Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/10/2025

Paylaşın

TARİXİMİZ

Türküstandan Malazgirtə, Bizansın çökdüyü yerdən Anadoluya

Anadolu

Türküstandan Anadoluya, İraq-türkmən ellərinə köç edən, Altaylardan, Sibir çöllərindən boy alan, İpək yoluna çıxıb Böyük köçə qoşulan türklərin köç səbəbi bu gün də insanı, insanlığı düşündürməkdədir. Böyük köçün səbəbi nə idi? Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, XI yüzildə Türküstanda otlaq sahələri kiçilmiş, susuz səhraları quraqlıq cənginə almış, əhalinin sayı durmadan artmış, tayfalar arasında münaqişələr çoxalmışdı. Bu səbəbdən də köç artıq məcburiyyətə çevrilmişdi. Səlcuqluların qüdrəti artdıqca Avropaya, Bizans torpaqlarına doğru irəliləmiş, bu torpaqları öz iradəsinə tabe etmək məqsədilə yürüşə başlamışdı. Bu dövlət siyasəti olmaqla yanaşı, daha geniş əraziləri fəth etmək, yeni-yeni  bəyliklər qurmaq məqsədi daşıyırdı. Bu,  həm də təkcə yerləşmə, ərazi fəth etmə planı deyildi. Səlcuqlu İmperiyasının dövlət strategiyası, ideologiyası idi. 1071-ci ildə dünyanın dizini titrədən Malazgirt savaşından sonra Bizans imperiyasının dizi yerə gəldi. Bununla Anadolunun təhlükəsi sovuşdu, özünümüdafiə qorxusuna son qoyuldu. Türküstan türklərinin önü açıldı.

Bizans imperiyası dərdinə dərman, xilasına fərman aradığı illərdə Səlcuqlu sərkərdələri və tayfa başçıları bəyliklər qurmağa başladılar. Anadolunun geniş çölləri, sərt-sıldırım qayalarının ətəkləri,  Türküstan türklərinin Ana vətəninə çevrildi.

Altaylardan, Sibir çöllərindən Anadoluya, İraq-türkmən ellərinə köç edən dədələrimiz vardıqları məmləkətlərdə təkcə altundan saraylar, yapmadılar, saraylarını sənətin, mədəniyyətin gülzarına çevirdilər. Baş köşələrində ustad sənətkarlara, fikir və düşüncə sahiblərinə yer verdilər. Qolunun davamını, qılıncda görən sərkərdə-xaqanlarımız qılıncla qurduqları dövlətləri qələmin və kəlamın vəhdətində, harmoniyasında imperiyalara çevirdilər.

Şor türkləri – güney Sibirin inciləri

Altaylardan, Sibir çöllərindən, Türküstan qırgəzlərindən Anadoluya köç edən, yer üzünə yayılan türklərin sırasında Sibirin güneyində yaşayan Şor türklərinin öz yeri var. Gözəlliyi, uca boyu ilə məşhur olan, ovçuluq və dəmirçiliklə güzəran quran, əski gələnəklərdən gələn bu ənənələri, bu gün də davam etdirən Şor türklərinin tarixi, mədəniyyəti, dəyərləri, milli kimlikləri ilə bağlı sənədlər indinin özündə də Peterburq Dövlət Arxivində, kitabxanalarında qorunmaqdadır, Əski bəlgələrdə dəmirçi türklər kimi təqdim edilən Şor türkləri türk dillərinin qıpçaq, Sibir qolunu daşımaqla yanaşı, şaman ayinlərini icra edirlər. Şaman dualarına, inancına bağlı olan Şor türkləri bu gün də təbiətlə iç-içə, baş-başa ömür etməkdə, qara, buza, şaxtaya, borana baxmayaraq Ata yurdun hərarətini qorumaqdadırlar.

Çöl ruhunu yaşadan, Tamburanı ustalıqla dilləndirən Şor türkləri davul döyməklə, ruhları çağırmaqla, şaman dualarına tapınmaqla yanaşı, süfrələrindən “Qımız”ı, maral, ceyran, cüyür ətini, at ətindən alınan “Beşbarmağ”-ı əsirgəmirlər. Qurd dişindən muncuqlar, boyunbağılar düzəldən Şor türkləri “Qurd dişi” ayini ilə lal uşaqların dilini açır, həm də düşmənlərin bəd ruhunun qarşısını alırlar.

Axıska, Ərdahan, Qars o taya, bu taya bölünən Vətən

Şura hökumətinin işğalı ilə başlayan, 30-cu illərin repressiyaları ilə müşayiət olunan ötən əsrin əvvəli sürgün köçləri, Krım tatarlarının, Axıska türklərinin, çeçen, inquş, qaraçay və balkarların – bulqar türklərinin, azərbaycanlıların acıları ilə yaddaşlara yazıldı. “Gülüstan” “Türkmənçay” dəhşətlərindən sonra biz bir türk, azərbaycanlı olaraq, həm də “Qars” “Gümrü” müqavilələrinin ağrılarını yaşadıq. Yarısı Türkiyədə, yarısı Gürcüstanda, sınırın o üzündə qalan Təbriz, Anadolu, İrəvan, Dərbənd, Borçalı kimi vətənində vətənsiz olan insanlarımız, köylərimiz, ellərimiz var desək, bəlkə çoxları inanmaz. Artvin, Ərdəhan, Qars sınırlarında gözümüzün önündə ikiyə bölünən, nisgilə, həsrətə tablayan təkcə köylərimiz deyil, insanlarımız, qan qardaşlarımızdır. Bir kəsimi Türkiyə, digər qismi Gürcüstan vətəndaşı olan türklərin kimlikərində millətləri türk kimi qeyd olunsa da, vətəndaşlıqları ayrı-ayrı dövlətlərdədir.

Bolşevik Rusiyası Qafqazlara gəldikdən sonra, 40-cı illərdə böyük bir hissəsi Türküstan qırgəzlərinə-Qazaxıstana, Özbəkistana sürgün edilən Axıska və Qarapapaq türklərinin törəmələrinin bir qismi taleyin sərt üzündən ötən əsrin 80-ci illərindən sonra Fərqanə hadisələri zamanı növbəti deportasiyanı yaşamış, Türkiyə və Azərbaycana sürgün edilmişlər. Türküstandan Anadoluya köç edən Axıska və Qarapapaq türkləri kədər köçünün acısını talelərində yaşatsalar da, bu gün də tarixi torpaqlarına dönmək ümidlərini itirməyiblər. Tarixin elə səhifələri var ki, onu təkcə vərəqləmək deyil, ondan dərs almaq gərəkdir.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin