Şavar ibn Mücirin xəyanəti, Amalrikin baş tutmayan niyyəti
Üçüncü yazı
Abbasilər xilafəti çökdükdən sonra vaxtı ilə Hindistandan İspaniyaya qədər geniş bir ərazini əhatə edən böyük İslam xilafəti artıq parçalanmış vəziyyətdə idi. İspaniya Abbasilərin nəzarətindən kənarda qalmış, Misir isə Fatimilər sülaləsi tərəfindən ələ keçirilmişdi. Abbasilərin şimal sərhədləri isə Səlçuqluların nəzarəti altına alınmışdı. Livanın bir hissəsi və Müqəddəs Torpaq xristian xaçlı qüvvələrinin iradəsinə tabe edilmişdi. Bütün müsəlmanların bir bayraq altında birləşməsi artıq xəyala çevrilmişdi.
Üstündən 800 il ötəndən sonra o müthiş illəri xatırlamaq insanda kədər hissi doğursa da, təsəlli odur ki, Tanrı bütün İslam dünyasını xilas edəcək bir Lider göndərmişdi. Adı çəkiləndə bu gün də qürur duyduğumuz, Misirin, Yəmənin, Sudanın, Livanın, Fələstinin, Hicazın və neçə-neçə yaşıl bayrağın iradəsinə tabe olan torpaqların, ölkələrin hökumdarı Səlahəddin Eyyubi varlığı, əzəməti, qüdrəti, sərkərdəlik məharəti ilə dünyanın düzənini, mizanını dəyişmişdi. O, Abbasilər xilafətinin son böyük hökumdarı idi. Səlahəddin Eyyubi ömürü boyu xəyalını gerçəkləşdirməyə çalışmışdı. Vahid İslam dövləti qurmaq, xilafətin mirasını, şərəfini qorumaq, bərpa etmək, gücsüz səlibçilərin əlindən almaq onun ən böyük xəyalı və arzusu idi. Səlahəddin digər böyük xəlifələr, sultanlar kimi böyük qələbələr qazanıb fəthlərə imza atmamışdı. Hakimiyyətinin ilk illəri isə məkr, xəyanət və uğursuzluqlarla müşahidə olunmuşdu. Bütün bunlara baxmayaraq, o, cəsarətin, mərdliyin, ləyaqətin nümunəsinə çevriləcək, tarix içində tarix yaradacaq, birliyin, bütövlüyün rəmzinə dönəcəkdi.

Səhraları nəfəsi – Minarədən gələn səs
Uzun illər, əsrlər boyu aparılan araşdırmalara istinad edərək deyə bilərik ki, “1149-cu ildə Yusif İbn Eyyub adlı 10 yaşlı bir oğlan həyətlərində gün keçirib oynayırmış. Bu zaman məsçid minarəsindən bir səs eşidir. Zəngilərin sultanı Nurəddin Zəngi, Ediessadan, səlibçilərlə döyüşdən qələbə ilə dönmüşdü. Ediessa indi Zəngi İslam xanədanlığının bir hissəsi idi. Bu xəbəri eşidən insanlar Zəfər yürüşü olaraq küçələrə axışırdı. Nurəddin Zənginin şücaəti və tərifi hər kəsin dilində idi. Körpə Yusif də yürüşə qoşulmuşdu. Bu hadisə onun incə qəlbinə, zərif düşüncəsinə təsir etmiş, ağlına, ruhuna hakim kəsilmişdi. Xaçlılarla savaşmaq, müsəlmanların itirilmiş şərəfini, tarixi torpaqlarını geri qayıtarmaq onun məqsədinə çevrilmişdi.”
Gənc Yusif bu mücadilə hissi ilə böyüyəcək, gün gələcək Səlahəddin Eyyubi kimi bütün Avropanın, İslam dövlətlərinin, müsəlmanların məhvi üçün kilisələrdə tədbirlər tökən xaçlıların qorxulu röyasına, alınmaz qalasına çevriləcəkdi. “On beş yaşı olarkən o, təhsilini bitirmək üçün ailəsi ilə birlikdə Dəməşqə köçür. Dəməşq o zamanlar Zəngilər xanədanının mərkəzi, paytaxtı idi. Nurəddin Zəngi də burada yaşayırdı. Valideynləri Səlahəddini Dəməşqin məşhur mədrəsələrindən birinə qoyur. Dini və dünyəvi təhsil verən bu mədrəsədə Səlahəddin həndəsə, cəbr, coğrafiya, məntiq və digər elmlərlə yanaşı, Qurani –Kərim və digər İslam elmləri ilə tanış olur, hafiz dərəcəsi alır. Eyni zamanda o, əmisi Əsauddin Şirkuhun nəzarəti altında hərbi biliklərə yiyələnir, döyüş texnikasına öyrənir.”
Əsauddin Şirkuh isə o zamanlar sərkərdə olaraq Nurəddin Zənginin ordusunda general rütbəsində xidmət edirdi. “General Əsauddin Şirkuh təkcə qüdrətli sərkərdə deyil, eyni zamanda möhkəm iradəyə malik döyüşçü idi. O, döyüşlərin birində gözlərindən birini itirmişdi. Bu səbəbdən də gözünü qara örtüklə bağlayırdı. Gözünün birini itirməsinə rəğmən, o, qüdrətli sərkərdə və sərt döyüşçü xarakterini qoruduğundan təkcə Zəngi ordusunda deyil, dövlətdə də xüsusi nüfuza malik idi.”
Məhz bu qüdrətli sərkərdənin diqtəsi, iradəsi və rəhbərliyi ilə Səlahəddin döyüş texnikasını, qılınc tutmağı, zərbə vurmağı, ox və nizə atmağı öyrənir. Təlimi bitirdikdən sonra isə əmisi Şirkuhun ordusuna qoşulur. Zəngilər ordusunda nizamlı hərbi xidmətə başlayır.

Zəngilərin xilaskarlıq missiyası
Bu zaman Fatimilər dövlətinin iki vəziri arasında güc-üstünlük savaşı başlayır. Fatimilər Şiə xanədanı, Abbasilər isə Sünnü xanədanı idilər. Misirin iqtidarını ələ keçirməyə cəhd edən – iki vəzir Şavar ibn Mücir və Zirqam üsyana qalxmışdı. Mübarizənin sonunda Zirqam Şavar ibn Müciri Misirdən çıxarmağa nail olur. Şavar ibn Mücir Nurəddin Zəngidən yardım istəyir. “1163-cü ildə Nurəddin Zəngi Əsauddin Şirkuhun rəhbərliyi altında Misirə ordu göndərir. Səlahəddin də əmisinin əmri ilə orduya qoşulur. Lakin Səlahəddin həmin vaxt heç bir üstünlüyə nail ola bilmir. Döyüşdə baş verə biləcək hadisələr onun hərbi taktika və siyasətindəki ilk təcrübəsi olur.”
Əsauddin Şirkuhun hərbi şücaəti sayəsində Şavar ibn Mücir Misirin Baş vəziri kimi vəzifəsinə bərpa edilir. Onun hakimiyyətini dəstəkləmək üçün Əsauddin Şirkuh Qahirə yaxınlığında ordusunu qarnizon halına gətirir. Ancaq zaman keçdikcə Şiə xanədanının mərkəzində bir sünni ordusunun varlığı Fatimilər sarayında siyasi gərginliyə səbəb olur. Bununla da Şavar ibn Mücir Zəngilər ordusunu Misirdən çıxarmaq üçün siyasi təzyiqlərlə üzləşir. Halbuki o, özü ən çətin anlarda zəngilərdən yardım istəmək məcburiyyətində qalmışdı. Zəngi ordusunun dəstəyi olmadan hakimiyyətini əldə saxlamağın mümkün olmadığını anlasa da, o, yeni bir müttəfiq axtarmaq barədə plan cızır. Fatimilərlə Zəngilərin sərhədləri arasında Amalrikin hakimiyyəti altında olan, Yerusəlim krallığına aid səlibçi dövləti – Qüds krallığı yerləşirdi. Sərkərdə Nurəddin Zənginin generalı Əsauddin Şirkuhun haqqını unudan, daha doğrusu unutmaq məcburiyyətində qalan Şavar ibn Mücir, kral Amalriklə sövdələşməyə gedərək ittifaqını bağlayır və hər iki tərəfdən Zəngilər ordusuna qarşı hücum planı hazırlanır.

Amalrikin Tripolidə aldığı dərs
Əsauddin Şirkuh və ordusu Bilvay adasının ərazisində yerləşmişdi. Plana əsasən şimal-şərqdən Amalrik, cənub-qərbdən Şavar ibn Mücir Zəngilər ordusuna hücum edirlər. Bu xəyanət Zəngi ordusunu çıxılmaz vəziyyətə salır. Onlar Suriya tərəfə çəkilmək üçün səlibçilərin sərhədini aşacaq qədər qüvvəyə malik deyildilər. Şavar ibn Mücirin xəyanəti üzündən isə Qahirəyə geri dönmək olduqca cətin idi.
Ordusunu xilas etmək üçün digər çıxış yolu görməyən general Əsauddin Şirkuh Nurəddin Zəngiyə xəbər göndərir. Nurəddin Zəngi ordusunu Misirə kömək, müdafiə məqsədilə göndərmişdi. Ancaq müdafiə etdikləri ona xəyanət etmişdi. Ordusunu səlibçilərin əli ilə məhv etmək üçün plan cızmışdı. Şavar ibn Mücir, Nurəddin Zənginin inamını qırmış, etimadına xəyanət etmişdi.
Nurəddin Zəngi müdrik hökmdar idi. O, yüz ölçüb bir biçərək qərar alır. “Belə bir məqamda onun əsas məqsədi general Əsauddin Şirkuh kimi bir sərkərdəni və ordusunu xilas etmək idi. Ordunun səlibçilər tərəfindən məhv edilməsinə icazə verə bilməzdi. Qısa zaman kəsiyində hər şey qaydasına düşəcək, xəyanətkarlar cəzasını alacaqdı. Nurəddin Zəngi general Şirkuha yardım məqsədilə əlavə qüvvələr göndərə bilmir, çünki bu, xeyli zaman alacaq və generalın düşmən qüvvələrinin qarşısında dayana biləcəyinə inanmırdı. Buna görə də Amalrikin Misirdəki yürüşünü dayandırmaq üçün başqa plan cızır. Zərbə qüvvəsi təşkil edərək Tripoli ərazisinə hücum edir. Tripoli qraflığı başqa bir dövlət və Amalrikin müttəfiqi idi. Bu səbəbdən də Nurəddin Zəngi Tripoli qraflığına hücum edərkən Amalrikin Misirdəki yürüşünü dayandırmaq və qoşunlarının bir hissəsini Tripolinin müdafiəsinə göndərmək məcburiyyətində qalır. Bu, general Şirkuha qüvvələrini Suriya istiqamətinə qaytarmaq və ordusunu xilas etmək üçün fürsət idi. Məharətli sərkərdə kimi o, bu məqamdan yararlanır və Zəngi ordusunun təhlükəsizliyini təmin edir.”
Amma nə Nurəddin Zəngi, nə də Əsauddin Şirkuh bu xəyanəti Şavar ibn Mücirə bağışlamırlar, unutmurlar . Səlibçilərlə əl-ələ verib müsəlmanlara qarşı qılınc sıyırmaq cəzasız qalmır. Zəngilər uyğun zamanı gözləyirlər. Gözlənilən an 1168-ci ildə gəlir.

Zəngilərin təntənəsi – Əl- Babeyn qələbəsi
Amalrik Misirlə ittifaqını pozub Qahirəyə hücum etdi. Onun ömrü boyu məqsədi Misiri iradəsinə tabe etmək olmuşdu. Şavar ibn Mücirin müdafiəsiz qalması məqsədini gerçəkləşdirmək üçün ona imkan yaratdı. O, dəniz qüvvələrini toplayaraq Nil deltası ilə Qahirəyə yön aldı. Misir Şavar ibn Mücirin hakimiyyəti altında özünü müdafiə etmək üçün zəif və gücsüz idi. Fatimilərin hökmdarı Əl-Adid Nurəddin Zəngidən Misiri xilas etməsini xahiş etdi. Bu, Nurəddin Zənginin çoxdan gözlədiyi an idi. Bu illər ərzində intiqam hissi ilə alışıb-yanan Zəngi hökümdarı Şavar ibn Mücirə xəyanətin dərsini verəcəyi günü çox gözləmişdi.
“Zəngi ordusu Misirə xilaskar kimi daxil olsa, Misir xalqı Şavarı devirmək üçün ona öz dəstəyini verəcəkdi. Bununla, həm də səlibçiləri devirmək və məhv etmək üçün imkan yaranacaqdı. Bu səbəbdən də, general Əsauddin Şirkuhun rəhbərliyi ilə Zəngilər Misirə doğru irəlilədilər. Səlahəddin əmisinin başçılıq etdiyi ordunun bir qolunun sərkərdəsi kimi hücuma qatıldı. Zəngilər və xaçlılar Nilin səhra səddinə yaxın, Gizanın qərbindəki Əl-Babeyn düzündə üz-üzə gəldilər. Zəngilər bu yeri strateji əhəmiyyətinə görə seçmişdilər. Bu üstünlük isə məhz döyüş zamanı bəlli olacaqdı”.
Qeyd etdiyimiz kimi hələlik, Səlahəddin ordunun sağ cinahını, əmisi, general Şirkuh isə mərkəzi komandanlığı öz üzərinə alır. Səlibçi ordusu say və silah baxımından Zəngilərdən daha güclü idilər. Buna baxmayaraq, general Şirkuh və Səlahəddin düşmən qüvvələrini təsirsiz hala gətirmək üçün yeni döyüş strategiyasını müəyyən edirlər. Plana əsasən Səlahəddin ordunun mərkəzi komandanı kimi hücuma keçəcək, əsgərlərini mərkəzi cinahın qüvvələri kimi təqdim edəcəkdi. General Əsauddin Şirkuh isə bütün qüvvələrini döyüş meydanına yerləşdirəcək, bir hissəsini isə səhrada gizlədəcəkdi. Xaçlılar onun bu planını bilmədikləri üçün Zəngi ordusunun mərkəzi qüvvələrinə bütün gücləri ilə hücum edirlər.

Düşməni güclə deyil, taktika və strategiya ilə məglub edən Sərkərdə
Bu, Səlahəddinin bütün hərbi həyatı üçün hazırlaşdğı an idi. Düşməni gücü ilə məğlub edə bilməsə də, onu strategiya və taktika ilə məğlub edəcəkdi. Nəzərdə tutub planlaşdırıldığı kimi, Səlahəddin cinahına geri çəkilmə əmri verir, yenidən səhraya dönüşü ilə döyüşün düzənini dəyişir. Aldanan səlibçilər Səlahəddini və əsgərlərini qovaraq tələyə düşürlər. Səlibçilərin ağır süvariləri dik və qumlu ərazilərdə üstünlüklərini itirir və çevik hərəkət edə bilmirlər. Daha yüngül Zəngi süvariləri eyni ərazidə sürətli hərəkət edə bilir. Beləliklə, səlibçilər üstünlüyü əldən verib gücdən düşürlər. Onların səfləri pozulur, döyüş mərkəzi hücumundan daha çox kiçik hissələrə parçalanır. Həmin məqamı gözləyən Əsauddin Şirkuh ehtiyat qüvvəsini götürüb yenidən hücuma keçir. Eyni zamanda Səlahəddin öz qüvvəsi ilə geriyə dönür və qarşı tərəfdən əks hücuma başlayır. İki tərəfdən sıxışdırılan səlibçi ordusu tamamilə sıradan çıxarılır.
Bu, Səlahəddinin hərbi dühasının, qüdrətinin ilk əlaməti, göstəricisi idi. Səlibçilərə qarşı bu ilk qələbə tarixə yazılacaq, gələcək Eyyubi Sultanının gücünü, qüdrətini dünyaya nümayiş etdirəcək, birliyin, bütövlüyün rəmzinə çevirəcək, Vəzir-i azam, Misirin xilaskarı, İstiqlal carçısı, Eyyubilər İmperiyasının qurucusu, Qüdsün xilaskarı, Müqəddəs Torpağın pənahı, “Məkkə və Mədinənin hizmətkarı” kimi tarix yaradacaqdı. Hər bir müsəlmanın, türkün, Azərbaycanlının qürur duyacağı tarix!
Şərəf Cəlilli