Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/11/2026

Paylaşın

HƏR ŞEYDƏN

Köln kafedralı – öz dövrünün ən hündür məbədi

Köln kafedralı

Bəzən qatardan düşüb cəmi bir neçə on addım atmaq kifayətdir ki, tikintisi altı əsr davam etmiş bir binanın qarşısında dayanmış olasan. Köln kafedralı (Kölner Dom) nə təpənin başında gizlənib, nə də şəhərdən kənardadır.

O, vağzalın yanında, səs-küylü küçələr, mağazalar və kafelər arasında yerləşir, lakin buna baxmayaraq XIII əsrdə – cəngavərlər və zəvvarlar dövründə layihələndirilmiş bir abidədir.

Bu kafedral sadəcə qotik memarlıq nümunəsi deyil. O, siyasi ambisiyaların, dini rəqabətin, mühəndis hesablamalarının və əsrlərlə davam edən əzmin nəticəsidir. Onu Avropanın ən çox ehtiram göstərilən xristian relikviyalarından birini yerləşdirə biləcək əsas məbəd kimi inşa etməyə başlamışdılar. Tikinti təxminən üç yüz il yarımçıq qaldı. Daha sonra sənaye dövründə, yeni texnologiyalardan istifadə edilərək tamamlandı. Kafedral müharibələrə, bombardmanlara, fasiləsiz bərpa işlərinə və zamanın təsirinə tab gətirib.

Köln kafedralının tikintisinə 1248-ci ildə başlanılıb və işlər iki mərhələdə aparılıb. Birinci mərhələ 1437-ci ildə başa çatıb. Daha sonra 1842–1880-ci illərdə ikinci mərhələ həyata keçirilib. Tikinti tamamlandıqdan sonra kafedral bir neçə il ərzində dünyanın ən hündür binası olub. Hazırda isə bütün xristian məbədləri arasında hündürlüyünə görə üçüncü yeri tutur. Məbədin yerləşdiyi ərazi xristianlıqla bağlıdır. Ehtimal olunur ki, burada xristianlıqdan əvvəl də hansısa ibadət tikililəri mövcud olub. Erkən orta əsrlərdə şəhərin bu hissəsində müntəzəm olaraq kilsələrin tikildiyi dəqiq məlumdur. Ən qədim tikililərdən yalnız arxeoloji qazıntılar zamanı aşkar edilmiş bünövrə qalıqları günümüzədək gəlib çatıb.

Gələcək kafedralın təməlinə ilk daşı arxiyepiskop Konrad fon Hoxştaden qoyub. Beləliklə, Müqəddəs Roma İmperiyasının öz kafedralının əsrlərlə davam edən tikintisi başlanıb. Bu məbədi yalnız Kölnün iqtisadi gücünü deyil, həm də onun müqəddəsliyini vurğulamaq üçün inşa edirdilər. İlkin plana görə, burada imperator Barbarossanın hakimiyyəti dövründə Köln sakinlərinin İtaliya yürüşündə iştirakından sonra Milandan gətirilmiş üç müqəddəs müdrikin qalıqları yerləşdirilməli idi.

Layihədə əvvəldən nəzərdə tutulmuş tağlı kontrfors sistemi kütləvi divarların uçmasının qarşısını almalı idi, pilastrların olması isə daxili məkanları daha işıqlı edirdi. Yuxarı hissələri iti uclu olan tağlar, tağ örtüyünün yuxarı konturlarından kənara çıxan çoxsaylı zirvələr və ümumi memarlıq forması səmaya doğru yönəlişi vurğulayır və kilsənin memarlıq xüsusiyyətlərini görən hər kəsin dini duyğularını gücləndirir.

Lakin bu nəhəng tikilinin inşasının ilk mərhələsi uğursuzluqla başa çatdı və kafedral XIX əsrə qədər yarımçıq vəziyyətdə qaldı. Gözlənilmədən Köln kafedralının tikintisinin tamamlanmasına Fransız inqilabı təkan verdi. Fransız qoşunlarının Kölnü işğalı zamanı işğalçılar kafedralı anbara çevirdilər. Əsrlərlə davam edən layihənin bu cür təhqir olunması şəhər sakinlərini qəzəbləndirdi. Şəhər azad edildikdən sonra tikintinin davamı üçün vəsait toplanmağa başlandı və 1842-ci ildə işlər yenidən bərpa olundu, 1880-ci ilin oktyabrında isə başa çatdırıldı.

Nəticədə uzunluğu 144,58 m, eni 86,25 m olan bina meydana gəldi. Qüllələrinin hündürlüyü demək olar ki, eynidir: Şimal qülləsi 157,18 m, Cənub qülləsi 157,14 m. Tikinti başa çatdıqdan sonra Köln kafedralı 1884-cü ilə qədər hündürlüyü 169 metr olan Vaşinqton Monumenti inşa edilənədək – dünyanın ən hündür memarlıq quruluşu olmuşdur.

Hazırda Köln kafedralı yalnız qotik memarlığın ən gözəl nümunələrindən biri kimi deyil, həm də nadir müqəddəs əmanətlərin saxlandığı yer və fəaliyyət göstərən kilsə kimi diqqət çəkir. O, heç kimə məxsus deyil, kafedralın sahibi elə kafedralın özüdür. Burada ibadətlər hər gün keçirilir.

Qədim abidələr arasında ən böyük maraq doğuranlar Üç Müdrikin sandığı (Relikviya sandığı), Milan Madonnası və Hero Xaçıdır. İlk iki müqəddəs əşya arxiyepiskop Dasselli tərəfindən Milandan gətirilmişdir. Lakin Madonnanın taxta heykəli 1248-ci ildə baş vermiş yanğın zamanı məhv olmuşdur. Hazırda onu 1290-cı ilə aid heykəl əvəz edir.

Xaç isə kafedrala arxiyepiskop Hero tərəfindən hədiyyə edilmişdir. Bizans ənənələri əsasında hazırlanmış bu iki metrlik palıd ağacından oyma çarmıxaçəkmə IX–X əsrlərə (900-cü illərə) aiddir və öz növündə nadir əsər sayılır.
Lakin XIX əsrin inşaatçıları bir səhvə yol verdilər. Onlar uyğun olmayan daşdan istifadə etdilər və buna görə də bu gün Köln kafedralı daim bərpa işlərinə ehtiyac duyur. Məsələ burasındadır ki, Orta əsrlərdə yaxınlıqdakı daş karxanalarından çıxarılan daşdan istifadə olunurdu, lakin XIX əsrə qədər həmin yataqlar tükənmişdi. Buna görə də ustalar fasadların üzlənməsi üçün məsaməli süxur – tuf daşından istifadə etməyə məcbur oldular. Sonradan məlum oldu ki, bu material müasir şəhərlərin atmosferində bol olan karbon qazının təsirinə qarşı çox həssasdır. Nəticədə kafedralın fasad elementləri tədricən dağılmağa başladı. Hazırda onlar eyni formalı kvarsit detallarla əvəz olunur.

Binanın saxlanılması bu gün ildə təxminən 10 milyon avroya başa gəlir. Əgər Köln kafedralı müasir dövrdə inşa olunsaydı, layihənin büdcəsi 7–10 milyard avro arasında olardı.

Köln kafedralı artıq çoxdan təkcə şəhərin deyil, bütün Almaniyanın simvoluna çevrilib. Bu məbəd Barselonadakı Saqrada Familia, Paris Notr-Dam kilsəsi, Moskvadakı Müqəddəs Vasili Blajenni kilsəsi, İstanbulda Müqəddəs Sofiya məbədi, Venesiyada Müqəddəs Mark kafedralı, Milandakı Duomo, Romada Müqəddəs Pyotr bazilikası, Sankt-Peterburqdakı İsaakiy kafedralı və digər möhtəşəm tikililərlə yanaşı, dünyada tanınır və minlərlə turisti, həmçinin katolik zəvvarı cəlb edir. Hər il bərpa işləri aparılır, interyerdə yeni detallar əlavə olunur, fasad hissəsi təkmilləşdirilir. Rəvayətə görə, Köln kafedralında tikinti işləri tam başa çatdıqda qiyamət qopacaq. Lakin qədim bina daimi qayğı tələb edir, tikinti və bərpa prosesi dayanmır — deməli, dünyanın sonunu gözləməyə əsas yoxdur.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Ən son

GÜNDƏM

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid

GÜNDƏM

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin