Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/13/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

İçərişəhərin zinəti, möhnəti çoxdur, Mir Mövsüm Ağadan isə yoxdur!

Mir Mövsüm Ağa

Heydər Əliyev: “1943-cü il idi, 20 yaşım var idi. Ailəmiz çətin günlər yaşayırdı. Mən də anamla birlikdə bir nəzir dedim. Bakıya gəldim, İçərişəhərdə Mir Mövsüm Ağa ocağına getdim, onu ziyarət etdim. O vaxtlar çox ağır, kəskin dövrlər idi”.

Sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycan min illər boyu həm də peyğəmbərlərin, pirlərin, övliyaların, seyidlərin üz söykədiyi müqəddəs məkan kimi Tanrıya yaxın olub. Cərcis peyğəmbəri, Əhli-beyt müqəddəslərini, Seyid Yəhya Bakuvini, Şeyx İbrahim Zahid Gilanini, Ömər Məhəmməd Xəlvəti-Lahıcini ziyarətə gələnlər Bakıda üç müqəddəs məkanı ziyarətdə bulunur: Peyğəmbər əleyhissəlamın nəvələri, İmam Museyi Kazımın qızları, İmam Rzanın bacıları Hökümə xanımın, Rəhimə xanımın və Leyla xanımın eşqinə  Bibiheybətə, Nardarana, Buzovnaya varanlar bu ziyarətləri Məşhəd, Kəbə, Mədinə, Məkkə müqəddəsliyinə tay tuturlar. Bir müqəddəslikdə var ki, onun yerini və məqamını könlün baş köşəsində bilirlər. İçərişəhəri və Şüvəlanı ziyarətə gedirlər.

İnsanın dua yeri, duanın Tanrıya yetən yeridir bura…

Şirvanşahlar saray kompleksi, İçərişəhər və Qız Qalası dünyanın maddi-mədəni iris siyahısına daxil olan  incilərdəndir. İçərişəhərin incisi Şirvanşahlar sarayı, Qız Qalası olsa da, mirvarisi Mir Mövsüm ağanın yüz ildən çoxdur ziyarətgaha çevrilən  doğulduğu evdir. Əllərinin yerinə könlünü Tanrıya açanların yuvasıdır  bura. Darda olanların pənahı, intizarda olanların nicatıdır bura, həm də. Haqqı deyib gələnlər hüzur bulur Ağanın ruhunun dolandığı ocaqda. Hər gün qapısı açılır, hər gün ocağına  nəzir- niyaz gəlir. Adına qurbanlar kəsilir Ağanın. Bu səbəbdən də hər kəs söyləyir: İçərişəhərdə bir ev var. Tanrının qapısı, dərgahı kimi doğmadı insanlara. Ora ümidi üzlənlər, bir də muradı hasil olanlar gəlir.  İnsanın dua yeridir, duanın Tanrıya yetən yeridir bura. İçərişəhər yaddaş yeridir. Daşa, yaddaşa dönən dünyasıdır Odlar Yurdu Azərbaycanın. Ondan  ərlərin, ərənlərin, qılıncı ilə düşmənə görk olanların  iyi, ətri gəlir. “Bu qala daşlı qala, çınqıllı daşlı qala, Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala!”- deyib könlünün qəm dəftərini açanlar eşq badəsini içəndə Gəncəli Cavad xanın qisasını qiyamətə qoymayan Hüseynqulu xanın əzəmətini yaşamaq üçün İçərişəhərin qala divarlarının önündə dayanır, nəfəs dərir, sərkərdə-xaqan ucalığı əzəməti yaşayır. “Tikdim ki, izim qala!”  nidası ilə tarix yaradan, tarixi daş kitabələrə köçürən əcdadlarını səcdəyə gəlir.

Azərbaycan Bakıdan, Bakı Səbaildən, taleyin sərt üzündən özü-öz tarixi torpaqları ilə həmsərhəd olan Vətən isə bizim üçün həm də, İçərişəhərdən başlayır. İçərişəhərin zinəti, möhnəti çoxdur, Mir Mövsüm Ağadan isə yoxdur. Dara düşənlər, ürəyi od üstündə kabab kimi bişənlər,  əlini dərgaha yetirmək, Tanrıya çatdırmaq istəyənlər Onu deyirlər. Onun  ruhunu cisminə geyib, Yer üzünə endiyi məqama, məkana gəlirlər. Firdovsi küçəsindəki “Yaşıl Qapı”nı pənah yeri bilirlər.

Tanrının nur, işıq bəlgəsi – “Yaşıl Qapı”

“Yaşıl Qapı”nın, ümid qapısının Sultanı Seyidəli Mir Əbu Talib oğlu Mir Mövsümzadə 1883-cü ildə Bakıda İçərişəhərdə dünyaya gəlib. Gəlişi ilə insanlara ümid, inam gətirib. Təkcə Əhli-beytə, Əli əleyhissəlama bağlı soyuna, soykökünə deyil, mənsub olduğu millətə, məmləkətə şərəf gətirib. Nur, işıq bəlgəsinə çevrilib. Bakıda, Azərbaycanda elə bir adam olmaz ki, onun bu müqəddəs ocağını, evini tanımasın. “Mir Mövsümzadələr ailəsini bir çoxları İçərişəhərli bilsələr də, əslində onlar bura XIX əsrin ortalarında”, Arazın o tayından köçüblər. Bakıda cərəyan edən hadisələr, dünyanın dəyişən rüzgarı “Neft bumu”, yeni tədris sistemi Seyid Hüseyn Ağanı Bakıya üz tutmağa məcbur edib. Ərdəbil şeyxlərinə, Şeyx Səfi  müqəddəsliyinə, Səfəvilər İmperiyasına bağlı olan Seyid Hüseyn ağa övladlarına dövrün tələbləri səviyyəsində yüksək təhsil vermək məqsədi ilə o taydan bu taya hicrəti qəbul edib.

İndi ziyarətgaha çevrilən  ev də sonradan tikilib. “Bu torpaq sahəsini almaq üçün Seyid Hüseyn ağa Bakı qubernatoruna məktub yazıb və burada ev tikmək üçün rəsmi icazə alıb.” Evində ədəbiyyat, mədəniyyət, muğam gecələri təşkil edən Seyid Hüseyn ağa Səfəvilərdən qalma sənəti, mədəniyyəti himayə etmək duyğusu, sevgisi ilə dövrünün iki mütəfəkkir şairi, mesenatı ilə  ünsiyyətdə olub. Şamaxıda Muğam Mərkəzinin, ilk qiraətxananın və kitabxananın qurucusu kimi  tarix yardan Mahmud ağa və Qarabağ xanlığının son vərəsəsi, “Məclisi-üns”ün qurucusu Xurşudbanu Natavanla dostluq münasibətləri Bakının elmi, mədəni inkişafına töhfələr verib. Seyid Hüseyn ağanın ömür-gün yoldaşı Xədicə xanımın Xurşudbanu Natavanla məktublaşdığı, bir-birlərinə şeirlər  həsr etdikləri barədə  məlumatlar klassik Azərbaycan ədəbiyyatı ilə tədqiqatlarda bu gündə yer almaqdadır. Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərək ki, Seyid Hüseyn Ağanın bu xeyriyyəçilik missiyasını oğlu Mir Kazım ağa XX yüz ilin əvvəlində uğurla davam etdirmiş, “Mövsümzadələr Gülşəni” adlanan ədəbi gecələrdə Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi dövrünün məhşur şairləri şeirlər oxumuş, Bakı əsilzadələrindən – Hacı Zeynalabdin Tağıyevdən, Nabat xanım Aşurbəylidən, Şəmsi Əsədullayevdən, Murtuza Muxtarovdan, Ağa Musa  Nağıyevdən ənamlar almışlar. Tarixi mənbələr onu da sübut edir ki, Xurşudbanu Natavan Şuşadan, Mahmud ağa  Şamaxıdan dəfələrlə məclis üzvlərinə hədiyyələr göndərib ki, bu da, Seyid Hüseyn ağanın gördüyü möhtəşəm işlərə verilən dəyər idi.

Səngərdə döyüşən tank, yerdə qalan əşya

Bir çoxları “Mir Mövsüm Ağanı müqəddəsləşdirmək üçün onun sümüksüz  olduğunu iddia etsələr də, əslində həqiqət elə deyildir”. Ağa doğulduqdan  bir həftə sonra anası Xədici xanım bələyə açır ki, uşağı yuyundursun. Görür ki, bələk qan içindədir. Həmin vaxt həkim tapa bilmədikləri üçün axund çağırırlar. O da uşağı baxıb deyir ki, bu uşağın işi Allaha qalıb. Sonra bəlli olub ki, xeyli qan itirdiyindən körpənin bir tərəfi iflic olub. Qardaşı qızı Qönçə xanımın xatirələrinə istinadən deyə bilərik ki, Ağa arıq bədənli varlıq olmaqla yanaşı, həm də qamətini düz saxlaya bilməyib. Bu səbəbdən də, bir çoxları ona “Ət-Ağa” deyə müraciət ediblər. Qönçə xanım onu da qeyd edir ki, Mir Mövsüm Ağanın özü də “Ət Ağa” ifadəsini sevməzmiş. Onun ailəsi, doğmaları da insanlara deyirmiş ki, ona belə müraciət etməyin. Mir Mövsüm Ağa 40 yaşına qədər az da olsa gəzə bilib. Baxmayaraq ki, hamımızın evində olan məşhur şəklinin rəssam tərəfindən çəkildiyi fikri yaddaşlara yazılıb. Əslində, bu belə deyil, bu şəkil Ağanın gerçək rəsmidir. Mir Mövsüm Ağa iflic olmasına rəğmən, tam şüursuz olmayıb, ağlı-huşu yerində olub. Danışanda onu başa düşmək olurmuş. Hətta xoşu gəlməyən adam ziyarətinə gələndə hiss edir, deyirmiş ki, onu mənə yaxın buraxmayın. Qardaşları, bacıları isə ona deyirmiş ki, bu insan sənə pənah gətirir. Bir günah işlədibsə belə, ona kömək ol. Yalnız bu halda Mir Mövsüm Ağa sakitləşər, onu yanına çağırar, başına əl çəkərmiş. Əldə olunan məlumatlardan bəlli olur ki, Mir Mövsüm Ağanın əslində üç adı olub: Seyidəli, Böyük Ağa, Mir Mövsüm. Mir Mövsüm Aa onun babasının adı olub. Ocaq onun babasının adına olduğuna görə elə onu da Mir Mövsüm Ağa kimi çağırıblar. Evin böyük övladı olduğuna görə isə çox vaxt ona Böyük Ağa deyiblər.

Mir Mövsüm Ağa Cümhuriyyət zamanı yığılan bütün ianələri Milli Ordunun fonduna köçürüb

Ötən əsrin əvvəli bütün Azərbaycanda olduğu kimi, Bakını da erməni daşnaklarının terror dalğası bürüyüb. Hadisənin ağırlığını nəzərə alan Hacı Zeynalabdin Tağev, Ağa Musa Nağıyev və Murtuza Muxtarov Mir Mövsüm Ağanı 1918-ci ilin Bakı qırğınlarından, erməni soyqırımından və terrorundan qorumaq üçün xüsusi gəmi ilə Arazın o tayına, Ənzəliyə yola salıblar. Bakıda vəziyyət düzəldikdən, Cümhuriyyət Gəncədən Bakıya köçdükdən sonra Mir Mövsüm Ağanın ailəsi yenidən İçərişəhərə, öz ocağına köçüb. O dövrlə bağlı yaddaş saxlancı olan xatirələrdən bəlli olur ki, Mir Mövsüm Ağa şəhərdə olmayanda belə, insanlar onun ocağından ayağını çəkməyib, erməni daşnaklarının, Sentro-Kaspi qüvvələrinin təhdidlərinə baxmayaraq Ocağını ziyarətdə bulunublar. Ağanın şəhərdə olmadığı aylarda Ocağa nəzarət məsələsini Təzə Pir məscidinin axundu, Cümhuriyyət zamanı və ondan sonrakı dövrdə Qafqazın Şeyxülislamı olan Ağa Əlizadə öz üzərinə alıb. Onu da qeyd edək ki, Ağa Əlizadə də bir tərəfdən Mir Mövsüm Ağa müqəddəsliyinə bağlı idi. Onun kiçik bacısı Zeynəb xanımla ailə qurmuşdu. Maraqlı, daha doğrusu, qiymətli fakt odur ki, Ənzəlidən qayıtdıqdan sonra ocağına yığılan nəzirləri və üstəlik cümhuriyyət boyu bütün ianələri Milli Ordunun fonduna köçürüb.

Ona ilahi bir varlıq kimi baxıblar

Mir Mövsüm Ağaya inam daha çox müharibə vaxtlarında yaranıb. İnsanların inamının qırıldığı, gedənlərin geri qayıtmadığı, aclığın və xəstəliklərin artdığı bir vaxtda ona ilahi bir varlıq kimi baxıblar. Deyilənlərə görə, onun nəfəsinin və əlinin şəfasını görənlər çox olub və onların bəziləri bu gündə yaşayırlar.

Vaxtı ilə onun qonşusu olan İzzət xanım Məmmədova bu barədə xatirələrində qeyd edir: “1947-ci ildə anam xəstələnmişdi. Qulağının arxasında xərçəng tapmışdılar. Ağanın da Çimnaz adlı bir aşbazı var idi. Çimnaz xanım bir gün mənə dedi ki, gəl ağanın yanına. Ağanın əlini yu, axar suyunu içir anana. Mən də onun dediyini elədim. Anama yox yerdən şəfa gəldi, 101 il yaşadı”.

Mir Mövsüm ağanın möcüzələrinin şahidi olan Bəhram adlı şəxs isə xatirələrində deyir: “Tələbə yoldaşımla bir gün ağanın ziyarətinə getdik. Ağa yaman xəstiydi və həm də yaşlanmışdı. Tələbə yoldaşım onu görəndə qorxdu və otaqdan çıxdı. Onun bu hərəkəti ağanın xoşuna gəlmədi. Mən isə gedib ağanın ətəyini öptüm. Bir neçə gün sonra həmin oğlanın avtoqəzada həlak olduğunu eşitdim”.

Mir Mövsüm ağanın qardaşı nəvəsi Rüfət Mahmudovun xatirələri də olduqca maraqlıdır: “Müharibə vaxtı Mir Mövsüm Ağa əsgərlərə çox kömək edirmiş. Onun adından bir tank da bağışlamışdılar ki, bu tank Ağanın adından döyüşsün. Buna baxmayaraq, Maliyyə naziri Ağaya vergi kəsir, vergi əməkdaşları evə gəlirlər, əşyaları qeydə alıb maşına doldururlar. Bu məqamda sürücülər deyirlər ki, maşını sürə bilmərik. Biz öz övladlarımızı ona əmanət edirik. İndi necə onun əşyalarını buradan daşıyaq? Beləcə, Bakıda heç bir sürücü Ağanın əşyalarını daşımağa razı olmur. Vergi müfəttişləri axırda məcbur olub əşyaları geri qaytarırlar.

Politbüronun iclasına gəlməyənlər, İçərişəhərə qoşun-qoşun gedirlər

Əvvəllər Allahı tanımayan, sonralar Mir Mövsüm ağanın sayəsində dinə-imana gələn, Mir Mövsüm Ağa və onun bacısı nəvələri Azərbaycan Komsomolunun lideri Məsud Əlizadə və Akademik Akif Əlizadə ilə bağlı kitabların müəllifi Georgi Zapletin isə öz xatirələrində yazır: “Azərbaycan Komunist Partiyasının keçmiş katibi Qasım İsmayılov iclasda Ağadan danışır. Deyir ki, biz cəhalətin ayaq açmasına çox imkan vermişik. Politbüronun iclasına gəlməyənlər, İçərişəhərə qoşun-qoşun gedirlər. Qəfil Qasım İsmayılovun səsi tutulur. Həkimlər üç gün dava-dərman etsələr də nəticə hasil olmur. Qasım İsmayılov işçilərinə işarə verir, başa salır ki, onu təcili Ağanın yanına aparsınlar. O, Ağanın Ocağına gələndə bacısı Səkinə xanım Ağaya yemək yedizdirirmiş. Hadisəni Ağaya danışanda o, gülümsünür və bacısına işarə edir. Bacısı da həmin an kasadan bir loxma-tikə götürüb İsmayılova uzadır. Katib bozbaşdan yeyən kimi səsi açılır. Hadisənin şahidi olan Xalq rəssamı Mikayıl Abdullayev onu yada saldıqca deyirmiş: “İndi də, o anı yada salanda tüklərim tikan-tikan olur.”

Bütün İçərişəhər o Ocaqda bişən çörəklə dolanırdı

İkinci Dünya Müharibəsi Azərbaycandan çox şeyləri aldı. Ən əsası, səngərlərə yolladığı 600 min insanından 300 mini geri dönmədi. Bu təkcə 300 min insanın ölümü deyildi, bir bu qədər qaralan çıraq, bəxti kəm gətirən qadın, gözü yaşlı Ana, kəcavəsi bəzənməyən qız deməkdi. Azərbaycan arxa cəbhə olsa da, onun da aclıq, səfalət adında günləri vardı. Hər kəsin bir parça çörəyə möhtac olduğu o ağır illərdə İçərişəhərdə, bir Ocağın həyətində təndir qalanır, çörək yapılırdı. Bütün İçərişəhər bu çörəklə dolanırdı. Ağanın kəramət təhnəsindən bütün Bakıya pay düşürdü.

Ən çətin anlarda dara düşənlərin ümid qapısı, inam yeri olub Ağanın Ocağı. ABŞ-nin keçmiş prezidenti Corc Buşun ikinci katibindən tutmuş Amerika, Çin, İtaliya, İspaniya, Rusiya səfirlərinə qədər hər kəs Mir Mövsüm Ağanın Ocağını ziyarətdə bulunub. Amerikanın keçmiş səfiri Riçard Kozlariçin başına gələn əhvalat isə ibrəti-aləmdir: Səfir rəsmi sənədlərlə dolu iki çamadanı itirir, tapa bilmir. Çox axtarışdan sonra ona tövsiyə edirlər ki, Ağanın Ocağını ziyarətdə bulunsun, mətləbini ondan istəsin. Üstündən iki həftə keçmir Səfir Amerikaya döndükdən sonra çamadanlar tapılır. Kozlariçin xanımı Ən-Kozlariç İçərişəhərə nümayəndələrini göndərir, Ağanın Ocağına ianə edir, Onun kəramətindən olmadığını dilə gətirir. Bu bir xristianın Mir Mövsüm Ağanın cəddi-kəraməti qarşısında ən böyük etirafı idi. Bu həm də, Əhli-Beytə sevginin nümunəsi idi.

Ağanın gül Qönçəsi, yaxud Qönçənin tutulmayan xonçası

Oğul evləndirib, qız köçürənlər, bəy kəcabəsi bəzəyənlər, gəlin xonçası tutanlar Ağanın Ocağına gələr, ondan xeyir-dua alardılar. Tək bir nəfər, bircə nəfər xeyir-dua almadı, ömrünü ona həsr elədi. Bu, Ağanın gül Qönçəsi, tutulmayan xonçası ilə kədər nöqtəsi olan bacısı Səkinə xanımdır. O, bütün ömrünü Ağaya xidmətdə keçirdi. Əhli-Beyt törəsi olaraq sevgisindən dönmədi. Gözəlliyi ilə Bakıya səs salan Səkinə xanımın – Qönçə xanımın elçiləri çox olsa da, köçünü Ağanın köşkündə əylədi. Bu bir Qardaş sevgisi deyildi, Övliya məhəbbəti idi. Deyirlər, O, körpə ikən evlərinə bir axund gəlir, Səkinə xanımı görüb deyir: “Bu nə gözəl qızdır, elə bir gül Qönçəsidir.” Adı sənəddə Səkinə xanım olan Səkinəni o gündən Qönçə xanım deyə çağırırlar. Ağanın bütün yemək-içmək məsələlərinə o, geyim-gecim, əyin-baş məsələlərinə isə iki nəfər baxıb – Yəhudi çəkməçi Mariaj və dərzi Əli. Hər ikisi ömrünün sonuna qədər Ağanın pal-paltarını, çəkmə və məsini pulsuz-parasız tikiblər. Cəddinə-kəramətinə biət ediblər. Onunla dostluğu özlərinə şərəf biliblər. Qönçə xanım dünyasını Ağadan iki il öncə dəyişib. Ondan sonra Ağanın günü-rüzgarı olmayıb. Heç kəslə təsəlli tapmayıb. Qönçə xanımın vida günü Ağanın bilməməsi üçün onu evdən çölə-həyətə aparıblar. Qadınların ah-naləsindən Qönçə xanımın rəhmətə getdiyini anlayan Ağa başını bacısı nəvəsinin çiyninə qoyaraq: “Qədirli bacımız rəhmətə getdi” deyib, göz yaşı töküb. Qönçə xanım rəhmətə gedəındən sonra Səlmə xanım adlı bir yad qadın gətiriblər ki, Ağaya baxsın. O, xidmətdə qüsura yol verməsə də, Ağa xiffətindən iki il sonra dünyadan köçüb. Bu kədərli hadisə 1950-ci il noyabrın 17-nə təsadüf edib. Həmin gün Bakıda görünməmiş  izdiham yaşanıb. Yüzminlərlə insan eynən Həsən bəy Zərdabi və Şüyxülislam Ağa Əlizadənin vida mərasimində olduğu kimi küçələrə axışıb. Cəmi 20 gün yataq xəstəsi olan, 67 il onların xidmətində dayanan Piri-Övliyası ilə vida üçün uzaq yolları yaxın edib.

Qırxpilləkəndən İçərişəhərə qədər insanlar növbəyə düzülüb. İçərişəhərdən Şüvəlanadək insanlar cənazəni payi-piyada çiyinlərində apardılar.

Şura höküməti illərində Ağanın məzarını insanlar gizli ziyarət ediblər. Hətta məktəb işçilərini növbə ilə qəbrin üstündə gözətçi qoyublar ki, bir ziyarətçi belə gəlməsin. Bu gözətçilərdən biri də, o vaxt Mərdəkanda məktəb direktoru olan Fərhad Zeynalov olub. O, bunu ömrünün sonundək kədərlə xatırlayıb. Buna baxmayaraq, Məhərrəmlik ayında adamlar Şüvəlana və İçərişəhərə axışıb. Onlara “gəlməyin” demək mümkün olmayıb.  1952-ci ildən 1992-ci ilə qədər Ağanın məzarı baxımsız qalsa da,  üç şüvəlanlı mesenat – Nizam Əliyev, Hacı Tahir və Hacı Şəmsi bir yerə yığışaraq köhnə məzarı, Şərqin ən böyük ziyarətgahlarından birinə – Məqbərə-Kompleksə çeviriblər. Bu möhtəşəm Kompleksi hətta Pier Şarl və Jan-Klod Vandam kimi dünya ulduzları da belə ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın da Mir Mövsüm Ağaya və onun ocağına, ziyarətgahına xüsusi diqqəti olub.

Heydər Əliyev: “Onu sağlığında ziyarət etmişəm”

 Ulu Öndər sağlığında burada dörd dəfə olub. Son ziyarətində isə tarixi bir həqiqəti dilə gətirib: “Bunu indiyə qədər heç kəsə danışmamışam, heç kəs də bilmirdi. Yalnız mərhum, əziz anam bundan xəbərdar idi. 1943-cü il idi, mənim 20 yaşım var idi. Ailəmiz çətin günlər yaşayırdı. Mən də anamla birlikdə bir nəzir dedim. Bakıya gəldim, İçərişəhərdə Mir Mövsüm Ağa ocağına getdim, onu ziyarət etdim. Nəzirimi də elədim. Onu sağlığında ziyarət etmişəm. O vaxtlar çox ağır, kəskin dövrlər idi. Hər şey söz-söhbətə çevrilirdi. Amma mənim qəlbim və mərhum anamın mənə verdiyi nəsihətlər məni doğru yola çıxardı. Açığı, ora gedəndə qorxurdum: görəsən məni görəcəklərmi, çağıracaqlarmı, təqib edəcəklərmi, mənə bir zərər yetirəcəklərmi? Amma 10–12 ildən sonra gördüm ki, heç nə olmur. Onda başa düşdüm ki, mənim ora getməyim təsadüfi deyilmiş. Bu, mənim qəlbimdə və anamın qəlbində qalan bir sirr idi. Bəzən düşünürəm ki, axı mən də insanam. Mənim də həyatım var, mən də yaşayıram, mən də canlı bir adamam. Düşünürəm ki, görəsən, həyatım boyu məni öldürmək istəyənlər də olub, mənə terror etmək istəyənlər də, məni batırmaq-məhv etmək istəyənlər də olub, amma bacarmayıblar. 1987-ci ildə Moskvada baş verən böyük çaxnaşmalardan sonra, vəzifədən istefa verdikdən sonra başıma nələr gəlmədi… Orada məni əzmək istədilər, həbs etmək istədilər, boğmaq istədilər  – bacarmadılar. Buraya gəldim, burada da boğmaq istədilər – yenə bacarmadılar. Sonra Naxçıvanda, ucqar bir yerdə yaşadım üç il. Orada da boğmaq istədilər – yenə bacarmadılar. İki ildən sonra bura qayıtdım. Mən özüm gəlmədim – xalqın iradəsi ilə gəldim. Xalqın istəyi ilə. İnsan düşünür: necə olur ki, bu qədər xəyanətkar, bu qədər qəsd edən, bu qədər terror törətmək istəyən insanlar öz niyyətlərinə çata bilmirlər? Demək ki, Allah qoruyur. Allah, bizə kömək olur. Dadımıza yetişir. Bizə yol göstərir. Ümid verir. Mir Mövsüm Ağa ocağı, Mir Mövsüm Ağa adı o ümid yerlərindən biridir.

Kamil Əliyevin qaibanə yuxusu

Ulu Tanrı niqabını Şərqdə qaldırdı. Bircə “Ol!” kəlamı ilə Yer üzünü, əşrəfi dediyi insanı xəlq etdi. 124 min Peyğəmbəri yer üzünə göndərdi. Müqəddəs kitabları mələklərin qanadında, onların ruhundan cücərtdi. Pirləri, övliyaları, seyidləri göylə yer arasında müqəddəs bağa çevirdi. Onlardan biri də adı ilmə-ilmə, naxış-naxış ruhumuza toxunan Mir Mövsüm Ağadır. Onun möcüzəsi haqqında çoxsaylı əfsanələr, nağıllar dolaşsa da, ən böyük əsər onun ondan sonra belə mövcud olan kəramətidir. O kəramətin, möcüzənin adına bir şah əsər var ki, o, bu gün, Şüvəlanda, Mir Mövsüm Ağa Ziyarətgah-Komleksində qorunur. Onun qəribə, eyni zamanda, maraqlı tarixçəsi var: “Deyirlər, Xalq rəssamı Kamil Əliyev ömrünün başa çatdığını hiss edən zaman son xalçasını anasına həsr etməyi qərara alır. Bildirir ki, bu onun son xalçası olacaq və o, daha heç nə toxumayacaq. Bir gün yatıb yuxusunda qeybdən bir səs eşidir: “Yadındadır, sən müharibəyə gedəndə biz Mir Mövsüm Ağanın ziyarətində olduq. Sənin başına əl çəkdi. Müharibədən sağ-salamat qayıtdın. Amma sən onu unutdun. Bu illər ərzində bir dəfə də onun adına xalça toxumadın.” Onu da deyirlər ki, Kamil Əliyev yuxudan titrəyərək, hövlanak oyanır. 1 milyon 200 min ilməlik,  20 rəngin harmoniyasında möhtəşəm bir xalça toxuyur. Və bu onun həqiqətən də öz əli ilə toxuduğu son sənət əsəri olur. Barmaqlıqlara çatanda Kamil müəllim dünyasını dəyişir. Yarım qalan işi onun oğlu Cavanşir Əliyev və tələbələri başa çatdırır. Həmin xalça Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın istəyi ilə, 2005-ci ildə Mir Mövsüm Ağa Ziyarətgah-Kompleksinə hədiyyə edilir. Bu yaddaşlara iman və güman yeri kimi toxunan Mir Mövsüm Ağanın ruhuna ən böyük ehtiramın əlaməti idi.

Şüvəlanda bir məzar var, üzü qibləyə deyil, Təbrizə baxır!

Türkün qüdrətini, əzəmətini özündə ehtiva edən müqəddəs məbədləri çoxdur. Əmir Teymurun və Babur şahın ruhunun aynası olan Bibixanım və Tac-Mahal Məqbərə-Kompleksləri onlardan ikisidir. Bibixanım Məqbərə-Kompleksi Türküstanın, Tac-Mahal Kompleksi Hindistanın, Mir Mövsüm Ağa Ziyarətgah-Kompleksi isə Azərbaycanın incilərindəndir. O incilərindən ki, onlar, həm də, dünya mirasıdır. Hər üç Kompleksdə uyuyan əziz insanların – Bibixanımın da, Mümtaz Mahalın da, Mir Mövsüm Ağanın da, sinə daşı göy mərmərdəndir. Hər üçünün Tanrı bağının, Səma ülviyyətinin göstəricisi olan bu rəng İslam Mədəniyyətini çevrələyən bütün ölkələrdə müqəddəs sayılır. Mir Mövsüm Ağa Ziyarətgah-Kompleksinin bir əzəməti, fərqi də var. Bibixanımın da, Mümtaz Mahalın da məzarı üzü qibləyədir. Məzarın üzərindəki məhəccər təmiz gümüşdən hazırlanan, hazırlanmasına 75 kiloqram gümüş sərf olunan, qızıl hissələrinin qızıl suyuna çəkilməsi üçün 4 kiloqram qızıl sərf olunan Mir Mövsüm Ağanın məzarı isə üzü Təbrizədir. O, Ərdəbil Şeyxlərinə, Şeyx Səfi müqəddəsliyinə, Şah İsmayıl Xətai əzəmətinə bağlı bir Övliya idi. Duyğusu, düşüncəsi, İlahi eşqi də Yurd müqəddəsliyinə bağlı idi.

Şüvəlanda bir məzar var, üzü qibləyə deyil, Təbrizə baxır! Vətən qalan, qalan hər şey yalandır!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Artilleriya atəşfəşanlığı əsrlər əvvəl parad mərasimi kimi deyil, XIV əsrdə Avropa gəmilərinin xeyli sayda gəmi topu ilə təchiz

Ən son

GÜNDƏM

Azərbaycanda fevralın 14-də havanın temperaturu 20 dərəcəyə çatacaq.

GÜNDƏM

Azərbaycanda fevralın 14-də havanın temperaturu 20 dərəcəyə çatacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin