Son aylarda paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də supermarketlərdə nar şirəsinin “fresh” adı ilə satışı geniş yayılıb. Əvvəllər yalnız küçə ticarətində rast gəlinən bu içkilər indi artıq iri mağazalarda da günlərlə vitrinlərdə qalır. Lakin görünüşcə təzə sıxılmış meyvə şirəsini xatırladan bu məhsullar əslində ciddi gigiyenik risklər daşıya bilər. Şirənin saxlanma şəraiti, tərkibinə müdaxilə olunub-olunmaması və şirənin yeni əldə edilməsi ilə bağlı yaranan suallar isə istehlakçıları narahat edir.
Baki-baku.az mövzu ilə bağlı qida mühəndisi və nutrisioloq Fərid Səfərovun fikirlərini öyrənib.
O bildirib ki, Nar şirəsinin “fresh” adı ilə satılması, xüsusilə də günlərlə marketdə qalması bir çox gigiyenik və qida təhlükəsizliyi baxımından suallar yaradır:
“Təzə sıxılmış meyvə şirələri sürətlə oksidləşir, vitaminlərini itirir, şəkər yükü yüksəlir və mikroorqanizmlər üçün çox əlverişli mühit yaradır. Nar şirəsinin 4-6 saatdan sonra keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür. Xüsusilə küçələrdə plastik butulkalarda saxlanılan şirələrdə E.coli, Salmonella, qıcqırma bakteriyaları, maya və kifin çoxalma riski artır”.
Qida mühəndisi qeyd edib ki, günlərlə qalmış nar şirəsinin bir sıra fəsadları var:
“Əgər şirə həqiqətən təzə sıxılıb və pastеrizə edilmədən günlərlə saxlanırsa, mikrobların çoxalması səbəbi ilə ishal, qusma və qarın ağrısı yarada bilər. Bunda əlavə şirə turşlaşır və spirtvari dad əmələ gəlir. Beləliklə qıcqırma prosesi başlayır. Antioksidant və vitamin itkisi yaranır. Narın əsas dəyəri olan polifenollar azalır. Həmçinin şəkərin konsentrasiyası artır. Uzun saxlanma zamanı suyun buxarlanması və oksidləşmə nəticəsində şirə daha çox şəkərli olur”.
F. Səfərov diqqətə çatdırıb ki, pastеrizə edilmiş nar şirəsi isə qısa müddət yüksək temperaturdan keçirilir, mikrob yükü minimuma endirilir və 7–30 gün saxlanma müddəti olur:
“Bu isə artıq “fresh” deyil. Qoruyucu əlavə edilmiş şirələr isə daha da təhlükəli ola bilər. Marketdə günlərlə qalan nar şirəsi əslində “fresh” deyil. Ya pastеrizə olunub, ya qoruyucu əlavə edilib, ya da sadəcə düzgün saxlanmayıb. Bu tip şirələrin qəbulu xüsusilə hamilələr, uşaqlar və həzm sistemi zəif olan insanlar üçün təhlükəlidir. Qida dəyəri də aşağı olur”.
Şübhəsiz ki, nar şirəsi həm dadı, həm də sağlamlıq üçün faydaları ilə məşhurdur. Lakin təzəliyini itirmiş, günlərlə saxlanmış və təzəliyi şübhəli olan məhsullar bu faydanı zərərə çevirə bilər. İstehlakçı olaraq ən böyük gücümüz seçimimizdir: ya riskli, mənşəyi bilinməyən butulkalara etibar edəcəyik, ya da sağlamlığımızı qorumaq üçün şirəni yalnız həmin an hazırlanmış formada qəbul edəcəyik. Hər birimizin masasında dayanan bir stəkan nar şirəsi ya sağlamlığın mənbəyi, ya da problemi ola bilər. Fərqi yaradan isə onun necə və nə vaxt sıxıldığıdır.
