Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdili əsasında hazırlanan “Pul əhvalatı” adlı yeni tamaşasının oxunuş məşqlərinə başlanılıb.
Baki-baku.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatı Azər Hacıələsgərli, rejissor assistenti Nəsibə Canəliyevadır.
Tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Mehriban Abdullayeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Venera Abbasova, Sənan Kazımlı, İlhan Sadıqov iştirak edirlər.
Hadisələr Bakıda sabun fabriki sahibkarının ətrafında baş verir. Dinamik əhvalatlarla başlanan səhnə əsərindəki kiçik situasiyalar ardıcıl dəyişərək tamaşaçıda müsbət emosiyalar yaradır. Evlənmək və çoxlu pul qazanmaq istəyində olan Mənfəətin qarşılaşdığı tale oyunları təkcə onun yox, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Nəticədə qazanmaq və varlanmaq naminə bir-birlərinə tələ quran hər kəs uduzur.



