata keçirilməsi metodunun müəllifi, Mustafa bəy Topçubaşov idi. Stalin bu faktları yaxşı bildiyindən Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsinə icazə verməklə  kifayətlənməmiş, 15 təsisçini də, bilavasitə özü təyin etmiş, onların kəşflərini, ixtiralarını nəzərə almışdı. Səməd Vurğunun, Üzeyr bəy Hacıbəyovun adını o sıraya qırmızı qələmlə yazmaqla yanaşı,  15 akademikin təsisçisi olduğu Akademiyaya ilk Prezident statusunu yaşı və təcrübəsi ilə öndə olan  Mirəsədulla Mirqasımova vermişdi.

80 illik fəaliyyəti dövründə Azərbaycan Milli Elmlər Akademiyasında ciddi elmi məktəblər formalaşmışdı. Akademiklər-Əliəşrəf Əlizadənin, Mirəsədulla Mirqasımovun,  Yusif Məmmədəliyevin,  Mirəli Qaşqayın,Şəfaət Mehdiyevin, Zahid Xəlilovun, Musa Əliyevin, Həsən Abdullayevin, Həsən Əliyevin adı ilə bağlı məktəblərin sırasında bir məktəb də var ki,  o sözün həqiqi və məcazi mənasında elmin nüfuzu, vicdanı olmaqla yanaşı, həm də Odlar Yurdu Azərbaycanın nüfuzudur. O bütün dillər də belə səslənir: Akademik Cəmil Əliyev Məktəbi!

Gənc elm fədailərinin əzmkarlığı sayəsində onkologiya ahəngdar inkişaf yoluna qədəm qoyaraq dünya standartları səviyyəsinə yüksəlmişdi

Tarixə repressiyalar, müharibələr, elmi naliyyətlər, texniki tərəqqilər əsri kimi daxil olan XX yüzildə Azərbaycan xalqının ən böyük naliyyətlərindən biri Şərqin ilk Demokratik Cümhuriyyətini və dünyəvi tədris mərkəzi olan  Bakı Universitetini qurması idi.  Bu əsrin xalqımız üçün ən böyük töhfəsi isə  şübhəsiz ki, Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsi idi.  

Milli maarifçilik hərəkətaın öndərlərinin – Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundzadənin, Abbasqulu ağa Bakıxanovun, Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun, Üzeyr bəy Hacıbəyovun, Nəriman Nərimanovun, bütün bunların fövqündə isə Hacı Zeynəlabdin Tağıyevin XIX əsrin sonlarından əsasını qoyduqları ənənələr zaman keçdikcə genişlənərək daha əhatəli inkişafın möhkəm təməlinə çevrildi.

Azərbaycan Tibb elmi də bu baxımdan istisna olmadı. Əziz Əliyev, Mirəsədula Mirqasımov, Mustafa bəy Topçubaşov, Ümnisə xanım Musabəyova, Zərifə xanım Əliyeva təbabətin müxtəlif sahələrində ilklərə imza atmaqla Əl Fərabi, Əl Kindi, İbn Ərəbi,  İbn Sina, Əl Xarəzmi kimi dahi təbib-filosoflar yetirən Şərqin qüdrətini, əzəmətini dünyaya nümayiş etdirdilər.

Təbabətin Onkologiya sahəsi ilə məşğul olan alimlərimizin əldə etdiyi naliyyətlərin təməli ölkəmizdə  əsasən XX əsrin ikinci yarısından təşəkkül tapmışdır. Son dərəcə yeni, həyati vacib sahəyə böyük sevgi, tükənməz enerjisi ilə gələn gənc elm fədailərinin əzmkarlığı sayəsində çox qısa zamanda onkologiya inkişaf yoluna qədəm qoyaraq dünya standartları səviyyəsinə yüksəlmişdir.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda onkologiya elmini bu səviyyəyə yetirən, onun inkişafında xidmətləri danılmaz olan həmin gənc alimlər nəslinin görkəmli nümayəndələrindən biri də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının,  Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, MDB və Avropa Onkoloqlar assosiasiyalarının və elmi cəmiyyətlərinin üzvü, Azərbaycan Onkoloqlar və Radioloqlar Cəmiyyətinin sədri  Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əziz oğlu Əliyevdir. O, eyni zamanda dünyaşöhrətli alim, böyük tədqiqatçı, təşkilatçı rəhbərdir.

Süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə aparıcı mütəxəssis

Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya gəlib.1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1973-cü ildə Bakı şəhərində “onkologiya” ixtisası üzrə “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.1978-ci ildə Moskvada  SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində  “onkologiya” ixtisası üzrə  “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunda doktorluq  dissertasiyası müdafiə edib və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə  SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “onkologiya” ixtisası üzrə professor elmi adı alıb.

1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edən , süd vəzi, başın  yumşaq toxumaları və boyun şişlərinin  diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biri olan Cəmil Əziz oğlu Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biri olmaqla yanaşı, həm də  uzun illərdir təməlini qoyduğu Azərbaycan Onkologiya Elmi  Məktəbinə rəhbərlik edir.Minə yaxın elmi məqalənin, On beşdən çox ixtiranın, İyirmidən çox monoqrafiya və dərs vəsaitinin müəllifi olan Akademik Cəmil Əliyevin rəhbərliyi altında  on dörd tibb elmləri doktorluğu və Əlli iki  tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları işlənib uğurla müdafiə edilib.

Həyatdan mükafat gözləməyən alim

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Amerika Birləşmiş Ştatları M.D.Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın tərkibinə seçilən akademik Cəmil Əziz oğlu Əliyev 1980-ci ildə  “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” monoqrafiyasına görə  SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N. Petrov adına mükafatına layiq görülüb. Adı 1996-cı ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin dünya intellektualları arasında “Kim kimdir?” bioqrafik toplusuna daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının “Bilik” Maarifçilik Cəmiyyətinin Y. Məmmədəliyev adına mükafatına layiq görülən akademik Cəmil Əliyev 2000-ci ildə  Əməkdar Elm xadimi fəxri adına layiq görülməklə yanaşı, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilən alim 2003-cü ildə  akademik Mustafa bəy Topçubaşov adına mükafata,  2011-ci ildə Dağıstan Respublikasının Əməkdar Elm xadimi , 2015-ci ildə isə Türk dünyasına xidmət Böyük Qızıl medalına layiq görülüb.

Keçmiş SSRİ məkanında, Yaxın və Orta Şərqdə məhşur olan  akademik Cəmil Əziz oğlu Əliyev 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının  dünyanın ən məşhur cərrahlarına təqdim edilən N. Piroqov opdeninə, “Avropanın  fəxri alimi” adına və V. Leybnits medalına, həmçinin Azərbaycan Milli  Elmlər Akademiyasının qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə akademik M. Mirqasımov adına mükafatına layiq görülüb.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə səhiyyə sahəsində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilən akademik Cəmil Əliyev 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə “Elm və Sülh elçisi” fəxri adına layiq görülüb.

Mükəmməl maddi-texniki, kliniki bazaya malik ixtisaslaşmış elmi-tədqiqat mərkəzinin qurucusu

Ötən əsrin sonu təbəddülatlar, inqilablar əsri kimi tarixə qovuşdu. Bu tarix həm də  SSRİ-nin iflası, SSRİ elmi məktəblərinin dağılması ilə nəticələndi. Meydan hərəkatları, Milli azadlıq duyğuları ilə müşaiət olundu. Bu dövrdə Azərbaycan xalqı həm də Qorbaçov rejiminin Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının üzərinə yeriməsi, 20 Yanvar dəhşətləri ilə yadda qaldı. Ulu Öndərə Moskvada olan sərt münasibət, Azərbaycanda onun doğmalarına hücumlarla nəticələndi. Bütün bunlara baxmayaraq bir tarixi şəxsiyyətə, böyük alimə münasibət  dəyişmədi, daha doğrusu dəyişə bilmədi. O, SSRİ-də barmaqla sayılacaq, ölkəsində isə Onkologiya sahəsində tək və yeganə alim, ciddi mütəxəssis idi. Bu səbəbdən də 1990-cı ilin qan-qadası içərisində Milli Onkologiya Mərkəzinə Baş direktor təyin edildi.

Mərkəzin nəzdində yaradılan Onkoreqistr 2015-ci ildən Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilib

 36 ildir ki, bu çətin və məsuliyyətli vəzifəni yüksək peşəkarlıq, şərəf və ləyaqətlə yerinə yetirən, akademik Cəmil Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006-2012-ci illərdə Milli Onkologiya Mərkəzi tamamilə yenidən qurularaq modernləşdirilmişdir. Bu səhiyyə müəssisəsinin müasir dünya standartlarına uyğunlaşdırılmasında, ölkəmizdə onkoloji xəstəliklərə qarşı mübarizənin təşkilində Cəmil Əliyevin xidmətləri istisna və müstəsnadır. Onun gərgin əməyi sayəsində bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, mükəmməl maddi-texniki, kliniki bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.

Hazırda mərkəzdə iki min nəfərə yaxın işçi çalışır. Ölkəmizdəki onkoloji xəstələrin böyük hissəsi Milli Onkologiya Mərkəzində müalicə  olunur. İl ərzində burada yüz otuz  minə yaxın pasiyent müayinə edilir, otuz  mindən çox insan stasionar müalicə kursu keçir. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə Azərbaycanda  ilk dəfə  Uşaq Onkologiya İnstitutu binasının inşa etdirilməsi və fəaliyyətə başlaması, kadr potensialının möhkəmləndirilməsi, ən müasir tələblərə cavab verən cərrahiyyə bölümünün, həmçinin ambulator xidmətini təmin edən binanın yüksək səviyyədə təşkili, müasir avadanlıqla təchiz olunması xüsusilə əhəmiyyətlidir.

Milli Onkologiya Mərkəzinin nəzdində yaradılan Onkoreqistr 2015-ci ildə  Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilib. Həmin il mərkəzlə ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. 2018-ci ildə isə İngiltərənin Liverpul Universiteti Hospitalı, Avstriya Tibb Universiteti, Türkiyənin Hacettepe Universiteti, həmçinin Xərçənglə Mübarizə üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu ilə də Milli Onkologiya Mərkəzi arasında memorandumlar imzalanıb. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusu verilib.

Akademik Cəmil Əliyevin beynəlxalq səviyyədəki elmi nüfuzu, əlaqələri, mərkəzi dünyanın aparıcı elmi  qurumlarından birinə çevirib.

Göydən yerə odun, alovun yağdığı, dəhşətlərin tüğyan etdiyi bir ərəfədə digər respublikalar kimi Azərbaycanda da onkoloji xidmətin ilk özəyi yaradıl

Ölkəmizdə onkoloji xidmətin fəaliyyətinin yüksək səviyyəyə çatması, səmərəliliyinin dinamik şəkildə artması və ən müasir standartlara cavab verməsi bu sahədə çalışan alimlərin, həkimlərin, tibbi personalın gərgin əməyi, dövlətimizin daimi qayğısı və diqqəti sayəsində mümkün olub. Onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzinin nanotexnologiyalarla təchiz olunmuş müayinə və müalicə strukturlarının, poliklinika və cərrahiyyə korpuslarının, Uşaq Onkoloji Klinikasının tikilib istifadəyə verilməsində Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban  Əliyevanın məxsusi rolu və yeri vardır.  

Göydən yerə odun, atəşin yağdığı, dəhşətlərin tüğyan etdiyi bir ərəfədə, 1941-ci ildə digər respublikalar kimi Azərbaycanda onkoloji xidmətin ilk özəyi yaradıldı. İlk ixtisaslaşdırılmış, müstəqil tibb müəssisəsinin – bugünkü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin sələfi olan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun yaradılması ilə təbabətin bu sahəsinin ölkəmizdə təməli qoyuldu.  Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ilk mərhələsində Respublika Onkologiyasının yüksəliş mərhələsinin təməli qoyuldu. Onkoloji xidmətin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə mühüm işlər görüldü. Ulu Öndərin şəxsi təşəbbüsü ilə SSRİ-nin aparıcı onkoloji mərkəzlərinə respublikamız üçün mütəxəssislərin hazırlanması məqsədi ilə gənclər göndərildi. Bu siyasət Ulu Öndərin siyasi hakimiyyətinin ikinci mərhələsində də uğurla davam etdirildi. Milli Onkologiya Mərkəzinin maddi-texniki bazası inkişaf etdirilməklə yanaşı, peşəkar kadrların yetişdirilməsi məqsədi ilə Avropanın və Türkiyənin məhşur universitetləri ilə müqavilələr bağlandı. Bu ənənə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizdə gərginliklər yaratdığı 30 illik işğal dövründə də davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  ölkə səhiyyəsinin, o cümlədən onkologiyasının inkişafına mühüm töhfələr verdi.  Onun diqqət və qayğısı sayəsində İyirmi il ərzində  ölkəmizdə səhiyyə müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə yeniləndi, Müasir tələblərə cavab verən yeni binalar inşa olundu,  əvvəlki binalar əsaslı təmir-bərpa edilərək istifadəyə verildi. Tibb ocaqlarının avadanlıqla, cihazlarla, dərman vasitələri ilə təchizatı təkmilləşdirildi, kadr potensialı gücləndirildi. Həyatı xüsusi müalicədən və dərman preparatlarından asılı olan xəstələrin normal yaşayışı üçün dövlət proqramları qəbul edildi. Bütün bu sadalananlar ümumilikdə ölkəmizdə əhalinin sağlamlığının qorunmasında inqilabi sıçrayışı, o cümlədən də onkoloji xidmətin inkişafını təmin etdi.

2006-cı ildə Milli Məclisin qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Onkoloji yardım haqqında” Qanun, onun icrası ilə əlaqədar “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” və sonradan qəbul olunan yeni dövlət proqramları, onkoloji xidmətin maddi-texniki bazasının gücləndirilməsi, Milli Onkologiya Mərkəzin cərrahiyyə, uşaq onkologiyası, yeni müalicə korpuslarının, Nüvə Təbabəti Mərkəzinin, müasir səviyyəli laboratoriyalarının açılması, tibb ocağının ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunması və sair məhz dövlət başçısının bu sahəyə diqqət və qayğısının təzahürüdür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın  ölkə səhiyyəsinə, o cümlədən onkologiya sahəsinə daim diqqət yetirməsi, onkoloji xəstələri, xüsusən də şiş xəstəliklərindən əziyyət çəkən uşaqları qayğı ilə əhatə etməsi, onun təşəbbüsü və himayəsi ilə Milli Onkologiya Mərkəzinin nəzdində yaradılan Uşaq Onkoloji Klinikasının regionda  ilk belə ixtisaslaşdırılmış tibb müəssisəsinə çevrilməsi ilə nəticələndi.

Bu taley yüklü, ölkə və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində   30 ildən artıqdır Milli Onkologiya Mərkəzinə , Onkologiya sahəsinə Səhiyyə Nazirliyinin Baş onkoloqu kimi rəhbərlik edən akademik Cəmil Əliyevin xüsusi xidmətləri vardır. Milli Onkologiya Mərkəzində bu elm və səhiyyə müəssisəsinin ənənələrini yaşadan layiqli gənc nəslin formalaşmasına nəzarət edən akademik Cəmil Əliyevin rəhbərliyi ilə  eyni  zamanda Mərkəzdə onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir. Onkoloji xidmətin effektivliyinin artırılıması istiqamətində mühüm layihələr gerçəkləşir.  Ölüm hökmü kimi qəbul edilən xəstəliyə münasibət başqa biçimdə təqdim edilir. Onkoloji diaqnoz artıq ölüm hökmü kimi qəbul olunmur. Ölkəmizdə şiş xəstəliklərinin müalicəsi və diaqnozu insanlarda inam hissi yaradır. 80 illik ənənəsi olan quruma güvəni artırır.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Ən son

GÜNDƏM

Bakının mərkəzində, paytaxt sakinlərinin və turistlərin ən çox istifadə etdiyi ərazilərdən birində yaranmış texniki nasazlıq

GÜNDƏM

Bakının mərkəzində, paytaxt sakinlərinin və turistlərin ən çox istifadə etdiyi ərazilərdən birində yaranmış texniki nasazlıq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin