Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/06/2025

Paylaşın

HƏR ŞEYDƏN

Kitabların təkamülü

Kitabların təkamülü

Kitablar bəşəriyyət tarixi boyunca inanılmaz inkişaf yolu keçib. Daşlara həkk olunan işarələrdən tutmuş rəqəmsal ekranlara qədər hər bir mərhələ cəmiyyətin zamanla necə dəyişdiyini və insanların intellektual inkişafını əks etdirir.

Ən qədim “kitablar” əslində kitab deyildi, daşlara, sümüklərə və gil lövhələrə həkk olunan simvollardan ibarət idi. Ən qədim nümunələr Mesopotamiyadan tapılmış gil lövhələr və Misirdən olan papirus üzərində yazılardır və bunlar eramızdan əvvəl III minilliyə aiddir.

Qədim Misirdə katiblər uzun mətnləri qorumaq və daşımaq üçün rahat olan papirus üzərində yazırdılar. Bu papiruslar rulon şəklində bükülürdü. Eyni dövrdə Çində bambuk parçaları və daha sonra ipəkdən istifadə olunurdu. Bunlar bağlanaraq kitabın ilkin formalarını yaradırdı. Mesopotamiyada isə şumerlər, akkadalılar, babillilər, assuriyalılar və hetlər su ilə təmizlənmiş gildən hazırlanmış lövhələr üzərində yazırdılar. Bu lövhələr müxtəlif ölçülü və formalı olurdu, lakin ən çox istifadə edilən növ təxminən beş düym (17,7 sm) uzunluğunda, nazik düzbucaqlı bir lövhə idi. Gil hələ yumşaq ikən stillə mixi yazı işarələrini həkk edirdilər. Lövhənin bütün səthinə çox kiçik işarələrlə yazı yazılırdı ki, bir lövhədə daha çox mətn yerləşsin. Uzun mətnlər üçün bir neçə lövhə rəqəmlər və xüsusi işarələr vasitəsilə bir-birinə bağlanırdı. Bu, müasir kitabların səhifələrinin birləşdirilməsinə bənzəyir.

Tarixdə bilinən ilk müəllif Akkad dövlətinin baş kahinəsi və hökmdar Sarqonun qızı Enhedüannadır. O, çoxlu şeirlər, məbəd ilahiləri və miflər yazmışdı.

Yazı materialları inkişaf etdikcə kitabın forması da dəyişməyə başladı və eramızın II əsrində kodeks ortaya çıxdı. Kodeks xüsusi hazırlanmış heyvan dərisindən – perqamentdən və ya velindən hazırlanan vərəqlərdən ibarət idi. Bu vərəqlər qatlanıb bir tərəfdən tikilirdi və beləliklə səhifələr yaranırdı. Papirus rulonları ilə müqayisədə kodeks həm daha davamlı idi, həm də hər iki tərəfə yazmaq olurdu, bu isə mətnin daha uzun olmasına imkan verirdi. Məsələn, bir rulon yalnız Matta İncilini saxlaya bilirdisə, kodeks dörd İncilin hamısını, Həvarilərin işlərini, hətta bütün Bibliyanı belə özündə toplaya bilirdi. Bu dəyişiklik kitab istehsalında və istifadəsində inqilabi addım oldu və müasir kitabın əsasını qoydu.

XV əsrdə Avropada İohann Qutenberqin hərəkətli şriftli çap dəzgahını ixtira etməsi kitabçılıqda böyük dönüş yaratdı. Qutenberqin sistemi ayrıca, yenidən istifadə oluna bilən hərflərdən ibarət idi və bu hərflər yeni sözlər və səhifələr yaratmaq üçün düzülürdü. Düzdür, onun dəzgahı müasir çap texnologiyası ilə müqayisədə daha çox vaxt və səy tələb edirdi, lakin buna baxmayaraq, kitabların çapını sürətləndirdi və Avropada savadlılığın yüksəlməsinə səbəb oldu. Sonrakı əsrlərdə kağız istehsalının təkmilləşməsi papirus və perqamenti əvəz etdi, kitabları həm daha davamlı, həm də ucuz etdi.

XX əsrin sonlarına doğru rəqəmsal texnologiyalar insanların informasiya yaratma və istehlak üsulunu tamamilə dəyişdirdi. Kompüterlər elektron sənədləri və PDF formatını təqdim etdi, internet isə kitabların onlayn paylaşılmasını və saxlanmasını mümkün etdi. 2007-ci ildə Amazon “Kindle” adlı cihazı təqdim etdi və insanlar minlərlə kitabı tək bir yüngül cihazda daşıya bildi. Elektron kitablar rahatlığı, mətn ölçüsünün dəyişdirilməsi və dərhal yüklənməsi səbəbilə sürətlə məşhurlaşdı. Bununla yanaşı, audiokitablar da geniş yayıldı və insanlar səyahətdə, idman edərkən və ya gündəlik işlərini görərkən “kitab dinləyə” bildi.

Bu gün kitablar həm fiziki, həm də rəqəmsal formada mövcuddur və hər iki növün öz üstünlükləri var. Kağız kitablar toxunuş hissi və emosional bağlılıq yaradır, rəqəmsal kitablar, audiokitablar və onlayn kitabxanalar isə sürətli çıxış və qlobal əlçatanlıq təmin edir. Müasir tədris kitabları videolar, hiperlinklər kimi interaktiv elementlər də təqdim edir ki, bu da öyrənmə prosesini daha zəngin edir. Bütün bu dəyişikliklərə baxmayaraq, kitabların əsas məqsədi dəyişməyib, fikirləri qeydə almaq, bilik yaymaq və müxtəlif nəsilləri, mədəniyyətləri bir-birinə bağlamaqdır.

Daş üzərindəki yazılardan rəqəmsal ekranlara qədər olan inkişaf insan kommunikasiya tarixindəki möhtəşəm tərəqqini göstərir. Hər mərhələ yeni ixtiraları və dəyişən ehtiyacları əks etdirir və kitabların hələ də öyrənmənin, yaradıcılığın və insan tərəqqisinin güclü simvolu olduğunu sübut edir.

https://www.britannica.com/topic/publishing/The-medieval-book

https://www.walsworth.com/blog/history-of-book-printing

https://en.wikipedia.org/wiki/History_of_books

Canel Tağıyeva

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Lakin 2025-ci ilin noyabrında yayılan yeni nəsil generativ model olan Google-un Nano Banana Pro adlı alət bu inamı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin