14 fevral 1940-cı ildə İçərişəhərdə ziyalı ailəsində dünyaya gələn Tamara Gözəlova Azərbaycan mədəniyyət tarixində həm kino, həm də televiziya sahəsində iz qoymuş nadir simalardandır. Onun taleyi bircə rolla şöhrət qazanıb, sonra isə şüurlu şəkildə səhnədən uzaqlaşaraq başqa bir mədəni missiyanı seçən sənətkarın hekayəsidir.
Təsadüfdən başlanan kino yolu
Cəmi 14 yaşı olanda məktəblərinə gələn çəkiliş qrupu sinifdən bir neçə qız seçir. Onlarla namizəd arasından seçilən Tamara Gözəlova Gülnaz rolunun sınaqlarına dəvət alır. O illər müharibədən sonrakı çətin dövr idi və gənc qızın kinoya çəkilməsi ailə üçün asan qərar deyildi. Atası tərəddüd etsə də, yaradıcı heyətin israrından sonra razılıq verir.
Beləliklə, o, Azərbaycan kinosunun incilərindən sayılan, Üzeyir Hacıbəyovun operettası əsasında çəkilmiş ilk rəngli tammetrajlı filmdə – “O olmasın, bu olsun” ekranlara çıxır. Rejissor Hüseyn Seyidzadə, ssenari müəllifi isə Sabit Rəhman idi.
Səkkiz ay davam edən hazırlıq prosesində Xalq artisti Fatma Qədri gənc aktrisa ilə xüsusi məşğul olur. Nəticədə 15 yaşlı Tamara Gözəlova Gülnaz obrazına təbii zəriflik və səmimiyyət gətirir.
Maraqlıdır ki, filmdə Gülnazın “Əmi, sağ olun, daha biz gedək” replikası aktrisanın improvizəsi olub. Film ilk dövrlər tənqid olunsa da, zamanla klassikaya çevrilir və xalq arasında “Məşədi İbad” kimi sevilir.

Taleyin ironiyası və böyük qərar
Filmi tənqid edənlər arasında onun gələcək həyat yoldaşı – teatr və kino tənqidçisi Alp Ağamirov da vardı. Onlar illər sonra yenidən qarşılaşır və ailə qururlar. Bu evlilikdən Vasif adlı oğulları dünyaya gəlir.
Filmin uğurundan sonra Gözəlovaya yeni təkliflər gəlir. Onu Rza Təhmasib və Hüseyn Hüseynzadə filmlərinə dəvət edirlər. Hətta Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almaq imkanı yaranır. Lakin o, hamısından imtina edir.
Səbəb isə sadə idi: “Kinonu sevmədim. Məni daha çox kitab aləmi, ədəbiyyat cəlb edirdi”, – deyə o sonralar xatırlayırdı.

Efirin ilk xanım səsi
1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında fəaliyyətə başlayan Tamara Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktorlarından biri olur. Onun sakit, aydın və mədəni nitqi tamaşaçıların yaddaşına həkk olunur.
Hind filmləri festivalı zamanı məşhur hind aktyoru Rac Kapur Bakıya gəlir. Televiziyada təsadüfi qarşılaşma zamanı Rac Kapur pianoya keçərək “O olmasın, bu olsun” filmindən mahnı ifa edir və bununla Gülnazı tanıdığını göstərir. Bu hadisə aktrisanın sənət taleyində maraqlı epizodlardan biri kimi xatırlanır.

Kitabxanaçı ömrü – səssiz xidmət
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirən Tamara Gözəlova uzun illər – 2011-ci il yanvarın 18-dək M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri kimi çalışır. Onun həyatının böyük hissəsi kitabların, arxivlərin və mədəni yaddaşın qorunmasına həsr olunur.
Son vida
8 may 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edən Tamara Gözəlova Bakıda dəfn olunub. O, cəmi bir film rolu ilə Azərbaycan kinosunun tarixində əbədi yer qazandı, televiziya ekranında ilk xanım səs oldu və ömrünün yarım əsrini milli kitabxananın xidmətinə verdi.
Bəzən bir obraz bütöv bir ömürdən daha çox danışır. Gülnaz obrazı kimi. Amma Tamara Gözəlovanın həyatı göstərdi ki, əsl mədəniyyət xidməti təkcə səhnədə deyil – sakit, səssiz və ləyaqətli əməyin içində də yaşayır.

Xanım Aydın