Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/09/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

“Bakı” və “Baku” axşam qəzetlərinin nəşri paytaxtın həyatında hadisə idi

"Bakı" və "Baku” axşam qəzetləri, "Bakı" qəzeti, "Baku" qəzeti, Nəsir İmanquliyev

Nəsir İmanquliyev: “Çalışın imzanızın məsuliyyətini dərindən dərk edin. Düşünün ki, haradasa sizi bir nəfər oxuyur. Bax, o oxucu naminə yalan yazmayın, saxtakarlıq etməyin!”

Yola saldığımız il Milli Mətbuatın 150 illik yubileyi ilə tarixə qovuşdu. O əlamətdar tarixdə “Əkinçi”, “Füyuzat”, “Molla Nəsirəddin” məktəbləri ilə yanaşı “Bakı” məktəbinin də olduğunu kimsə inkar etmədi. 68 ildir Bakının aynasına çevrilən “Bakı”nın təməli 1958-ci ilin yanvarın 10-da qoyulmuşdur. Beş il sonra, 1963-cü il iyunun 1-də isə rus dilli auditoriya üçün nəzərdə tutulan “Baku” qəzeti nəşr olunmağa başlamışdır. İndi demokratik dəyişikliklərin qızğın çağında, həyatın bütün sahələrinin əsarətdən azad olunduğu bir zamanda yeni qəzet, jurnal, media və kommunikasiya vasitəsi təsis etmək adi hal almışdır. O zamanlar, 68 il öncə isə bürokratik partiya sistemində bütün təbliğat-informasiya işinin bir əldə cəmləşdiyi vaxtda “Bakı”nın, sonra isə “Baku”nun axşam qəzetləri kimi nəşr edilməsi respublika paytaxtının ictimai-siyasi həyatında əlamətdar hadisə idi. Bu qəzetlərin əsasını Nəsir Əsədulla oğlu İmanquliyev qoymuşdur və onlara düz 30 il rəhbərlik etmişdir. İndi iftixar hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzetləri “Əkinçi”, “Füyuzat”, “Həyat”, “İrşad”, “Molla Nəsirəddin” kimi Azərbaycan milli mətbuatında dərin iz qoymuşdur.

Artıq 28 ildir Azərbaycan jurnalistikasının patriarxı, nüfuzlu alim, pedaqoq, ictimai xadim professor Nəsir İmanquliyev cismən aramızda yoxdur. O, milli mətbuatımızda 60 ildən artıq fəaliyyəti ilə özündən sonra parlaq iz qoymuşdur və zəngin biliyi, böyük təşkilatçılıq qabiliyyəti, yüksək mədəniyyətə malik xüsusiyyətləri ilə insanlığa, ziyalılığa nümunə olmuşdur.

Axşam qəzetinin məşhurluğu redaktorunun peşəkarlığı ilə bağlı idi

“Bakı” o vaxtlar hər seyə qadir olan partiyanın çətiri altında müdafiə edilən nüfuzlu qəzetlərin sırasında özünə yaşamaq hüququ və böyük nüfuz qazanmaq uğrunda səy göstərirdi. İlk illərdə az tanınan axşam qəzeti qətiyyətlə, lakin zahiri hay-küysüz ayağa durmaq üçün özünə yol açdı, elə bir xüsusi gərginlik keçirmədən məşhurlaşdı, “simasını” təsdiqlədi. Günün sonunda – saat beş-altı radələrində köşklərin qarşısında “Bakı” axşam qəzeti üçün yaranan növbələr hələ yaddaşlardan silinməyib. O dövrü xatırlayan insanlar  səmimiyyətlə qeyd edirlər ki, oxucular qəzeti açanda peşman olmurdular, kiçik formatlı “Bakı”nın səhifələrində onları narahat edən, doğma şəhərləri üçün aktual olan məsələlər barədə məlumatlar əldə edirdilər…

