Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/23/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Qaraqoyunlu sarayının incisi, Cahan şahın Həqiqinin sevimlisi

Milli dövlətçilik, milli-mənəvi dəyərlər və ədəbiyyat tariximizdə qılıncla qələmin vəhdətində quran bir neçə qüdrətli sima vardır. Qazi Bürhanəddin, Cahan şah Hǝqiqi, Şah İsmayıl Xətai məhz belə qüdrətli simalardan, sərkərdə-xaqanlardandır. Bu böyük söz xiridarları vaxtın, zamanın fövqündə dayanaraq dövləti işləri ilə yanaşı, ədəbi-mədəni proseslərə, ictimai-siyasi və fəlsəfi baxışlar sisteminə də təsir etmişlər. Dövlətin, cəmiyyətin nicatını elmi-irfabda mərifətdə görən bu dahilər cahil insandan kamil insana körpü olmaqla yanaşı, həm də haqq aşiqindən həqiqət elçisinə çevrilmişlər.

Atası Qara Yusifin 1410-cu ildə təməlini qoyduğu Qaraqoyunlu dövlətinin başına keçməmişdən öncə Şərqdə, türk dünyasında sufi fəlsəfi görüşləri ilə tanınan, Nəiminin və Nəsiminin təsiri ilə şeirlər yazan, sənət gülzarına təravətli çiçəklər və zərif incilər bəxş edən Cahan şah Həqiqi hürufi biçimində qələmə aldığı şeirlərində insanı Allaha bərabər tutmasa da, Allahı onda, onun varlığında görürdü:

Təcəlla qıldı camalında vahidi surət. 

Bu mənadan sənə məzhəri Allah dedim…

Cahan şah Həqiqinin əsərləri xanəndələr tərəfindən ifa olunardı

Türkcə və farsca lirik şeirlər yazan, “həqiqət” sevən, yeniliyi qəbul edən, iqtisadi, sosial və mədəni islahatları ilə dövlətini tərəqqiyə qovuşduran Cahan şah Həqiqi sənət-söz adamlarını sarayında himayə edər, XIV-XV yüzilliklərdə məşhur olan ziyalılarla, sənətkarlarla dostluqda bulunardı. Şah Qasım Ənvar, Bədr Şirvani, İmadəddin Nəsimi, Əbdül Qadir Marağalı kimi dühalara ehtiram bəsləməsi də onun poeziyaya, musiqiyə xüsusi rəğbəti və ehtiramı ilə bağlı idi.

Sarayında ədəbi məclislər təşkil edən, burada ana dilində və farsca qələmə aldığı şeirləri oxuyan Cahan şah Həqiqinin əsərləri xanəndələr tərəfindən ifa olunardı. Qaraqoyunlu dövlətinin hökmdarı olan Cahan şahın ədəbi əsərlər toplusu “Divan”ı taleyin sərt üzündən öncə əldən-ələ keçərək, İstanbul Saray kitabxanasına, sonra isə Britaniya Muzeyinə –  indi Britaniya Milli kitabxanasına gəlib düşmüşdür. Daha dəhşətlisi, kədərlisi isə odur ki, “Divan”ın ikinci nüsxəsi isə hazırda İrəvanda Maştos adına qədim Əlyazmalar İnstitutunda erməni daşnaklarının nəzarəti altındadır. Analitik təfəkkürü, diplomatik gedişləri, mükəmməl daxili və xarici siyasəti ilə Qaraqoyunlu dövlətinə sabitlik gətirən Cahan şahın uğurlarının əsasında onun məntiqi qərarları, humanist və xeyirxah duyğuları ilə yanaşı, Qaraqoyunlu Qara Yusifin qızı, yəni bacısı Şahsaray dayanırdı.

1447-ci ildə Əmir Teymurun nəvəsi Şahruh xanın ölümündən sonra Qaraqoyunlu dövlətinin Teymurlu xanədanından asılılığını birdəfəlik ləğv edən Cahan şah Şirvanşahlar dövləti ilə münasibətləri normallaşdırmış, bacısı Şahsarayın Şirvan şahlığa isti münasibətinə və Şirvan sufilərinə məhəbbətinə önəm vermişdir.

Cahan şah Əfzələddin Xaqaninin qəzəllərini, qəsidələrini əzbərdən söyləyən, “Mədain xərabələri”ni oxuduqca kövrələn bacısına xüsusi səlahiyyət verərək onu Qara-qoyunlu dövlətinin mənəvi elçisi və himayədarı hesab edirdi.

Cahan şah Həqiqi: “Bu insan əlinin deyil, duyğusunun sehri ola bilər”

Şahsarayın diqqəti və qayğısı sayəsində Cahan şahın zamanında Azərbaycanın bir sıra yörələrində mədrəsələrin təməli qoyulmuşdu. Mədrəsələrdə şəriət dərsləri ilə yanaşı, şərq fəlsəfəsi və klassik şərq ədəbiyyatı da tədris olunmağa başlamışdı.

Qardaşının 32 illik hakimiyyətini müdrikliyi ilə zinətləndirən Şahsaray ədəbi məclislər təşkil edərək şairləri, qiraət ustalarını, xəttatları saraya cəm edərdi.

Qəzəllərin, udun, sazın və kamanın mahir ifaçısı kimi tanınan Şahsaray müqəddəs kitabların üzünü köçürmək, risalələr tərtib etdirmək kimi müqəddəs işləri də həyata keçirmişdir. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Təbrizin abadlaşdırılması, tarixi binaların tikilməsi, yaşıllıqların salınması kimi əhəmiyyətli işləri gerçəkləşdirən Şahsaray təməli Cahan şah tərəfindən qoyulan Göy Məscidin tikintisində xüsusi xidmətlər göstərmiş, batini və zahiri kamilliyi ilə hər kəsi heyrətləndirən Göy Məscidin inşasını Şərqdə məşhur olan Nemətulla Bəvvab oğluna etibar etmişdir.

Çini və rəngarəng mərmərlərdən, firuzəyi boyadan istifadə edən nəqqaş tarixi bir sənət əsərinin, memarlıq incisinin qapılarını Cahan şahın və Şahsarayın üzünə açanda Qaraqoyunlu hökmdarı gözəllikdən vəcdə gələrək söyləmişdi: “Bu insan əlinin deyil, duyğusunun sehri ola bilər”. Sonralar xalq arasında İslam Firuzəsi adı ilə tanınan Təbriz Göy Məscidinin tikintisində Şahsarayla birgə şahın ömür-gün yoldaşı Canbəyim xatun və onun qızı Saliyə bəyimin də iştirak etməsinə baxmayaraq, məscid qardaşının fərmanı ilə ona ithaf olunmuşdur. 

“İlahi bu qadına hər şey vermişdi. Uca boy, su kimi duru baxış, iti ağıl, nəcib qəlb”

Tarixi mənbələr elmin və mədəniyyətinin himayədarına çevrilən Cahan şahı qüdrətli sərkərdə, xaqan və istedadlı şair kimi təsvir etməklə onu həm də sərt siyasi-fəlsəfi görüşlərdən uzaq bir dövlət xadimi kimi təsvir edir. Mənbələrdə lirik şeirlərin və qəzəllərin müəllifi olan Cahan şahın sərtliyini yumşaldan qüvvə kimi məhz Şahsarayın adı çəkilir. Müdrik, məğrur, olduqca gözəl və nəzakətli olan Şahsarayı xalqla şah arasında vasitəçi, körpü hesab edər və “İlahi bu qadına hər şey vermişdi. Uca boy, su kimi duru baxış, iti ağıl, nəcib qəlb”, – deyərdilər.

Ağlı və analitik təfəkkürü ilə Qaraqoyunlu sarayını bəzəyən Şahsaray Təbrizdə geniş yayılmış Əxi fəlsəfi cərəyanın üzvü olmuşdur. İnsanı dostluğa, qardaşlığa, bərabərliyə, mərifətə və ilahi eşqə səsləyən bu fəlsəfi cərəyanın ideyalarını dəstəkləyən Şahsaray sufilərin və hürufilərin də dostu, sirdaşı olmuşdur.

Cahan şahın elçisi, vəziri qismində bölgələrə səfər edər, əhali ilə görüşər, onların qayğıları ilə maraqlanardı

Hakimiyyəti qorumaq üçün çox zaman kütləvi axınların, dini-fəlsəfi cərəyanların əleyhinə çıxan qardaşının qarşısında sədd olan, qətliamların, edamların qabağını alan Şahsaray Qaraqoyunlu dövlətinin tarixinə fikir və söz azadlığının, humanizmin nümunəsi kimi yazılmışdır. Bu səbəbdən də o, yerli feodalların, vergi yığanların özbaşınalığına son qoymaq üçün sarayda tədbirlər tökən Cahan şahın elçisi, vəziri qismində bölgələrə səfər edər, əhali ilə görüşər, onların qayğıları ilə maraqlanardı. Kəndlilərlə yanaşı, şəhərlərdə yaşayan sənət və ticarət adamları ilə də görüşən Şahsaray onlara diqqət yetirərdi. Qaraqoyunlu dövlətində iqtisadi, sosial və mədəni problemləri həll etmək üçün Şadlı, Baharlı, Düharlı, Qaramanlı, Alpavut, Çakərli, Bayramlı, Ayınlı, Hacılı, Dügərli oymaqlarında, Göyçə və Ağbaba-Şörəyel mahalında, Maku nahiyəsində, Gəncəbasarda nümayəndəliklər yaradar, dinləmələr, sorğular aparar, sənətin və mədəniyyətin qorunmasına nəzarət edərdi.

Qaraqoyunlu dövlətini daxili və xarici hücumlardan xilas etmək üçün o, qardaşı ilə çiyin-çiyinə döyüşmüşdür

Eyni boydan, Oğuz xanın soyundan olan iki oğuz dövləti Qaraqoyunlu və Ağqoyunlu arasındakı rəqabətdən hər zaman narahat olan, şair təbiətli qardaşını dostluğa səsləyən Şahsaray Qaraqoyunlu sarayında siyasi müşavirələr təşkil edərdi. Şahsaray hər iki dövlətin dost və qardaşlığını bildiyindən müxtəlif boyların başçılarını qonşu dövlətlərlə normal münasibətə çağırardı. Ədəbi-mədəni tədbirləri, sənət-söz adamları ilə görüşlərdə bir növ siyasi proseslərə təsir edən Şahsaray Qaraqoyunlu dövlətinin nicatını el birliyində görərdi. Bu səbəbdən də o, hər zaman Osmanlı – Şırvan, Qaraqoyunlu və Ağqoyunlu münasibətlərində tarazlığın yaranmasına səy göstərərdi.

1410-cu ildə atası Qara Yusif tərəfindən təməli qoyulan Qaraqoyunlu dövlətini daxili və xarici hücumlardan xilas etmək üçün o, qardaşı Cahan şahın yürütdüyü siyasəti dəstəkləməklə yanaşı, ağır döyüşlərdə onunla çiyin-çiyinə qılınc sıyırıb ox atardı. Şahsaray onlarla eyni soydan olan Bayandur xanın yadigarı Ağqoyunlu Uzun Həsəni və onun anası Sara xatunu döyüşlərdən çəkindirmək məqsədilə danışıqlar aparardı. İki soyun arasındakı münaqişəni yatırmaq, dinc münasibətlər qurmaq üçün Şahsaray bəzən Sara xatundan kömək də istərdi.

Qeyd edək ki, 1468-ci ilə qədər davam edən bu danışıqlar uğursuzluqla nəticələnmiş, Ağqoyunlu Uzun Həsənin altı minlik seçmə ordusu artıq qocalığı boynuna alan Qaraqoyunlu hökmdarı Cahan şahı yenmişdi. Onun ölümü ilə bitən bu döyüş Təbrizin fəthi ilə nəticələnmişdi. Yeni bir Azərbaycan dövlətinin meydana gəlməsi ilə Qaraqoyunlu dövlətinə son qoyulmuşdu. Kədər hiss ilə onu da qeyd edək ki, Milli dövlətçilik tariximizin acı səhifələrindən biri də belə yazılmışdı.

Sonralar Uzun Həsənin, Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin zamanında dirçələn Təbriz səlib yürüşlərinin, rus və fars imperiyalarının dəhşətlərini də görmüşdü. 

Bu hadisədən beş yüz il ötəndən sonra isə Qara Yusifin təməlini qoyduğu Qaraqoyunlu dövlətinin sonuncu köçü Ağrı dağının, Göyçə gölünün ətəyindən axırıncı dəfə qopmuşdur. 1988-ci ildə erməni daşnaklarının fitnəsi ilə tarixə Qara Yusif, Qara İsgəndər, Cahan şah Həqiqi, Əleykə Könüldaş, Şahsaray, Miskin Abdal, Abbasqulu bəy Şadlinski, Aşıq Alı, Dədə Ələsgər kimi qüdrətli simalar, sərkərdələr, el sənətkarları bəxş edən Göyçə, Zəngəzur, İrəvan, Dərəçiçək, Dərələyəz, Vedibasar, Ağbaba-Şörəyel mahalları son dəfə ən böyük faciəsini yaşadı. Ermənistanın işğalçılıq siyasəti Dağlıq Qarabağ münaqişəsi zamanı Qara Yusifin, Qara İsgəndərin, Cahan şah Həqiqinin, Əleykə Könüldaşın, Şahsarayın soyundan olan onlarla qəhrəman, məğrur, igid Qaraqoyunlu oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidliyi qəbul etmişdir!

Qaraqoyunlu hökmdarları Qara Yusifin, Cahan şah Həqiqinin, Ağqoyunlu hökmdarı Uzun Həsənin, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin illərlə saraylarında xan olduğu şəhərlər indi Qərbi Azərbaycanın – Ermənistanın tərkibindədir. Yüz illər boyu bir nəfər də erməninin yaşamadığı bu torpaqlara ermənilər XVIII yüz ildən başlayaraq Rus imperiyasının siyasəti ilə köçürülməyə başladı. Çar Rusiyasının, Avropa və Amerika emissarlarının diktəsi ilə 1906-1917-ci, 1918-1948-ci, 1988-ci illərdə erməni daşnaklar türk-müsəlman soyqırımlarına imza atmışlar. 1948-1988-ci illərdə olan deportasiyalar nəticəsində Qaraqoyunlu və Ağqoyunlu dövlətinin məskəni sayılan Qərbi Azərbaycan təcavüzə məruz qalaraq bütünlüklə boşaldılmışdır. Ermənistanın bu dəhşətli təcavüzkar siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı da davam etmiş, Azərbaycan ərazisinin 20 faizi işğala məruz qalmışdır.

Biz üzü Qərbi Azərbaycana – Qaraqoyunluların diyarınayıq!

Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının təməlini qoyduğu yüzlərlə tarixi tikili, maddi-mədəniyyət inciləri, qəbirüstü abidələr yerlə-yeksan edilmiş, oronimlər, oykonimlər, toponimlər dəyişdirildi. Azərbaycan sənətkarlarının, qız-gəlinlərinin gözünün nuru, əlinin əməyi ilə yaranan incəsənət nümunələri xarici dövlətlərə erməni xalqına məxsus əsərlər kimi təqdim olunmuşdur. Bu dəhşətləri yaşayan Azərbaycan xalqı təkcə bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə yaşamamış, beynəlxalq kürsülərdə haqq davasına qalxmışdır. “Bizim işimiz haqq işidir, biz zəfər çalacağıq. Qarabağ Azərbaycandır!” nidası ilə düşmən üstünə yeriyən Azərbaycan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və qüdrətli Azərbaycan ordusunun iradəsi ilə 44 günlük Vətən Müharibəsində tarixi ədaləti bərpa etmişdir. 

Bu gün biz üzü İrpuni qalasına, İrəvan xanlarının sultanlarının diyarına, Qərbi Azərbaycanayıq. Bu torpaqlarda təkcə Qara Yusif, Cahan şah Həqiqi, Əleykə Könüldaş, Şahsaray kimi qüdrətli sərkərdə-xaqanların ruhu dolanmır. Orada həm də Nəiminin Ermənistanın Eçmiǝdzin kitabxanasında yeganə əlyazması olan “Cavidannamə”si, İrəvanda Maştos adına Əlyazmaları İnstitutunda Cahan şah Həqiqinin “Divan”ı, hər səhifəsində Azərbaycan tarixinin böyük bir mərhələsi yaşayan əlyazmaları, kitablar və maddi-mədəniyyət inciləri girova çevrilmişdir. Otuz illik işğaldan, intizardan sonra Şuşa qalasını gavur əlindən aldığımız kimi onu da xilas edəcəyik! Bu, bizim alın yazımız, Tanrıdan tale payımızdır. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin