8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız qadınların cəmiyyətdəki rolunu qeyd etmək deyil, həm də Vətən uğrunda fədakarlıq göstərmiş qəhrəman qadınlarımızı xatırlamaq üçün xüsusi bir gündür. Azərbaycan tarixində öz igidliyi, cəsarəti və vətənpərvərliyi ilə seçilən qadınlar az olmayıb. Onların arasında həm döyüş meydanında, həm də cəbhə xəttində həyatını riskə atan xanımlar var. Bu qəhrəmanlardan üçü – Salatın Əsgərova, Gültəkin Əsgərova və Arəstə Baxışova Azərbaycan qadınının gücünü, mərdliyini və Vətən sevgisini simvolizə edən parlaq nümunələrdir.

Salatın Əsgərova – həqiqətin cəbhə müxbiri
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb və geofizika üzrə mühəndis ixtisası qazanıb.
Lakin onun həyat yolu jurnalistikaya bağlı oldu. Salatın Əsgərova əvvəlcə “Bakı” qəzetində, daha sonra isə “Molodyoj Azerbaydjana” qəzetində çalışaraq Qarabağ hadisələri, Azərbaycan torpaqlarının bütövlüyü və cəbhə bölgəsində baş verən hadisələr haqqında cəsarətli yazılar hazırlayırdı. O, tez-tez döyüş bölgələrinə gedir, qaynar nöqtələrdən reportajlar hazırlayırdı.
1991-ci il yanvarın 9-da o, Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı dəstələrinin pusqusuna düşən avtomobilə edilən hücum nəticəsində həlak oldu. Salatın Əsgərova Azərbaycanın Birinci Qarabağ müharibəsində həyatını itirən ilk qadın jurnalist kimi tarixə düşdü.
O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gültəkin Əsgərova – cəbhədə həyat qurtaran həkim
Gültəkin Məlik qızı Əsgərova 20 noyabr 1960-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həkim kimi fəaliyyətə başlayıb.
Birinci Qarabağ müharibəsi başlayanda o, öz körpə qızını anasına əmanət edərək könüllü şəkildə cəbhəyə yollanıb. 1992-ci ildən etibarən Turşsu və Şuşa xəstəxanalarında, eləcə də Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi xidmət göstərib. O, yaralı əsgərlərin həyatını xilas etmək üçün döyüş bölgəsində yorulmadan çalışırdı.
Şuşanın işğalından sonra o, Laçın və Qubadlı istiqamətlərində də fəaliyyətini davam etdirib. 1992-ci ildə Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlər zamanı yaralılara yardım göstərərkən qəhrəmancasına həlak olub.
Gültəkin Əsgərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onun xatirəsi bu gün də məktəblərdə, tibb müəssisələrində və müxtəlif abidələrdə yaşadılır.

Arəstə Baxışova – Vətən müharibəsinin yeganə şəhid xanımı
Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb.
Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında çalışıb. 2019-cu ildən isə Beyləqan rayonunda yerləşən hərbi hissədə operator kimi xidmət edirdi.
2020-ci ildə Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edərək vəzifə borcunu şərəflə yerinə yetirdi. O, 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində şəhid oldu və İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi kimi tarixə düşdü.
Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarı ilə ona dünyaca məşhur “Florens Naytingel” medalı verilib.
Qəhrəman qadınlarımızın əbədi izi
Salatın Əsgərova, Gültəkin Əsgərova və Arəstə Baxışova müxtəlif dövrlərdə yaşamalarına baxmayaraq, onları birləşdirən ən böyük dəyər Vətən sevgisi idi. Onlardan biri həqiqəti yazaraq, biri yaralı əsgərlərə həyat bəxş edərək, digəri isə hərbi xidmətini şərəflə yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçdi.
8 Mart günü bu qəhrəman qadınları xatırlamaq Azərbaycan qadınının yalnız ailənin dayağı deyil, həm də Vətənin müdafiəçisi olduğunu bir daha göstərir. Onların igidliyi və fədakarlığı Azərbaycan tarixində əbədi yaşayacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalacaq.
Xanım Aydın