Axşam qəzetinin məşhurluğu, ilk növbədə, onun redaktorunun əməyi, zəhməti, həm də peşəkarlığı ilə bağlı idi. Şamil Şahməmmədov, Şaban Şabanov, Cəmşid Əmirov, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Şamil Qurbanov, Famil Mehdi, Sabir Gəncəli, Mark Peyzel, Viçoslav Sidorenko, Ağahüseyn Hüseynov, Ənvər Məşədiyev, Zemfira Məhərrəmli kimi istedadlı qələm sahiblərinin çalışdığı “Bakı” və “Baku” qəzetlərində Nəsir müəllimdən sonra üçüncü redaktor məsuliyyətini üzərinə alan Ağahüseyn Hüseynovun dili ilə desək: “Bakı” adlı gəmini məharətlə idarə edib, onu cəsarətlə böyük sulara çıxarıb. Nəsir müəllim o çətin illərdə arxa axtaran yazarları həssaslıqla qoruyub. Tezliklə, axşam qəzeti böyük formatda çıxmağa başlayıb, sonra isə Nəsir müəllim rusdilli “Baku” qəzetinin də nəşrinə nail olub və ötən əsrin 80-ci illərinin sonlarınadək bu qəzet cütlüyünün “yüyənini” öz əlində cəsarətlə saxlayıb. O, yolboyu qarşıya çıxan maneələrdən yan keçməyi öyrənib və başqalarını da buna öyrədib.

Onun həyat yoluna qızılgüllər səpilməyib. Yuxarı qalxmalar bəzən ağır enmələrlə əvəzlənib, lakin Nəsir müəllim heç vaxt təslim olmurdu, heç vaxt həyatdan gileylənməyib. O, üzərinə düşən çətinliklərin altında, sözün əsl mənasında, möhkəm yay kimi sıxılıb və bəzən elə görünüb ki, daha  dözməyəcək, o vaxtkı Bakı şəhər Partiya Komitəsində, həmçinin MK-da yüksək vəzifə kürsülərində əyləşən və onu sevməyən məmurların hücumlarının qarşısında sınacaq. Lakin yay düzəlib, Nəsir müəllim özündə dirçəlməyə güc tapıb. Öz doğma qəzet işinə qayıdıb və başqa hər seyi, bütün xoşagəlməz məqamları unuduraraq, yoluna davam edib…

Nəsir müəllimin başqalarında jurnalistlik vergisini çox həssaslıqla “görməsi” adamı heyran qoyurdu

Uzun həyat yolunda o dəfələrlə qamçılanmışdı. Kənara çəkilmək, sakit ömür yaşamaq, bəlkə də, daha asan olardı, lakin Nəsir müəllimin təbiəti belə deyildi. O, əsl döyüşçü idi, sümüyündən iliyinədək qəzet isinə, öz övladlarına – “Bakı” və “Baku” qəzetlərinə sədaqətli idi. Nəsir müəllimin başqalarında jurnalistlik vergisini çox həssaslıqla “görməsi” adamı heyran qoyurdu. O, təcrübəli bir psixoloq, məharətli seleksiyaçı kimi, qəzet üçün əməkdaş seçəndə yanılmırdı və uzun müşahidələrdən sonra üzərində dayandığı şəxsləri tərəddüd etmədən istehsalatdan, tələbə auditoriyasından birbaşa qəzetdə işləməyə dəvət edərdi. Nəsir müəllimin məktəbini sonralar yalnız peşəkar jurnalist kimi deyil, həm də ən müxtəlif sahələrdə tutduqları vəzifələrdə özlərini yüksək səviyyədə təsdiqləyən yüzlərlə insan keçmişdir. Onların arasında həm dövlət adamları, həm elm xadimləri, həm də hərbçilər və çox sayda yüksək səviyyəli ali məktəb müəllimləri vardı. Lakin onların hamısı özlərinin ustadları sandıqları Nəsir müəllimin yetirmələri kimi qəbul edirdilər.”

Qəzet səlahiyyətli nümayəndədir, arzuedilən olması üçün onu əsaslı insanlar və dövlət üçün faydalı etmək lazımdır

“Jurnalist, dəqiq, qərəzsiz, vicdanlı olmalıdır!” nidası ilə qələm çalıb qəzet nəşr edən Nəsir İmanquliyevin artıq aforizmə çevrilən bu kəlamı o zamanlar üçün Mərkəzi Komitədə belə etalon idi. Qəzet səlahiyyətli nümayəndədir, o, hər evə, hər ailəyə girməlidir. Qəzetin arzuedilən olması üçün onu əsaslı səkildə, insanlar və dövlət üçün faydalı etmək lazımdır. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru, 60 ildən çox respublikanın bu aparıcı ali məktəbində dərs demiş professor Nəsir İmanquliyevin mühazirələri də məhz bu yüksək amillərə istiqamətlənirdi. Onun mühazirələri ibrətamiz olurdu, jurnalistlik məktəbində qazanılan zəngin təcrübə ilə yoğrulurdu. Bu keyfiyyətlər professor Nəsir İmanquliyevdə hələ gəncliyindən, ötən əsrin uzaq 30-cu illərində onun – qazma idarəsinin texnikinin o vaxtlar öz sanbalına görə respublikada birinci olan “Kommunist” qəzetinin redaksiyası ilə əməkdaşlığa dəvət edildiyi vaxtlardan formalaşmışdı. Sonra o, gənc jurnalistin yaradıcılıq ustalığının cilalandığı “Gənc işçi”, “Yeni yol” kimi məşhur qəzetlərdə çalışmışdır. Faşizmlə müharibə illərində Nəsir müəllim “Döyüşən Krım” qəzetini qurmuş, Abbas Zamanov, Rəsul Rza, Zeynal Cabbarzadə kimi qələm sahibləri ilə birlikdə Hərbi jurnalistikanın əsasını qoymuşdur. İkinci Dünya Müharibəsində tarix yaradan Milli Diviziyalarımızın qəhrəmanlıq səlnaməsi məhz bu qəzetin səhifəsində yaradılmışdır. 1943-cü ildə ordudan tərxis olunduqdan sonra yenidən “Kommunist” qəzetinə qayıtmış, burada “Döyüşən Qələm”, “Cəbhədən məktublar” rubrikalarını və “Ədəbiyyat dərnəyi”ni qurmuşdur. Onun jurnalistika ilə yolunun müvəqqəti ayrıldığı vaxtlar da olmuşdur. Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinin müdiri, Radio-İnformasiya Baş İdarəsinin rəisi, Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində sədr müavini kimi fəaliyyət göstərsə də, bu, uzun sürməmişdir. Nəsir müəllim bütün fəaliyyət istiqamətlərində mətbuat məsələləri ilə məşğul olsa da, qəzetçilikdən kənarda qalmağı bacarmaz və bunu heç istəməzdi də. Təsadüfi deyildir ki, o, mənalı və şərəfli ömrünün 30 ilini “Bakı” və “Baku” qəzetləri ilə bağlamışdır. Təməlini qoyub peşəkar kollektivini formalaşdırmış, onu dövrünün məşhur, nüfuzlu mətbu orqanına çevirmişdir.

Milli Mətbuatı milli məfkurənin təməl prinsipi hesab edirdi

Bütün dahilər, istedadlı insanlar kimi Nəsir müəllimin ömrünün son illəri çətin keçmiş, çox zaman üzücü ağrılarla müşayiət olunmuşdur. Doğmalarının itkisi, Ulu Öndər Heydər Əliyevə olan hücumlar, onunla qohumluq bağına malik olmasına görə üzləşdiyi təhdidlər onu həyatının mənası hesab etdiyi qəzet işindən ayrılmağa məcbur etmişdir.  Görmə qabiliyyətinin zəifləməsi, ürəyindəki çoxsaylı ağrılar, üzləşdiyi haqsızlıqlar onu əysə də, sındıra bilməmişdir. Onun yaxından tanıyanlar bilir ki, “Unudulmaz Nəsir müəllim uzun ömründə nə qədər haqsızlıqlar, incikliklər olmuşdu – buna hər kəs tab gətirə bilməzdi. Lakin bu insan, böyük şəxsiyyət ruhdan düşməmiş, dik durmuş, heç nəyin belə qalmayacağına inamını, ümidini itirməmişdir.” 87 illik ömür payının zirvəsində o, əməkdar jurnalist, əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatı laureatı, alim, pedaqoq, ictimai-siyasi xadim kimi uğurlara, nəaliyyətlərə imza atdı. Bakının aynasını yaratdı. Təhdidlərə, təzyiqlərə rəğmən “Yazı yazın, səs salıb mis kimi cingildəsin!” deyib, adı ilə bağlı məktəb yaratdı.

Nəsir müəllim millətini, məmləkətini, sənətini sevirdi. Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə kimi Milli Mətbuatı milli məfkurənin təməl prinsipi hesab edirdi. Onun keşiyində ləyaqət və sədaqətlə dayanırdı. Bu ustad qələm sahibinin, nüfuzlu pedaqoqun irsi bu gün də yaşayır. Nəvə və nəticələrinin, mənəvi varislərinin təməlini qoyduğu “İrs”, “Baku” və “Nargis” dərgiləri, Bakı Media Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi qayğısı, diqtəsi, iradəsi ilə artıq rəqəmsal rejimdə oxuculara təqdim olunan “Bakı” və “Baku” qəzetləri (Baki-baku.az) “Çalışın imzanızın məsuliyyətini dərindən dərk edin. Düşünün ki, haradasa sizi bir nəfər oxuyur. Bax, o oxucu naminə yalan yazmayın, saxtakarlıq etməyin!” nidası ilə qələm çalan ustad jurnalistin ənənələrini davam etdirir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin