Könül istər ki, bu gün Yunan-Roma mədəniyyəti incilərini xatırladan abidələri, məzardaşlarını, kimliyimizi özündə əks etdirən milli ornamentlərlə oyulan başdaşılar, sənudəqələr əvəz etsin
Min illər boyu ulularımız daşı, tuncu yondular, abidələr qoydular. Məzardaşlarını, sənduqələri yaddaş yerinə çevirdilər. Müqəddəs dağ, daş ruhuna tapınan, sərt-sıldırım qayaları dünyanın ilk tədris mərkəzinə, rəsm qalereyasına çevirən əcdadlarımızın əski inancından, mifik yaddaşından, mifoloji dünyagörüşündən bir parça idi. Orxon-Yenisey abidələrindən, Qobustanın qayaüstü təsvirlərindən, Gəmiqayadan, Ərkənəqondan gələn, mağaralarda, kurqanlarda, kahalarda ilk insan məskənlərini salan əski türklər həm də daşa, yaddaşa dönən qoç heykəlli qəbirüstü abidələri, sənduqələri, başdaşıları ilə tarixə şahidlik etdilər.
Qarapapaq türklərinin, tərəkəmələrin min illərin yaddaş saxlancına çevrilən məzarlıqlarında ziyarətdə bulunanda, çopur daşlarda, mamır basmış abidələrdə ruhunun, genetik kodunun nəğməsini dinləyir, laylasını çalırsan. Adını qaragül quzusunun dərisindən, qara börkündən, qara rəngli papaqlardan alan Qarapapaqların məzardaşları Orxon-Yenisey abidələri kimi Göytürk xaqanlığından tutmuş, Hun İmperatorluğu zamanına qədər dərin yaddaşımıza şahidlik edir. Ayrı-ayrı türk yörələrində olan yaddaşımıza sahiblik, şahidlik edən məzardaşlarını, qəbirüstü abidələri xatırladır.

Onun oxşarlarını Türküstanda, Göytürk və Hun dövlətçilik ruhunu və ənənələrini əks etdirən yörələrdə görə bilərsən
Sərt-sıldırım qayalardan yonulan bu daşlar sanki insanın varlığı, cismani dünyası köçürülüb. Türküstan türklərinin, Altaylardan Anadoluya, İraq-Türkmən ellərinə, Qafqazlara Böyük Köçün mədəniyyətini daşıyan qövmümüzün ruhunun aynası olan bu daşlarda onun dili ilə danışan azman türklərin dünyası ilə baş-başa qalırıq. Kişi məzardaşlarını papaq, başlıq, börklə bəzəyən Qarapapaqlar milli geyimlərini daşdan cücərtməklə kifayətlənməyiblər, onu kəmər, kaman, ox, tüfəng, nizə kimi qüdrətin, əzəmətin simgəsi, bəlgəsi olan gözəlliklərlə süsləyiblər. Bu süslərin içərisində papağın yerini ayrıca, uca biliblər. Qəbirdaşlarını ilk ziyarətə gələn kəsə məzarda yatan insanın kimliyi haqqında məlumat verir. Qadına arxası, dayağı, başının tacı, üzünün zümrüd qaşı, çadırının nur bəlgəsi, könlünün sultanı kimi baxan Qarapapaqlar sevdiklərini haqqa ismarıc edəndə onu daşa-yaddaşa çevirib şərəfinə abidələr ucaldıblar. Qəbiristanlığa qədəm qoyan istənilən kəs başdaşında sərv ağacı kimi yonulan, başında tac olan, sinəsində muncuq və çiçək təsvir edilən bir məzar gördüyü zaman düşünür: bu bir Qarapapaq qadın məzarıdır. Onun oxşarlarını Türküstanda, Göytürk və Hun dövlətçilik ruhunu və ənənələrini əks etdirən yörələrdə, İraq-Türkmən illərində, Anadoluda, Sulduzda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Dərbənddə, Borçalı və Qazax yörələrində, Çıldırda, Ərdahanda görə bilərsən.
Könül istər ki, bu gün Yunan-Roma mədəniyyəti incilərini xatırladan abidələri, ərəb, kiril qrafikaları ilə süslənən mərmərdən, tuncdan yonulan məzardaşlarını, əski çağ mədəniyyətini, milli kimliyimizi özündə əks etdirən başdaşılar əvəz etsin. Başdaşlarımızı papaqlar, yörük mədəniyyətinin daşıyıcısı olan börklər, sinə daşlarımızı sərvlər, süsən sünbüllər, taclar, muncuqlar, oxlar, nizələr, yaylar, sadaxlar, qılınc və tüfənglər, kəmərlər süsləsin.
Ruhların bulunduğu, dolandığı yerlərə, məzarlıqlara, qəbiristanlıqlara gələnlər kimliyimizi sorğu-sualsız, dilsiz-ağızsız anlasınlar. Yaddaş yerinə dönən daşlara baxıb kimliyimizi dərk etsinlər. Qüdrətimizin, əzəmətimizin önündə lal sükuta dalsınlar.

Qəmli bayatıların, havaların diyarı…
Bir Qarapapaq türkü kimi ağlım kəsəndən, özümü dərk edəndən qəmli bayatılar, havalar eşitmişəm.
Arazı ayırdılar,
Qan ilə doyurdular;
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.
Qars ayaz,
Bura qışdı, Qars ayaz,
Qələm, qurbanın olum,
Qismətimi Qarsa yaz.
Mərəndə gəl,
Xar gülün dərəndə gəl,
Sağlığımda gəlmədin,
Barı can verəndə gəl.
O yana döndər məni,
Bu yana döndər məni,
Ürəyim yaralıdır,
Təbrizə göndər məni.
Əzizim, Yaradan var,
Yeri, göyü yaradan var,
Əzrail məndən uzaq dur,
Mən də hər yaradan var.

Aman Tanrım, nə qəmli yurdum varmış!
Borçalının saz havalarının çoxu da qəmlidir. “Zarıncı”, “Cəlili”, “Yanıq Kərəmi” çalınanda elə bil göydə buludlar ətəyini sıxıb yanağından süzülür, canını üzür.
“Qoca qartal, nə gəzirsən, dağlar qoynunda, qoynunda! Bala gördüm anasının ağlar qoynunda, qoynunda…” Aman, tanrım, nə qəmli yurdum varmış!
Uşaq vaxtı elə bilirdim ki, adamlar Ziyad xanın oğlunun, Kərəm kimi külə dönən Mahmudun dərdinə ağlayır. Sən dəmə, hər kəs ilk məhəbbətin, həsrətin oduna yanıb külə dönmüş könlünün ahını, yurd həsrətini, qəriblikdən Vətənə sarı boylanan doğmalarının nisgilini Kərəmin eşqinə, “Yanıq Kərəmi”yə qatırmış.
Daha dəhşətlisini Mövlana Məhəmməd Fizulinin “Tale zəbun, düşmən qəvi” beytinin son misrasını dərk edəndə anladım. “Bala gördüm anasının ağlar qoynunda, qoynunda”, – deyən Qarapapaqlar, Nadir şah Əfşardan, Çar Rusiyasının gəlişindən sonra Vətənin qıraqda qalan yerinə dönən Borçalının ağrısını çəkirmiş.
Qoca qartalın – Qarapapaqların ağır dərdi, möhnəti varmış. Bir ucu Başkeçiddə, Qaraçöpdə, Qarayazıda, Qarayazı meşələrində, Babakərdə, Ağ Qalada, Quşcu Qalasında, Ağrı dağında, Tanrı dağında, Savalanın ətəyində, Ərkdə, Əlincədə, bir ucu da Altaylarda, Anadoluda, Türküstanda, İrəvanda, Dəmirqapı–Dərbənddə, Narınqalada, Şura hökuməti gəldikdən sonra əlindən güclə alınan Loru-Pənbək mahalında, Zəngəzurdaymış. Çəkənə ağır dərddir.

Hər dərdə dözmək olur, Vətən nisgilindən, Vətənin istiqlalından, istiqbalından savayı. XXI əsr Türkün, Turanın əsridir, deyirdilər. Bir də deyirdilər ki, bizi bölənlər, sinəmizə “Gülüstan”, “Türkmənçay” dağı çəkənlər, viran olacaq, sonra da, Turan olacaq. Deyilənlər gəldi başa: “Qars bəyannaməsi”ndən, “Şuşa bəyannaməsi”nə yol gələn Odlar Yurdu Azərbaycan Xudafərin körpüsündə bayrağa döndü. Böyük İpək Yolunun bir parçası Zəngəzur dəhlizindən, Doğudan Batıya yollar göründü. Qərbi Zəngəzura, İrəvana, paralanmış Azərbaycana, Təbrizə, Dərbəndə, Borçalıya da yollar görünür…
Qarapapaqlar minillər öncə qopduqları əski yaşayış məskənlərinə at üstündə gəldilər. Atların kişnərtisində, dırnağının izində, qılıncların ucunda qüdrətli dövlətlər qurdular. Batı-Trakya Türk Cümhuriyyəti, Krım Xalq Cümhuriyyəti, Dağlılar Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti, Araz-Türk Cümhuriyyəti, Türkiyə Cümhuriyyəti kimi milli dövlətçilik tariximizin salnaməsi olan Borçalı Qarapapaq Türk Cümhuriyyəti adında abidələr ucaltdılar.
Krım Xalq Cümhuriyyətinin lideri Noman Çələbi Cihan xanın dili ilə “Biz buradaydıq! Buradayıq! Burada olacayıq!” dedilər. Dedilər, dediklərini də etdilər. “Türklər ölər, hicrət etməz”, deyib doğulduqları torpaqları, Göytürklərin, Hunların nuruna bürünən müqəddəs yerləri qibləyə çevirdilər. Məzarları, məzardaşları, qəbirüstü abidələri, sənduqələri ilə daşa, yaddaşa döndülər.
Orada, Tiflisin ətəyində, Anadolu sınırında, Sınıqkörpünün, Anaxatır çayının yaxasında, Babakər dağınının, Quşçu Qalasının, Ağ Qalanın qoynunda bir diyar var – Borçalı. Tarixdə adı Börüçala – Qurdlar Vadisi kimi çəkilir.
Türkü Ərkənəqondan çıxaran Tanrı, Boz börünün, Göy börünün, Qara börünün, Qarapapaqların, tərəkəmələrin, bu torpaqların – tarixi sakinlərinin, sahiblərinin yurdunu dardan, intizardan qurtarsın. İstəsə bir anın içərisində qurtarar. Qarabağda, Şərqi Zəngəzurda, 44 günlük Vətən Müharibəsində, haqq savaşında olduğu kimi.
Şərəf Cəlilli