Bu gün Azərbaycanda Novruzun dörd əsas çərşənbəsindən sonuncusu – İlaxır çərşənbə, başqa sözlə Torpaq çərşənbəsi qeyd olunur. Bu çərşənbə xalq arasında ən əziz və xüsusi günlərdən biri hesab olunur, çünki artıq yazın gəlişini müjdələyən Novruz bayramına sayılı günlər qalır.
İlaxır çərşənbə qədimdən bəri xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur. Min illərdir Azərbaycan xalqı yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. Bu çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir və inanclara görə, həmin gün yer oyanır, torpaq nəfəs alır. Torpağın oyanması həyatın yenilənməsinin rəmzi sayılır.
Torpaq çərşənbəsi həm də təbiətin canlanmasının xəbərçisidir. Bu dövrdə havalar mülayimləşir, çayların suyu artır, suların donu açılır, torpaq isə əkin üçün hazır vəziyyətə gəlir. İnsanlar torpağın oyanmasını sevinclə qarşılayır və bu təbiət hadisəsini müxtəlif mərasim və adətlərlə qeyd edirlər.
İlaxır çərşənbə günü həyətlərdə tonqallar qalanır. Axşam saatlarında insanlar tonqalın üzərindən tullanaraq “Ağırlığım odda yansın” deyirlər. İnanca görə, insanlar ötən ilin ağrı-acısını tonqalın alovunda yandıraraq yeni ilə sağlam və xoşbəxt qədəm qoyurlar.
Bu günün ən maraqlı adətlərindən biri də papaqatdıdır. Uşaqlar və gənclər qonşuların qapısına papaq atır, ev sahibləri isə papağın içinə bayram şirniyyatları və müxtəlif nemətlər qoyurlar. Bundan başqa, insanlar niyyət tutaraq qulaq falına çıxır və eşitdikləri sözlərə əsasən yeni ilin necə keçəcəyini yozurlar.
İlaxır çərşənbə həm də barışıq və birlik günüdür. Bu gün küsülülərin barışması, qohum və qonşuların bir-birini ziyarət etməsi, bayramlaşması ənənə sayılır. Evdə xonçalar bəzədilir, şamlar yandırılır, bayram süfrələri açılır.
Ev-eşik təmizliyi də İlaxır çərşənbənin mühüm adətlərindən biridir. Bəzi bölgələrdə buna “evatdı” deyilir. Bu ənənə sadəcə gündəlik təmizlik deyil, həm də yeni ilə paklıq və səliqə ilə qədəm qoymağın rəmzi hesab olunur.
Bu gün yumurta boyamaq da geniş yayılmış adətlərdəndir. Rəngbərəng boyanan yumurtalar fəsillərin rəmzi kimi qəbul edilir: ağ rəng qışı, sarı payızı, qırmızı yayı, yaşıl isə yazı simvolizə edir.
İnanclara görə, ilin axır çərşənbə gecəsini hər kəs öz evində keçirməlidir. Deyilənə görə, bu gecəni evindən kənarda keçirən insan növbəti yeddi il Novruzu başqa yerdə qarşılaya bilər.
İlaxır çərşənbə Azərbaycan xalqının qədim inanclarını, təbiətə bağlılığını və birlik ruhunu özündə yaşadan ən gözəl bayram ənənələrindən biridir.
İlaxır çərşənbəniz mübarək!