I yazı
Heydər Əliyev: “Arif Mehdiyev Kərim Kərimov, Tofiq İsmayilov məktəbinin layiqli davamçısı, ölkəmizdə kosmik tədqiqatlar sahəsində məktəb yaratmış böyük alimdir!”
Akademik Arif Mehdiyev 1934-cü il dekabrın 19-da Bakıda, “Neftin dərinlik biogen nəzəriyyəsi”nin müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) deirektoru, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) rektoru akademik Şəfaət Mehdiyevin ailəsində dünyaya gəldi. 1952-ci ildə orta məktəbi bitirdikdən sonra SSRİ-də məşhur olan Moskva Elektortexnika Rabitə İnstitutuna daxil oldu. 1957-ci ildə ali təhsilini başa vurub Bakıya döndükdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda fəaliyyətə başladı. Mərkəzdə-Moskvada adı bəlli bir elm mərkəzində təhsil almasına baxmayaraq, baş laborant, kiçik elmi işçi kimi pillə-pillə yüksəldi. Arif Mehdiyevin bu illər ərzində elektron texnikası üçün cihazların işlənməsi, yarımkeçiricilərdə optik və fotoelektrik xassələrin fundamental tədqiqatları sayəsində aldığı nəticələr yeni yarımkeçirici cihazların işlənməsinə imkan verdi. Əksəriyyəti müəlliflik şəhadətnaməsi alan, praktikada tətbiq olunan bu işlər sabahın ciddi bir aliminin qüdrətini sübut edirdi.
Geniş diapozonda maqnit sahəsini və temperaturu ölçməyə imkan verən yüksək həssaslığa malik yarımkeçirici cihaz, güclü maqnit sahəsində kiçikqradientləri ölçən yüksək dərəcədə həssas qurğu, impuls şüalanma selini qeydə almaq üçün yüksək çevikliyə malik fotoqəbuledici qurğu, yük yığımlı yüksək həssaslıqlı fotoqəbuledici qurğu bu gündə öz praktik əhəmiyyətini itirməyib.
1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi adı alan Arif Mehdiyevin bir elm xadimi kimi həyatında mühüm mərhələ, bəlkə də əsas mərhələ 70-ci illərdən başlanır.

Aerokosmik İnformatika Elmi-Tədqiqat İnstitutunun qurucusu, 30-dan çox ixtiranın müəllifi
1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresindən sonra Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1975-ci ildə iki illik hazırlıq işlərindən sonra “Kaspi” Elmi Mərkəzi yaradılır. Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Arif Şəfaət oğlu Mehdiyev mərkəzin direktor müavini təyin olunur.
Aerokosmik məlumat-ölçü sistemləri və komplekslərinin işlənib-hazırlanması sahəsində əldə etdiyi nailiyyətlər, onun bir alim, təşklatçı rəhbər kimi qüdrətini nümayiş etdirir. Radiotexnika, aerokosmik informatika sahəsində və mikrosxema-texnikanın aktual problemlərinə həsr edilmiş 200-dən çox elmi əsərin, 30-dan çox ixtiranın müəllifi kimi 1978-ci ildə “Kaspi” Elmi Mərkəzinin bazasında yaradılan Azərbaycan Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda elmi işlər üzrə direktor müavini təyin olunur. Elmin bu ağır sahəsinin yükünü çəkən, yeni yaradılmış bu elmi mərkəzin maddi-texniki bazasını, kadr potensialını formalaşdırmaq üçün gərgin əmək sərf edən Arif Şəfaət oğlu 1982-ci ildə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin baş direktorunun birinci müavini vəzifəsinə irəli çəkilir. 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edən alim 1987-ci ildə professor adını alır.
