Bəzi tarixlər var, onları təqvimdə laqeydliklə çevirib keçirik. Elə tarixlər də var ki, adını görəndə ən skeptik insan belə bir anlıq duruxur. Cümə günü, ayın 13-ü — sadə bir tarix birləşməsinin əfsanə, qorxu və tarixi təsadüflərlə yüklənərək mədəni fenomenə çevrildiyi nadir nümunələrdəndir. Niyə bəşəriyyət əsrlər boyu bu tarixə uğursuzluq və qorxu çaları verib – və onu əslində kim “qara rəngə boyayıb”?
Avropa mədəniyyətində 13 harmoniyanın pozulması rəmzi sayılırdı: “ideal” onluqdan kənara çıxan say hesab olunurdu. Xristian interpretasiyasında buna bibliya süjetləri də əlavə olundu: “İsanın sonuncu şam yeməyi” tablosunda süfrə arxasında on üçüncü şəxs İuda idi; İsanın çarmıxa çəkilməsi isə cümə gününə təsadüf edib. Xalq rəvayətlərində cümə həmçinin Adəm və Həvvanın qadağan olunmuş meyvəni dadması və Qabilin qardaşı Habilə qəsd etməsi ilə əlaqələndirilir – hərçənd bu iddiaların tarixi sübutu mövcud deyil.
Xurafatın mənşəyi ilə bağlı ən populyar versiyalardan biri Tampliyerlər ordeninin tarixi ilə əlaqələndirilir. 1307-ci il oktyabrın 13-ü, cümə günü Fransa kralı IV Filippin əmri ilə orden üzvlərinin kütləvi həbsləri başlandı. Sonradan onların bir çoxu küfr və azğınlıq ittihamı ilə edam edildi. Bu hadisə “uğursuz cümə”nin simvoluna çevrildi və Avropanın tarixi yaddaşında möhkəmləndi.
Cümə günü, ayın 13-ü xurafatı xüsusilə dənizçilər arasında dərin kök salıb. Populyar, lakin sübuta yetirilməmiş bir hekayəyə görə, XVIII əsrin sonlarında Böyük Britaniyada bu inancın əsassız olduğunu göstərmək istəyiblər: ayın 13-ü, cümə günü gəmi inşasına başlanıb, ona “Friday” (ingilis dilində “cümə günü”) adı verilib və cümə günü, ayın 13-ü suya buraxılıb –bundan sonra gəminin izsiz yoxa çıxması barədə xəbər yayılıb. Belə bir gəminin mövcudluğunu təsdiqləyən sənədlər yoxdur, lakin hekayənin özü tarixlə bağlı qorxunu daha da gücləndirib.
Müasir psixoloqlar bu fenomeni özünü doğruldan proqnoz effekti və koqnitiv təhriflərlə izah edirlər. İnsan uğursuzluq gözləntisini təsdiqləyən hadisələri seçərək yadda saxlayır, digər faktlara isə göz yumur. Nəticədə dayanıqlı mədəni struktur yaranır: tarix narahatlıq üçün tətik mexanizminə, narahatlıq isə səhvlərin və təsadüfi uyğunluqların mənbəyinə çevrilir.
Ziddiyyət ondadır ki, 13-cü cümə gününün özlüyündə heç bir real təsir qüvvəsi yoxdur. Onun statusu tarixi qatların, dini interpretasiyaların və kollektiv təxəyyülün məhsuludur. Biz bu tarixdən nə qədər çox qorxuruqsa, o, bir o qədər inandırıcı şəkildə “qara” görünür.
Hacı Cavadov