Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/24/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

XXI əsr Bakısı: Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtın modernləşdirilməsi

Prezident İlham Əliyev: Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir

Müasir Azərbaycanda şəhərsalma dövlətin bütöv bir inkişaf fəlsəfəsini təşkil edir. Son iyirmi il ərzində ölkənin şəhərlərində yaradılan mühit uzunmüddətli planlaşdırma, sosial məsuliyyət və tarixi-mədəni irsə hörmət prinsiplərinə əsaslanan sistemli idarəetmə yanaşmasının bariz təcəssümünə çevrilmişdir.

Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhərsalma sahəsində həyata keçirdiyi siyasət dövlətin modernləşdirilməsi, məkanın transformasiyası və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi baxımından ən mühüm alətlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan paytaxtında müasir yaşayış kompleksləri, nəqliyyat qovşaqları, parklar, ictimai məkanlar və sosial obyektlər inşa olunur. Həyata keçirilən layihələr yalnız memarlıq baxımından deyil, həm də funksionallıq, təhlükəsizlik və komfort meyarları üzrə müasir tələblərə tam cavab verir. Şəhər infrastrukturunun yenilənməsi Bakıda gündəlik həyat ritmini əhəmiyyətli dərəcədə asanlaşdırır, paytaxt sakinlərinin həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Həyata keçirilən siyasət Bakını təkcə bu günün tələblərinə cavab verən şəhər kimi deyil, eyni zamanda gələcəyin komfortlu, təhlükəsiz və estetik baxımdan ahəngdar urbanistik məkanı kimi formalaşdırır.

Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Bakının yeni istirahət zonaları ilə zənginləşdirilməsinə və paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə xüsusi əhəmiyyət verilir.

Cari ildə də paytaxt sakinlərinin səmərəli istirahətinin təmin edilməsi məqsədilə Bakıda yeni parkların salınması ənənəsi uğurla davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər. Prezident və birinci xanım tərəfindən irəli sürülmüş təşəbbüs və müvafiq göstərişlərə əsasən “Antena” parkının ərazisində istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilib. Nəticədə parkın sahəsi 19 hektara qədər genişləndirilib. Yeni yaradılan park məkanında qısa müddət ərzində əhali və şəhər qonaqları üçün yüksək səviyyəli istirahət imkanları təmin olunub.

Bu il həm də şəhərimizdə salınacaq “Özbəkistan” parkının təməlinin qoyulması ilə yadda qaldı. Şübhəsiz ki, bu park təkcə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün istirahət məkanı olmaqla kifayətlənməyəcək, eyni zamanda iki qardaş xalq arasında mövcud olan çoxəsrlik dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, habelə mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Parkın təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər. Qeyd edək ki, parkda Özbəkistanın zəngin tarixini, memarlığını və mədəniyyətini, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand bölgələrini əks etdirən unikal mühit yaradılacaqdır. Parkın sahəsi 5 hektar təşkil edəcək və o, Özbəkistan xəritəsi formasında salınacaq.

Qardaş dövlətlər arasında diplomatik münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər baxımından Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının açılışı xüsusi diqqətə layiqdir. Cari ilin iyul ayında keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

Dövlətimizin başçısının tapşırıqları əsasında Bakı şəhərində yaşıllıq zonalarının yaradılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində paytaxtın Nərimanov rayonunda, İtaliya–Azərbaycan Universitetinin yaxınlığında istifadəyə verilmiş yeni park özünəməxsus yer tutur. Sözügedən parkda təkcə şəhər sakinləri və qonaqları üçün deyil, həmçinin adıçəkilən ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri üçün də istirahət üçün əlverişli şərait yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni parkın açılış mərasimində iştirak ediblər. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Parkdan söz düşmüşkən, dost ölkələr olan Azərbaycanla İtaliya arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafına yeni impuls verəcək mühüm bir hadisəni, yəni İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimini də xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, habelə cari ilin oktyabr ayında ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Serco Mattarella Bakıda İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində iştirak etdilər. ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və İtaliya Prezidenti Sercio Mattarellaya yeni tikilmiş tədris korpusları barədə məlumat verdi.

Qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb.

Son illər Azərbaycana xarici turistlərin marağının davamlı şəkildə artması nəzərə alınaraq, həm ölkənin regionlarında, həm də paytaxtda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər sırasında yeni rekreasiya zonalarının yaradılması, eləcə də mövcud turizm infrastrukturu obyektlərinin əsaslı təmiri, modernləşdirilməsi və genişləndirilməsi üzrə görülən işlər xüsusi yer tutur.

Bakıda “Sea Breeze” istirahət kompleksinin ərazisində reallaşdırılan müxtəlif layihələr də məhz bu kateqoriyaya aiddir. Burada aparılan işlər mühüm sosial əhəmiyyət daşıyır və yeni iş yerlərinin yaradılmasına töhfə verir.

Cari ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar. Kompleksin ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olunub ki, əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze” gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.

“Sea Breeze”də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir.

Yeni iş yerlərinin açılmasından bəhs edərkən onu da qeyd etmək lazımdır ki, cari ildə Bakıda istifadəyə verilmiş istehsal müəssisələri, şübhəsiz, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rifah göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.

Bu ilin iyun ayında Azərbaycanın paytaxtında “Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışı mərasimi baş tutub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları – popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək.

Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun da açılışında iştirak edib. Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Zavodda 180 iş yeri yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı üzrə görülən işlər nəticəsində yeni istehsal sahələri yaradılır. Bütün bunlar həmçinin yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.

Azərbaycanın güclənməsi və beynəlxalq arenada artan rolu birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.

“Şimal–Cənub” və “Şərq–Qərb” nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmiz son illərdə irimiqyaslı layihələrin həyata keçirilməsi sayəsində beynəlxalq ticarətin aparıcı iştirakçılarından birinə çevrilmişdir. Bununla əlaqədar olaraq gömrük xidmətinin modernləşdirilməsi və bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir.

2025-ci ildə Azərbaycan gömrük orqanlarında da əlamətdar hadisə baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub.

Prezident İlham Əliyevin ölkəmizdə ədəbiyyat sahəsinə göstərdiyi diqqət, qayğı sistemli xarakter daşıyır və Azərbaycan dövlət siyasətinin humanitar istiqamətlərindən biri kimi çıxış edir. Dövlət başçısı milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan ədəbiyyatının inkişafı və onun dünya miqyasında tanıdılması məsələlərinin əsas prioritetlər sırasında olduğunu ardıcıl şəkildə vurğulayır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq görkəmli Azərbaycan yazıçı və şairlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunur, onların əsərləri yenidən nəşr edilir, habelə digər mühüm tədbirlər həyata keçirilir.

Həyata keçirilən tədbirlər sırasında seminarların, konfransların və digər mədəni tədbirlərin keçirilməsi, eləcə də yazıçıların, şairlərin, mədəni ictimaiyyət nümayəndələrinin yaradıcılıq ünsiyyəti üçün nəzərdə tutulan müasir mədəni mərkəzlərdən birinin – Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin bu il baş tutan açılış mərasimi əhəmiyyət kəsb edir. Haqlı olaraq, sözügedən hadisə ölkənin mədəni həyatında əlamətdar məqamlardan biri kimi yadda qaldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib. Dövlət başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verilib və bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq.

Kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin xüsusilə vurğulamaq lazımdır ki,  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.

2025-ci ildə dövlətimizin və xalqımızın həyatında xüsusi yer tutan hadisələr sırasında 44 günlük Vətən müharibəsinin (İkinci Qarabağ müharibəsi) taleyini həll edən, Ali Baş Komandan İlham Əliyevin strategiyasının bəhrəsi olaraq, rəşadətli Azərbaycan Ordusunun Qarabağı erməni işğalçılarından azad etməsinin 5-ci ildönümünün qeyd olunması yaddaşımıza həkk oldu.

Böyük Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş tədbirlər sırasında isə paytaxtda Zəfər muzeyinin açılışı, şübhəsiz ki, milli-mənəvi dəyərlərimizin və milli dövlətçilik tariximizin qorunması və yaşadılması naminə atılmış mühüm addımlardan biri olmaqla yanaşı, Bakının simasını əsaslı şəkildə dəyişən irimiqyaslı layihələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər. Qeyd edək ki, Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.

Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.

Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.

Nəticə etibarilə, Prezident İlham Əliyevin paytaxtın modern inkişafı, sosial infrastrukturun genişləndirilməsi, iqtisadi potensialın möhkəmləndirilməsi, təhsil və mədəni imkanların artırılması, eləcə də tarixi-mədəni yaddaşın qorunması sahələrində reallaşdırdığı çoxşaxəli fəaliyyət Bakı şəhərinin sürətlə inkişaf edən, rahat və təhlükəsiz meqapolis kimi çağdaş simasının formalaşmasına zəmin yaradır. Reallaşdırılan layihələr ölkəmizin paytaxtını innovasiyalarla ənənələrin, funksionallıqla estetik dəyərlərin, sosial məsuliyyətlə strateji planlaşdırmanın vəhdət təşkil etdiyi bir şəhərə çevirir.

XXI əsrdə Bakı yalnız iqtisadiyyat və turizm mərkəzi kimi çıxış etmir, eyni zamanda Azərbaycan xalqının milli iftixarının, zəngin mədəni irsinin və yüksək mənəvi potensialının simvolu kimi dəyərləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımız beynəlxalq mövqelərini möhkəmləndirərək davamlı inkişaf yolunda irəliləyir və şəhər əhalisi ilə yanaşı, qonaqlar üçün də yaşamaq, işləmək və asudə vaxtın təşkili baxımından münbit şərait formalaşdırır.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq" konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin