Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/04/2026

Paylaşın

TARİXİMİZ

Yanardağ – Torpağın yaddaşında yanan alov

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır. Bakı şəhərindən 27 kilometr aralıda, Məmmədli kəndinin səssizliyində yerləşən Yanardağ sadəcə təbiət hadisəsi deyil; o, zamanın özü ilə yanan canlı bir yaddaşdır.

Yanardağ yerin dərinliklərindən səthə yol tapan təbii qazın alışması nəticəsində yaranıb. Lakin bu alov adi bir yanma deyil. Burada torpaq nəfəs alır, qayalar od dilinə çevrilir. Bəzən alovun hündürlüyü 10–15 metrə çataraq sanki səmanı torpaqla birləşdirir. Geoloji tədqiqatlar göstərir ki, bu yanmalar tektonik qırılmalar, neft-qaz laylarının hərəkəti və palçıq vulkanları ilə bağlıdır. Amma elmin dili ilə izah edilən bu möcüzə insan ruhunda daha dərin, sözlə ifadəsi çətin bir hiss oyadır.

Tarix Yanardağın alovunu çoxdan tanıyır. Erkən orta əsr mənbələrində Bakı və onun ətrafları “gecə-gündüz yanan torpaqlar” kimi təsvir edilir. Ərazi “Atəş-i Baquan” – yəni “odlar yurdu” adlandırılırdı. V əsrdə yaşamış bizanslı tarixçi Paniyalı Prisk Xəzər sahillərində “sualtı qayadan qalxan od”dan bəhs edərək yazırdı ki, bu alovlar ay işığında daha da füsunkar görünür, sahili öz işığı ilə aydınladır. Sonrakı əsrlərdə əl-Məsudi, əl-İstəxri, əl-Müqəddəsi, Yaqut əl-Həməvi, Həmdullah Qəzvini və daha neçə-neçə alim və səyyah Yanardağdan, yanan torpaqlardan söz açmışdır.

Zamanla Yanardağın qarşı tərəfində mövcud olan üç yanar təpə sönsə də, onların izi Bakının simvolikasında yaşamağa davam edir. Bu gün paytaxtın rəmzi sayılan üç alov dili və dəniz təsviri məhz Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Bu alovlar yalnız təbiətin deyil, şəhərin ruhunun da bir parçasına çevrilib.

Yanardağ həm də inancların mərkəzi olub. Min illər boyu atəşpərəstlər və zərdüştilər üçün müqəddəs sayılan bu məkan “əbədi od” anlayışının canlı nümunəsidir. Burada alov sönmür, çünki o, insan əli ilə deyil, torpağın özü ilə yanır.

Bu qiymətsiz irsin qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 may 2007-ci il tarixli sərəncamı ilə Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. 2018-ci ildə qoruğun yenidən qurulması və müasir turizm infrastrukturunun yaradılması ilə bağlı sərəncam verilib, 2019-cu ilin iyulunda isə əsaslı şəkildə bərpa olunan qoruğun açılışı baş tutub.

Bu gün qoruq ərazisi təkcə Yanardağdan ibarət deyil. Burada “Qurd yuvası” mağarası, çoxəsrlik qəbiristanlıqlar, qədim sanduqələr, kükürdlü bulaq, aktiv Qırməki palçıq vulkanı, Osmanlı səngərləri və yerli əhali üçün müqəddəs sayılan Əlidaşı piri də yer alır. Hər biri Abşeron torpağının ayrı bir hekayəsini danışır.

Yanardağ — sönməyən alovdur. O, nə vaxtsa yaranıb və hələ də yanır. Min illər əvvəl baxılan kimi bu gün də baxılır ona: heyrətlə, ehtiramla və bir az da səssiz sualla – torpaq daha nələr xatırlayır?..

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu

Ən son

TARİXİMİZ

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır

TARİXİMİZ

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin