Uzun illər itmiş hesab olunan qədim əlyazma vərəqlərindən biri fransalı tədqiqatçı Viktor Gisember tərəfindən aşkar edilib.
Bakı-baku.az xəbər verir ki, tapılan vərəq məşhur “Arximed palimpsesti”nin 123-cü səhifəsidir. Bu əlyazma orta əsrlərdən bu günə qədər gəlib çatan ən qiymətli elmi mətnlərdən biri sayılır.
“Arximed palimpsesti” təxminən X əsrdə, 950-ci illər ətrafında Bizansda naməlum bir katib tərəfindən hazırlanmış perqament kodeksidir. Əlyazmada qədim yunan alimi Archimedes-in müxtəlif əsərlərinin köçürülmüş mətnləri yer alır. Buraya başqa mənbələrdə qorunmayan bəzi yazılar da daxildir.
Kodeksin əsas hissəsi hazırda ABŞ-də yerləşən Walters Art Museum-də saxlanılır. Lakin tarix boyu əlyazmanın üç vərəqinin itdiyi hesab olunurdu.
Tədqiqatçı tərəfindən tapılan səhifə ilk baxışdan orta əsrlərə aid dua kitabının bir hissəsini xatırladır. Bunun səbəbi həmin dövrdə katiblərin köhnə mətnləri qismən silərək perqamenti yenidən istifadə etməsi ilə bağlıdır. Onlar köhnə yazının üzərinə xristian duaları və digər dini mətnlər yazırdılar. Belə yenidən yazılmış əlyazmalar palimpsest adlanır.
Alimlər qeyd edirlər ki, yeni tapılan səhifə qədim riyaziyyat və elmin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, əlyazma vərəqinin Fransadakı muzey kolleksiyasına necə düşdüyü hələlik məlum deyil və araşdırmalar davam etdirilir.