Bakını bir kəlmə ilə…
Doğmam.
Bakı nə rəngdədir?
Baxdığım vaxtdan, gördüyüm tərəfdən, içimdəki fəsildən asılı olaraq, bəzən ağ, bəzən qara, bəzən boz, bəzənsə rəngarəng. Bütün halı-əhvalı, havası, görüntüsü ilə Bakı mənimdir – uşaqlığım, gəncliyim, cavanlığım, qocalığım, çılğınlığım, müdrikliyimdir bu şəhər.
Bakıda sevimli məkan?
Doğulduğum, böyüdüyüm, təhsil aldığım, işlədiyim, dost qazandığım, sevib-sevildiyim, uğurlara imza atdığım məkanların hamısı sevimlidir. Ən sevimliləri isə içində yaşadığım evim və içimdə yaşatdığım yuvam.
Bakı haqqında hansı mahnı?
Aygün Səmədzadənin Kəmalə Abiyevanın sözlərinə bəstələdiyi və Eyyub Yaqubovun ifa etdiyi “Bakı haqqında nağıl”.
Bakının aynası necə görünür?
Bəzən dumanlı, bəzən işıqlı, bəzən ləkəli, bəzənsə tərtəmiz.
Bakıya sualınız?
Adam çox vaxt cavabsız suallarla yaşayır. Nə yerin altı, nə də göyün üstü bizə cavab vermir onsuz da. Yəqin ki, bu da o suallardan biri olar – Salam, Bakı, necəsən? – İçimdən özümün cavabım gələr – Gördüyün kimi…
Bakıya arzunuz?
Arzum budur ki, onu zədələməsinlər, keçmişini, bu gününü, sabahını qorusunlar. Abadlıq işləri davam etsin, gündən günə gözəlləşsin. Bakıda yaşayanlar Bakını da yaşatsınlar.
Xanım Aydın