Birinci yazı
Quş yalnız qanadları ilə göyün bağrını yaran bir varlıq deyil, zamanda ruhun azadlığının, İlahi eşqin və görünməyən aləmlərin soraqçısıdır.
Tanrının nidasından, iki sevən qəlbin pıçıltısından doğan, qopub gəldiyinə döndüyü yolda sınaqlardan keçən Adəm oğlu “gəlimli-gedimli, son ucu ölümlü dünya”da nələr görmür ki? Əfsanə, nağıl dolu dünyanı zinətləndirən, irfan bulağından içən və içirən dühaların nuru ilə özünü dərk edən insan bir də onda ayılır ki, eşitdikləri, gördükləri, duyduqları belə bir düzənə, nizama bağlıdır. Buludun ətəyini sıxması, yağışın yağması, günəşin doğması, sevdiyinin sənə könül açması, pəncərənə quşun qonması belə Yaradana bağlıdır.
Bir səhər oyanırsan, gözlərini açar-açmaz pəncərəndə bir quşun var olduğunu görürsən. Bəlkə, bir anlıq dayanır, bəlkə də uzun-uzadı sənə baxır. Həmin an ağlından keçən ilk fikir adi bir təsadüf ola bilər. Amma İbn Ərəbiyə görə dünyada heç nə təsadüf deyil. Onun düşüncəsində qarşılaşdığın hər bir varlıq, hər hadisə, hətta ən xırda bir hərəkət belə Tanrının bir işarəsidir.

“Mən elə-belə gəlmədim, sənin üçün gəldim!”
Quş yalnız qanadları ilə göyün bağrını yaran bir varlıq deyil. O, eyni zamanda ruhun azadlığının, ilahi eşqin və görünməyən aləmlərin soraqçısıdır. Pəncərənə qonmuş quş əslində qəlbinə toxunan bir ilham kimidir. Sakitcə qanad çalıb uzaqlaşanda könlündə bir iz buraxır; “Mən elə-belə gəlmədim, sənin üçün gəldim!” deyən gözəgörünməz bir qüvvənin simgəsi, bəlgəsi olur.
İbn Ərəbi dilsiz, ağızsız quşların da Allahı zikr etdiyini, hər səsin və hər hərəkətin əslində bir müqəddəsliyin əks-sədası olduğunu bildirir. Bu baxış bucağından yanaşdıqda quşun sənə gəlişi sadəcə bioloji bir hadisə deyil, varlığının dərinliklərinə toxunan bir anlamdır. Bəlkə səbirli olmağın, bəlkə ümidini itirməməyin, bəlkə də, qəlbini saflaşdırmağın vaxtının gəldiyini pıçıldayır.
Pəncərə isə ayrıca bir rəmz, simvoldur. Batini aləminlə zahiri dünyanın qovuşduğu sərhəddir. Quşun məhz həmin nöqtədə görünməsi qəlbinin yeni bir həqiqətə açıldığını göstərir. O an hiss etdiklərin əslində kainatın səninlə danışma tərzidir.

Həyatın gözəlliyi yenidən doğacaq…
Heç dərin bir sükut içində quş səsini dinləmisənmi? Həmin an anlayırsan ki, bu səs sadəcə bir varlığın çıxardığı təsadüfi bir ritm, nəğmə deyil. İbn Ərəbiyə görə quşların hər cəh-cəhi, hər qanad çalması Allahın adlarını zikr edən bir təsbehdir. Onlar fərqində olmadan varlıqlarının mahiyyəti ilə Allaha yönəlirlər. Buna görə də pəncərənə qonmuş quş əslində sənə öz dili ilə bir həqiqəti xatırladır.
Quşların mənəvi dili sözlərdən asılı deyil. Onların danışığı sükut içindəki varlıq halıdır. İbn Ərəbi bütün yaradılmışların — daşların, ağacların, heyvanların — Allahı zikr etdiyini vurğulayır. Biz insanlar isə çox vaxt bunu duya bilmirik, çünki qəlbimiz pərdələrlə örtülüb. Amma qəlbin saflaşdıqda, ən sadə bir cəh-cəh belə sənə “Allah buradadır, səni görür, səni unutmayıb” deyə pıçıldayır.
Quşun mənəvi dili bəzən insana ümid gətirir. Yorucu bir günün ortasında pəncərənə qonmuş balaca bir sərçə sanki “Səbirli ol, həyatın gözəlliyi yenidən doğacaq” deyir. Bəzən də xəbərdarlıq edir. Qarğanın sərt səsi daxili bir qarışıqlığı xatırlada bilər. Bəzən isə göyərçinin sakit cəh-cəhi qəlbinin axtardığı rahatlığın kənardan deyil, içindən gələcəyini hiss etdirir.
İbn Ərəbiyə görə, bu səsləri düzgün oxumaq qəlbin nurundan, hissiyyatın gücündən asılıdır. Quş öz işini görür: Allahı zikr edir, qanad çalır və yoluna davam edir. Amma sən onu sadəcə bioloji bir varlıq kimi görürsən, kamil insanlar isə onu İlahi bir işarə kimi qəbul edir.
Mən gəldim, xatırlatdım…
İlahi işarələr daim qarşımızdadır, amma görən göz, eşidən qulaq, anlayan qəlb olmadıqca o işarələr mənasını itirir. Bir quşun mənəvi dili yalnız səsində deyil, gəlişində və gedişində də gizlidir. Bir səhər qəfil pəncərənə qonmuş quş bəlkə də ruhuna, könül dünyana gələn bir qonaqdır. Qəlbində bir yüngüllük buraxıb uzaqlaşması isə “Mən gəldim, xatırlatdım” deyən bir ümid, inam, ilham mənbəyidir.
Onun varlığı qısa sürsə də, izi uzun müddət qalır. Çünki həqiqi bir işarə zamanın qısalığından asılı olmayaraq qəlbdə kök salır. Quşların mənəvi dili eyni zamanda insanın öz daxili halını da əks etdirir. İçində bir narahatlıq olduqda çöldəki quşların səsi belə sənə qarışıq gəlir. Amma qəlbin sakitdirsə, həmin səslər sənə bir simfoniya kimi axır. Yəni əslində quşların dili dəyişmir, dəyişən sənin qəlbinin halıdır. İbn Ərəbinin dediyi kimi, aləm bir güzgüdür; insan orada öz halını görür. Elə isə növbəti dəfə pəncərənə bir quş qonanda onu sadəcə bir varlıq kimi qəbul etmə. Bəlkə də o balaca varlıq Allahın sənə səssizcə göndərdiyi bir xəbərdir. Onun batini səsini eşit. Təkcə eşitmə, qəbul et: Pəncərənə qonmuş quş əslində qəlbinə toxunan ilahi bir nəfəs kimidir. İbn Ərəbi qəlbi ərşin kiçik bir təcəllası kimi görür. Ona görə qəlb Allahın adlarının insandakı aynasıdır. Qəlb açıldıqda insan öz daxilində bütün aləmlərə çata bilər; sanki pəncərədən baxanda bütün mənzərənin göz önündə açılması kimi.
Qəlbin açılması zahiri gözəlliyin və həqiqətin daxilə daşınmasıdır. Pəncərədəki quş bu mənada göy üzündən süzülən, nur haləsinə bürünən bir elçidir.
İbn Ərəbinin tez-tez vurğuladığı kimi Allah bəndəsi ilə işarələr vasitəsilə danışır. Bu işarələr bəzən bir yuxu, bəzən bir insan sözü, bəzən də balaca bir quşun qanad çalması olur.
Ruh da quş kimidir: cismə bağlıdır, amma mahiyyəti etibarilə göylərə aid bir varlıqdır
Göy üzündə süzən bir quşu izləyəndə insanın içində təsviri çətin olan bir azadlıq hissi yaranır. Çünki quş yer üzünə bağlı deyil. O, qanadları ilə hər an yüksəlir, sərhədləri aşır və göyə doğru yol alır. Elə buna görə də İbn Ərəbi quşu ruhun ən güclü simvollarından biri kimi görür. Ona görə ruh da quş kimidir: cismə bağlıdır, amma mahiyyəti etibarilə göylərə aid bir varlıqdır.
İnsanın ruhu sanki bədənin sərhədlərinə həbs olunmuş kimi görünür. Yemək, içmək, yatmaq kimi ehtiyaclar onu yerə çəkir. Amma ruh bu bağlardan qat-qat güclüdür. Quşun qanadları onu göyə apardığı kimi, ruh da Allaha yönəldikdə bütün dünyəvi bağları aşır. Bu səbəbdən quş insanın daxili həsrətini və əsl yurduna qayıtmaq istəyini simvolizə edir.
Şərəf Cəlilli