Biz 32 il Xocalının qisasını qiyamətə qoymayan “Komutan, nə mutlu komutan” dedik, gözlədik! Bu dastan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adına yazıldı.
Xerosimo, Nokasaki, Ruanda, Konqo, Xatın və Holokos faciələrindən sonra Xocalı soyqırımı dünya tarixində törədilən dəhşətli cinayətlərdən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Xocalı şəhərinə hücum edərək, dinc əhalini misli görünməmiş vəhşiliklə qətlə yetirdi.
Bu dəhşətli gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan amansızcasına öldürüldü. 1275 nəfər girov götürüldü, daha dəhşətlisi, kədərlisi ilə odur ki, üstündən 34 il ötməsinə baxmayaraq, 150 nəfərin taleyi hələ də naməlum olaraq qalır. Bu dəhşətli faciədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilənlərdən 56 nəfər diri-diri yandırıldı. Baş dərisi soyuldu, boynu vuruldu, gözləri çıxarıldı, hamilə qadınlara belə aman verilmədi. Bütün tarixçilər bu faktlara istinad edərək belə qənaətə gəliblər: “Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biridir”.

Moskvanın, Qorbaçov rejiminin dəstəyinə arxalanan erməni separatçıları bütün gücünü Xocalının işğalına istiqamətləndirdi
Bu görülməmiş dəhşəti – soyqırımı həyata keçirmək üçün erməni siyasətçiləri öncədən rus hərbçiləri ilə əlbir olaraq 1990-1992-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin silah anbarına bir neçə dəfə hücum edərək xeyli sayda silah-sursat ələ keçirdilər ki, bunun da nəticəsində Xocalını yer üzündən silməyə nail oldular. Erməni daşnakları 1991-ci ilin axırlarında Ermənistan və Rusiya Federasiyası arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”sini imzalamaqla isə həm də siyasi, hərbi dəstək əldə etdilər. Ermənilərin silahlandırılması Dağlıq Qarabağda qüvvələr nisbətini kəskin şəkildə dəyişdirdi və erməni-rus hərbçilərinin gücünü xeyli dərəcədə artırdı. Moskvanın, Mixail Qorbaçov rejiminin dəstəyinə arxalanan erməni separatçıları bütün gücünü strateji əhəmiyyətə malik olan Xocalının işğalına istiqamətləndirdi. 1991-ci ilin əvvəllərində Azərbaycanın ayrı-ayrı bölgələrində özünümüdafiə taborlarının yaranmasına baxmayaraq, onların döyüş təcrübəsinin, orduda vahid komandanlığın olmaması səbəbindən bir-birinin ardınca kənd, şəhər və strateji məntəqələrimiz ermənilər tərəfindən işğal olundu. Onu da qeyd edək ki, erməni hərbçiləri Xocalıya hücuma hazırlaşarkən öz qüvvələrindən başqa beynəlxalq aləmdə tanınan terrorçu dəstələrindən də yararlandılar. Fransada, Suriyada, Livanda və digər yerlərdə fəaliyyət göstərən terrorçu daşnak qüvvələrindən, muzdlu qatillərdən istifadə edərək cinayət törətdilər.

Soydaşlarımız öz doğma Vətənində məcburi köçkünə, qaçqına çevrildi
Son 200 yüz ildə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldı. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salındı, kütləvi qətl və qırğınlara düçar oldular.
Dünyada məşhur olan erməni lobbisindən, Daşnaksütun qüvvələrindən dəstək alan ermənilər təməlini qoyduqları qanlı münaqişə və terror aktları sayəsində Qərbi Azərbaycanı, Dağlıq Qarabağı, Şərqi Zəngəzuru ələ keçirdilər. Milyon yarımdan artıq soydaşımız öz doğma Vətənində məcburi köçkünə, qaçqına çevrildi.

İlham Əliyev: “Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik”
“Qarabağ Azərbaycandır!” nidası ilə 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir Yumruğu”, Qüdrətli Azərbaycan ordusunun iradəsi ilə qəvi düşmənə tarixi dərs verildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında “Kapitulyasiya Aktı” ilə nəticələndi.
Vətən Müharibəsinin ağır günlərində bütün kütləvi informasiyalara verdiyi müsahibələrdə, xalqa dəfələrlə etdiyi müraciətlərində Azərbaycan Respublikasının Prezidenti bildirirdi: “Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Sərkərdə-xaqan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü “Güclü ordu – güclü dövlət” strategiyasının və “Dəmir Yumruq” siyasətinin doğru olduğunu, cəsarət və ləyaqət hissindən yoğrulduğunu qısa zaman kəsiyində sübuta yetirdi.

Xocalıda baş verən hadisələr müharibənin qanunlarından kənar baş verən dəhşətlər idi
30 illik işğaldan, intizardan sonra tarixi ədalət bərpa edildi. Işğal altında qalan Vətən torpaqları azadlığa qovuşdu. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Nadir Şah Əfşardan 300 il, “Gülüstan və Türkmənçay” dəhşətlərindən sonra Noyabrın 8-də Şuşa Qalasına sancılan bayraqla düşmənə gözdağı verildi.
Müharibə itkilər, qurbanlar tələb edir. Bu ənənəvi, məcazi mənada deyil, müharibə qanunlarına uyğun gələn ifadə tərzidir. Xocalıda baş verən hadisələr müharibənin qanunlarından kənar baş verən dəhşətlər idi. Xocalı soyqırımının qurbanları yalnız hərbçilər deyil, dinc sakinlər – ahıllar, qadınlar, uşaqlar, döyüş meydanından qaçmağa gücü çatmayan əliyalın soydaşlarımız, günahsız insanlarımız idi.
Siyasi Hakimiyyətinin ikinci mərhələsində tarixi ədaləti bərpa edən Soyqırım və deportasiya siyasətinə etirazını bildirən Ulu Öndər Heydər Əliyevin göstərişi , Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral tarixi “Xocalı soyqırımı və Milli Matəm Günü” elan olundu. 1997-ci il fevralın 25-dən yenə də Ulu Öndərin sərəncamına əsasən hər il fevralın 26-da saat 17.00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi təsdiq edildi.

“Xocalıya ədalət!” kompaniyası beynəlxalq səviyyədə böyük dəstək qazandı
Azərbaycan dövləti Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınması üçün sistemli, strateji siyasət yürüdərək, bir çox ölkələrin parlament aktlarında Xocalı soyqırımının rəsmi şəkildə tanınmasına nail oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın yürütdüyü mükəmməl, zərif xarici siyasət, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyətə başlayan “Xocalıya ədalət!” kompaniyası beynəlxalq səviyyədə böyük dəstək qazandı, yüz minlərlə insan və 115 təşkilat kampaniyaya qoşularaq onun tərəfdaşına çevrildi. Bu təşəbbüs, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına, hadisəyə beynəlxalq hüquq çərçivəsində siyasi və hüquqi qiymət verilməsinə, Ermənistan hökumətinin rəsmi üzr istəməsinə, vurulmuş zərərin ödənilməsinə və cinayətkarların məsuliyyətə cəlb olunmasına xidmət edən amil kimi yaddaşlara yazıldı. “ Xocalıya ədalət!” (Justice for Khojaly) informasiya portalı bu istiqamətdə xüsusi rol oynamaqla kifayətlənmədi. Faktları, şahid ifadələrini və sənədləri müxtəlif dillərdə beynəlxalq auditoriyaya çatdırmaqla Xocalının haqq səsinə döndü.

Əlif Hacıyev: “Ölmərəm, Azərbaycan bayrağını Xocalı aeroportundan assam!”
2020-ci ildə Vətən müharibəsi ilə Azərbaycan torpaqları işğaldan azad edildi. 2023-cü ildə Xocalı şəhəri erməni daşnaklarından təmizləndi. Bu yalnız hərbi Zəfər deyil, illərlə gözlənilən ədalətin bərpası, şəhid ruhların qarşında verilən hesabat idi. Bakıda Xətai rayonunda ucaldılan “Ana Harayı” abidəsi, bu gün Xocalıda açılan Xocalı Memorial Kompleksi isə dövlətin yaşanan kədərə sayğısının, Azərbaycan xalqının sınmayan iradəsinin, gücünün, qüdrətinin simgəsi, bəlgəsidir.
Xocalının Milli Qəhrəmanı Əlif Hacıyevin tarixi bir kəlamı vardı: “Ölmərəm, Azərbaycan bayrağını Xocalı aeroportundan assam!” 30 illik işğaldan intizardan sonra Xocalıya yeni həyat, yeni nəfəs gəlib. Azərbaycanın hillalı, ulduzlu, üçrəngli bayrağı bir daha enməmək adı ilə təkcə Xocalı aeroportundan deyil, Gədəbəy-Xocalı mədəniyyətinin beşiyi olan Xocalının hər bir guşəsindən asılıb. “Biz türklərik, bir ölər, min dirilərik!” nidası ilə göy üzünə sərilib. “Torpağı su ilə qarışıdırarsan çamur, Şəhid qanı ilə yoğurarsan Vətən olar!”

Xocalı bizim sıxanda qan daman, hər qarışında mələklər ötən, müqəddəs ruhlar dolanan Şəhid şəhərimizdir. Şəhidlərin məqamı, mələklər, peyğəmbərlər, alim və üləmalar kimi üst qatda-Tanrı dərgahındadır. “Şəhidlər ölməz, Vətən bölünməz!” kəlamı elə-belə deməyib. Xocalı bizim təkcə Şəhid şəhərimiz deyil, dərdi qədər böyük yerimizdir! Peyğəmbər Əleyhissalamın hədislərinə söykənən Şeyx Ədəbalı müridi Osman Qaziyə üz tutaraq söyləmişdi: “İstanbulu fəth edən komutan, nə mutlu komutan!” İstanbulun fətih dastanı Fateh Mehmetin adına yazıldı. Biz 32 il Xocalının qisasını qiyamətə qoymayan “Komutan, nə mutlu komutan” dedik. Gözlədik! Bu dastan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adına yazıldı. 32 il sonra biz yenə köçürük. Xocalıdan köçmürük, Xocalıya köçürük. Ağasu Hunun, Seyidağa Mövsümovun, Ədil Şahmuradovun, Milli Qəhrəman Çingiz Mustafayevin kamerasının, Reza Deqatinin fotoaparatının gözündə ilişib qalan, o dəhşətli gecədə yağıların əlində girov qalan xocalıların xilaskarına çevrilən Milli Qəhrəman Allahverdi Bağırovun hüzura qovuşan ruhunun dolandığı Xocalıya! Şükür Yaradana, şükür Yaşadana!
Şərəf Cəlilli