Artilleriya atəşfəşanlığı əsrlər əvvəl parad mərasimi kimi deyil, XIV əsrdə Avropa gəmilərinin xeyli sayda gəmi topu ilə təchiz olunmağa başladığı dövrdə, dənizçilər arasında riskli diplomatik jest kimi meydana gəlib. Ayrı-ayrı ölkələrə məxsus gəmilər bir-birinə yaxınlaşan zaman və yaxud xarici ölkəyə məxsus gəmi hər hansı ölkənin limanina yan alarkən dənizçi heyəti bortdakı bütün toplardan yaylım atəşi açırdı və silahları nümayişkaranə şəkildə boşaldardı. Toplardan açılan atəşlər qarşı tərəf üçün təhdid deyil, əksinə, sülhə işarə idi, çünki orta əsrlərdə mövcud olmuş topların yenidən doldurulması xeyli vaxt aparırdı və bu səbəbdən gəmini müvəqqəti olaraq döyüş qabiliyyətindən məhrum edirdi.
Dənizdə bir-biri ilə qarşılaşan gəmilərin hücuma məruz qalaraq ələ keçirilməsi riski olduğu bir dövrdə toplardan atəş açılaraq onların boşaldılması böyük risk tələb edirdi. Qarşı tərəfin, istər gəminin, istərsə də sahil müdafiə xəttinin cavab olaraq yaylım atəşi açması da qarşı tərəfə sülh niyyətli olmalarını təsdiqləyirdi. Beləliklə, qarşılıqlı olaraq silahsız və gücsüz vəziyyətə əsaslanan yazılmamış dəniz etiketi protokolu formalaşırdı.
Zaman keçdikcə haqqında danışdığımız təhlükəsizlik siqnalı diplomatik mərasimə çevrildi. XVII–XVIII əsrlərdə 21 atəşlik atəşfəşanlıq ənənəsi formalaşdı və beynəlxalq protokol standartı kimi formaıaşdı. Bu gün artilleriya atəşfəşanlığı dövlət başçılarının səfərləri, milli bayramlar və matəm mərasimlərini müşayiət edir, lakin onun mahiyyəti dəyişməyib: bu, hörmət və sülh naminə könüllü şəkildə müvəqqəti olaraq dayandırılmış, nəzarət olunan gücün rəmzidir.
Beləliklə, strateji zərurətdən doğan hərbi jest beynəlxalq protokolun ən təntənəli nişanələrindən birinə çevrildi.
Hacı Cavadov