Bakı küçələrinin adlarını daşıyanlardan biri də azərbaycanlı memar, professor, Əməkdar inşaatçı, Əməkdar elm xadimi, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü xadimi Əbdülvahab Salamzadədir.
Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.
Əbdülvahab Salamzadə 1916-cı il fevralın 16-da Şamaxıda anadan olub. Əmək fəaliyyətini 1944–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda davam etdirib. Belə ki, o, 1951-ci ildən Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1957-ci ildən isə direktor müavini olub.
Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir. Naxçıvan, Şirvan memarlıq məktəblərinin öyrənilməsində onun müstəsna xidmətləri olub, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.
Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.
Əbdülvahab Salamzadə “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri”, “Əcəmi Naxçıvani”, “Arazboyu abidələr” və elmə xidmət edəcək bir çox başqalarının müəllifidir. Həmçinin alimin M. Hüseynov və L. Bretanitski ilə birgə hazırladığı “Azərbaycan memarlıq tarixi” adlı fundamental əsəri isə Azərbaycan milli memarlıq tarixində müstəsna əhəmiyyətə malikdir.
Əbdülvahab Salamzadə, eyni zamanda Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərin şəhərsalma mədəniyyətini tədqiq etmişdir. O, həmçinin Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada açılmış türbəsinin müəllifidir. 1976-cı ildən ASE elmi redaksiya şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
Əbdülvahab Salamzadə 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə professor elmi adını alan Salamzadə 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir.
Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da vəfat edib.