1975-ci ildən bu günədək Azərbaycanın və SSRİ-nin, sonralar isə MDB-nin direktiv orqanlarının qərarı ilə yerinə yetirilən, istehsalatda müvəfəqiyyətlə tətbiq edilən bir çox hərbi təyinatlı elmi tədqiqat, təcrübi-konstruktor işlərinin elmi rəhbəri və fəal iştirakçısı olan akademik Arif Mehdiyev həm də Azərbaycan Respublikası “Radionaviqasiya” Şurasında Azərbaycan Respublikasının nümayəndəsi kimi tarix yaradır.
1979-cu ildə kosmik tədqiqatlar sahəsində uğurla həyata keçirilən, yerinə yetirilən işlərinə görə “Şərəf Nişanı” ordeni ilə təltif olunan akademik “Kaspi” Elmi Mərkəzində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda və SSRİ Baş Kosmos İdarəsinin Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində çalışdığı dövrdə ətraf mühitin kosmik üsullarla tədqiqinin fiziki-texniki problemlərinin, nəzarət-kalibretmə və nəzarət ölçü aerokosmik komplekslərinin yaradılması, Qafqaz Xəzər dənizi regionunun ekoloji problemlərinin həlli istiqamətində gördüyü işlərlə adını elm tarixinə yazdı. Məhz onun, bu böyük alimin xidmətləri sayəsində Azərbaycanda peykaltı informasiya ölçü sistemləri yaradıldı. Qısa bir müddətdən sonra bu peykaltı informasiya ölçü sistemlərinin köməyi ilə Polşa, Çexoslovakiya, Kuba, Monqolustan, Almaniya və Ruminiya kimi sosialist ölkələrinin kosmonavtlarının uçuşu zamanı peykaltı eksperimentlər aparıldı. Bu eksperimentlərin gedişində poliqonda mövcud olan təbii obyektlər müxtəlif hündürlüklərdən-peykdən (kosmosdan), təyyarə və vertolyotlardan (havadan) və yer səthindən eyni vaxtda (sinxron) tədqiq olundu.
1984-cü ldə “İnterkosmos” proqramı çərçivəsində Azərbaycanın Şəki-Zaqatala poliqonunda keçirilən beynəlxalq aerokosmik eksperimentdə yerətrafı orbitdən “Soyuz-7” kosmik gəmisi ilə aparılan ölçmələr havadan AN-30 təyyarə – laboratoriyası vasitəsilə müşayət olunurdu. SSRİ-nin təyyarəçi-kosmonovtları – V.Lyaxov, L.Popov və V.Petrovla yanaşı, Bolqarıstan, Macarıstan, Çexoslovakiya, Almaniya, Kuba, Monqolustan, Polşa alimləri də bu eksperimentdə iştirak edirdi.
Akademik Arif Mehdiyevin rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən bu qlobal layihələr bu gün də öz əhəmiyyətini itirməyib, əksinə müstəqillik, suverenlik əldə etmiş, ölkəsinin elmi-texniki, iqtisadi-sosial tərəqqisinə öz töhfəsini verməkdədir. Malayziya, Pakistan, Tailand, Filippin, Çin Xalq Respublikası, bütövlükdə isə Sakit okean və Asiya ölkələrində bu gün də akademik Arif Mehdiyevin ixtiraları və ideyaları ilə hesablaşırlar.

Məhz onun, bu böyük alimin xidmətləri sayəsində Azərbaycanda peykaltı informasiya ölçü sistemləri yaradıldı
Kosmik fəzanın tədqiqi üçün peyk cihazlarını, xüsusən “Salyut-Soyuz” orbital kompleksinin bortunda uğurla tətbiq olunmuş RS-17 rentgenspektrometrinin və “Mir” orbital stansiyasında düz 15 il ərzində uğurla işləyən “Pulslar-X-1” rentgen teleskopunun yaradılmasında demək olar ki, bütün gücünü, qüdrətini, enerjisini həsr edən akademik Arif Mehdiyev peykaltı avtomatlaşdırılmış informasiya-ölçü sistemlərinin tərkibinə daxil olan elmi cihazlar vasitəsilə Qafqaz-Xəzər regionunda aparılan təqdiqatlar nəticəsində təbii mühitin ekoloji vəziyyətinin öyrənilməsi sahəsində də əvəzsiz xidmətlər göstərib. Akademik Arif Mehdiyevin rəhbərliyi altında işlənən sualtı obyektlərin, boruların, müxtəlif kommunikasiya şəbəkəsinin aşkar olunmasına və onlara nəzarət etməyə imkan verən mobil hidroakustik informasiya sistemi “Qum adası” NQÇİ-də müvəffəqiyyətlə istifadə olunaraq Dövlət Mükafatına layiq görülüb.
“Kaspi” Elmi Mərkəzində, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnistitutunda, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində çalışdığı, sonralar isə Milli Aerokosmik Agentliyə rəhbərlik etdiyi illərdə qlobal layihələrin həyata keçirilməsində ciddi elmi nailiyyətlər əldə edən akademik fizika, texnika və təbiətşünaslıq elmlərinin sintezi olan kosmik elm və texnologiyanın əsasını qoyaraq, inkişaf etdirərək, kosmik elmi strukturların yaradıcılarından oldu.
Özünün təşəbbüsü, gərgin əməyi nəticəsində qurulan Aerokosmik İnformatika Elmi-Tədqiqat İnstitutuna direktor seçilən akademik Arif Mehdiyevin bilavasitə iştirakı və rəhbərliyi ilə yaradılan proqram-aparat kompleksi aerokosmik məlumatları tematik emal etməyə və nəticələri avtomatlaşdırılmış elektron xəritələr şəklində təqdim etməyə imkan verdi.

Bu qurumun fəaliyyəti hərbi və dövlət sirri kimi gizli saxlandığından onun uğurları, elmi-praktiki nəticələri də sirr olaraq qalırdı
Akademik Arif Mehdiyevin ruhundan cücərən başqa bir qüdrətli ideya məsafədən zondlama prinsipi ilə verilən məlumatların qəbulu, emalı və tematik təhlilinin elmi-metodiki əsasları Azərbaycanda aerokosmik informasiyalardan istifadə etməklə coğrafi məlumatlar sisteminin inkişafı üçün zəmin yaratdı.
Bütün səviyyələrdə qərar qəbul edən qurumları əsaslandırılmış, aktual, düzgün və kompleks informasiya ilə təmin etməyə imkan verən coğrafi məlumatlar sistemi bu gün müstəqillik əldə edən, qlobal layihələrə qoşulan, sərvətlərinə, enerji ehtiyatlarına sahib çıxan Azərbaycan alimlərinin xüsusən, də akademik Arif Mehdiyevin qapalı bir cəmiyyətdə yaşayan dövləti, xalqı üçün gördüyü yüzlərlə monumental işlərdən biri idi. Bu işlərdən isə heç birimizin xəbəri yox idi. Çünki 80-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi Azərbaycan Elmlər Akademiyasının nəzdindən alınaraq SSRİ Maşınqayırma Nazirliyinin tabeliyinə verilmişdi. Bu qurumun fəaliyyəti hərbi və dövlət sirri kimi gizli saxlandığından onun uğurları, elmi-praktiki nəticələri də sirr olaraq qalırdı.
Dövrün qapalı olmasına baxmayaraq, akademik Arif Mehdiyev həmkarları, yetirmələri ilə birlikdə hidrometeoroloji, torpaq, ekoloji parametrlərin yığılması və emalı üçün yerüstü avtomatlaşdırılmış informasiya-ölçü kompleksləri, elektromaqnit spektrinin müxtəlif sahələrində işləyən ölçü cihazlarının idarəetmə blokundan ibarət təyyarə komplekslərinin yaradılmasının əsasını qoyur. Tədqiqatçıları çəxsəviyyəli beynəlxalq aerokosmik eksperimentlərin aparılması zamanı peykaltı ölçmələrlə təmin edən bu komplekslər bu gün də öz təcrübi əhəmiyyətini saxlamaqdadır.
Arif Mehdiyevin təşəbbüsü ilə Bakıda regional seminar keçirilir
Ali təhsilini Vətəndən qıraqda Moskvada, Sankt-Peterburqda alan alimin taleyində müxtəlif dövlətlərin xəritələri bir-birinə calaq olur. MBD-ni qarış-qarış dolanan akademik Çindən, Afrika, Asiya və Avropa dövlətlərindən tutmuş, Amerika qitəsinə qədər elmimizi, mədəniyyətimizi, ictimai fikrimizi, fəza ilə, kosmosla bağlı əski çağlardan bu günə və sabahlara boylanan duyğu və düşüncələrimizi ləyaqətlə təmsil edib. Bir sıra beynəlxalq tədbirlərin, konfrans və simpoziumların təşkilat komitələrinin, redaksiya heyətlərinin üzvü olub. Xitabət kürsülərindən gücümüzü, qüdrətimizi həyata, dünyaya, kainata baxışlarımızı müxtəlif dillərdə sübuta yetirib.
1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Kaspi” Elmi Mərkəzində Beynəlxalq tədris seminarı keçirdiyi ərəfədə müxtəlif ölkələrdən gələn 33 alim iki həftə davam edən seminarda alimlərimizin kosmosla, təbii ehtiyatların kosmik tədqiqi ilə bağlı fikir və mülahizələri ilə tanış olduqdan sonra onlarla ünsiyyətə başlayır və onları ölkələrində təşkil olunan konfrans və simpoziumlara müntəzəm olaraq dəvət edirlər. O alimlərin daha çox dəvət alanı, nüfuz sahibi olanı, hər tədbirdə gözləniləni, fikirləri ilə hesablaşılanı isə akademik Arif Şəfaət oğlu idi.
Uzun müddət Moskvanın, SSRİ Hərbi Sənaye Kompleksinin tapşırıqlarını yerinə yetirən Azərbaycan alimləri ilə yanaşı, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Birliyin beynəlxalq əlaqələrini durmadan inkişaf etdirən akademik Arif Mehdiyev ABŞ-da keçirilən Dünya Kosmik Konqresinə dəvət almış, konqresin seksiya iclasında çıxış edən alim, kosmik tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradan sənədləri hazırlayan redaksiya heyətinə seçilmişdir.
1994-cü ildə BMT-nin Çində Yerin kosmosdan öyrənilməsi üzrə “Nazirlər konfransı”nda iştirak edən akademik Arif Mehdiyev Azərbaycan elmini və hökumətini ləyaqətlə təmsil edir. Yerin kosmosdan tədqiqi ilə bağlı Azərbaycan alimlərinin gördüyü işlərdən müfəssəl məlumat verən akademik öz çıxışı ilə millətinin, məmləkətinin haqq səsinə dönür. Həmin konfransdan sonra BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi Komissiyasının sədrinə məktub göndərən akademik Arif Mehdiyev Azərbaycan Milli Aerokosmik Agentliyinin əməkdaşları ilə Pakistana, Tailanda, Filippinə, Malayziyaya səfər edir. Bu dövlətlərin hər biri ilə AMAKA-nın əlaqələrini quran alim, yeni texnologiya və üsulların da respublikamıza ayaq açmasına təkan verir. Məhz akademik Arif Mehdiyevin təşəbbüsü, yazışması və məktubları nəticəsində 1997-ci ildə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi Komissiyası və Avropa Kosmik Agentliyinin maliyyə dəstəyi ilə Bakıda regional seminar keçirilir. On bir ölkənin nümayəndələrinin iştirak etdiyi seminarda təklif olunur ki, Azərbaycanda Avropa ölkələrinin kosmik agentliyinə oxşar Regional Aerokosmik Agentlik yaradılsın. Güney Qafqaza maraqları olan, xüsusən də İpək Yolu boyunca yerləşən, TRASEKA TASİS proqramlarına qoşulan zəngin bioresurslara malik olan, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işlək vəziyyətə gətirildiyi ərəfədə belə bir ideyanın gerçəkləşməsi geosiyasi sistemdə əhəmiyyətli yer tutan, terrorizmə qarşı nəhəng dövlətlərlə bir arada olan Azərbaycan üçün çox gərəkli bir məqamdı.
Bu seminarın nəticəsi olaraq BMT-nin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə təşkilatı olan FAO iki ilə yerinə yetirilən “Azərbaycanın bitki örtüyünün aerokosmik üsullarla öyrənilməsi” layihəsini maliyyələşdirdi. TEKTİ-də laboratoriyalar müasir avadanlıqlarla təchiz olundu. Bu laboratoriyaların vasitəsi ilə Azərbaycanın torpaq örtüyünün, bitkilərinin bir çox tematik elektron xəritələri tərtib edildi. Bu gün bu istiqamətdə əldə olunan nailiyyətlərə İDEA İctimai Birliyinin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva rəhbərlik edir. Ölkəmizdə biomüxtəlifliyin qorunması, təbiətin mühafizəsi, təbii fələakətlərin, katoklizmlərin qarşısının alınması istiqamətində mühüm layihələr gerçəkləşdirilir. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edən Azərbaycan dünyanın qlobal problemlərinin həllində aparıcı qüvvəyə çevrilir.
Regional Aerokosmik Agentliyin yaradılması elm tarixində mühüm hadisə idi
1995-ci ildə Pakistan, Tailand, Filippin və Malayziyada işgüzar səfərdə olan akademik Arif Mehdiyev Milli Aerokosmik Agentliyin rəhbəri kimi başçılıq etdiyi Birliyin beynəlxalq əlaqələrinin inkişafı, elmi potensialımızın təbliği baxımından da xeyli əməli işlər gördü. Bu uğurlu səfərlərin nəticəsi idi ki, AMAKA-nın bir qrup əməkdaşı akademik Arif Mehdiyevin rəhbərliyi ilə Avropa Kosmik Agentliyinin 1996-98-ci illərdə Sakit Okean və Asiya ölkələrində, Avstriyada keçirdiyi konfranslarda iştirak hüququ qazandı.
1999-cu ildə Vyanada keçirilən “YUNİSBEYS-3” konqresində iştirak edən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən akademik redaksiya komissiyasının tərkibinə seçilmiş, sənədlərin hazırlanmasında iştirak edərək elmi problemlərlə yanaşı, biznes və iqtisadi, siyasi məsələlər üzrə fəaliyyət göstərən bölmələrin işinə töhfələr verdi. Səfər çərçivəsində Tailand Texnoloji İnstitutunun rektoru ilə protokol imzalayan akademik Arif Mehdiyev AMAKA-nın əməkdaşlarının İnstitutun tədris mərkəzlərində kurslar keçməsinə nail oldu. Elə həmin il Vyanada növbəti dəfə təşkil olunan Dünya Kosmos Konqresində akademik Arif Mehdiyevin rəhbərlik etdiyi qurumun tədqiqat istiqamətləri, ölkəmizin elmi potensialı barədə ətraflı məlumat verdi.
Bu səfərlərdə kosmik təsvirlərin emal texnologiyası ilə tanış olan, məlumatların qəbuledici mərkəzlərində məsafədən zondlama verilənlərinin kənd təsərrüfatında tətbiqi xüsusiyyətlərinin yeni üsullarını öyrənən Azərbaycan alimləri həm də əldə etdikləri uğurları ilə həmkarlarını tanış edir, güclərini, elmi potensiallarını sübut edirdilər.
Şərəf Cəlilli