Dünya tarixində adı demək olar ki, poemaya bənzəyən hərbi münaqişələr çox azdır. Belə münaqişələrdən biri də XV əsrin ikinci yarısında İngiltərədə baş vermiş genişmiqyaslı sülalə çarpışması — Al və Ağ qızılgül müharibəsidir. Ənənəvi olaraq bu müharibənin tarixləri 1455–1485-ci illər hesab olunur, baxmayaraq ki, bəzi tarixçilər son nöqtəni 1487-ci ilə qədər uzadır.
Baki-baku.az Avropanın ən qanlı müharibələrindən birinin tarixini sizə xatırladır.
Niyə münaqişə baş verdi?
1453-cü ildə uzun və zərərli Yüzillik müharibə başa çatdı. İngiltərə məğlub oldu və Lankasterlər nəslindən olan VI Henrix qitədəki demək olar ki, bütün torpaqlarını itirdi, yalnız Kaleyi əlində saxlaya bildi. Siyasi uğursuzluqlar və onun zəif xarakteri kralı ətrafdakılardan asılı vəziyyətə saldı və aristokratiyanı ondan daha da uzaqlaşdırdı.
Bu şəraitdə hakimiyyət uğrunda digər namizəd – York hersoqu Riçard gücləndi. O da VI Henrix kimi III Eduardın nəslindən gəlirdi və bu, ona taxt iddiasını irəli sürmək üçün qanuni əsas verirdi. Müharibədən qayıdan işsiz döyüşçülər və zadəganlar arasındakı gərginlik münaqişəni daha da alovlandırdı.
“Qızılgül Müharibəsi” termini yalnız iki əsr sonra meydana çıxmışdır – onu filosof Devid Yum işlətmişdir. Müasirlər isə bu romantik adı istifadə etmirdilər. Həm Lankasterlər, həm də Yorklar nadir hallarda qızılgülü simvol kimi seçirdilər: birincilər daha çox qırmızı əjdaha, ikincilər isə ağ qaban nişanı ilə çıxış edirdilər. İki nəslin qalalarının eyni adlı qraflıqlara bağlılığı da yox idi, onlar ölkənin müxtəlif bölgələrinə səpələnmişdi.
Hər iki tərəfin ordusu dövr üçün tipik idi: zadəganlar komandir rolunda çıxış edir, döyüşün əsas yükü isə piyada qoşununa — oxçulara, nizəçilərə və atıcılara düşürdü. Süvari daha çox sürətli hərəkət üçün istifadə olunurdu. Müharibənin diqqətçəkən cəhətlərindən biri odlu silahların fəal tətbiqi idi – XV əsr üçün bu yenilik sayılırdı.
Müharibənin gedişi və əsas dönüş nöqtələri
1455-ci ildə baş vermiş ilk qarşıdurma Yorkların qələbəsi ilə nəticələndi və parlament Riçard Yorkskini taxtın varisi elan etdi. Lakin bir neçə il sonra o öldürüldü. 1461-ci ildə Londonda onun oğlu — gələcək IV Eduard kral elan edildi.
Siyasi mübarizə davam edirdi. 1470-ci ildə IV Eduard VI Henrix və nüfuzlu Uorik qrafı tərəfindən devrildi, lakin artıq 1471-ci ildə Eduard taxtı yenidən ələ keçirdi. Həmin il baş verən döyüşlərdə həm Uorik, həm də Lankaster varisi şahzadə Eduard həlak oldu, bir qədər sonra isə VI Henrix öldü. Bu, Lankasterlərin əsas sülalə xəttini faktiki olaraq məhv etdi.
IV Eduard 1483-cü ildə öldükdən sonra hakimiyyət oğluna – V Eduarda keçdi, lakin o, heç vaxt tacqoyma mərasimini görə bilmədi. Parlament onun taxt hüququnu əlindən aldı və kral ölü Eduardın qardaşı – III Riçard oldu.
1485-ci ildə III Riçarda qarşı çıxan Lankasterlərin uzaq qolu olan Henrix Tudor Bosvort döyüşündə qalib gəldi və VII Henrix adı ilə taxta çıxdı. Bu qələbə yeni sülalənin — Tudorların başlanğıcını qoydu. Yorkların son müqavimət ocağı isə 1487-ci ildə yatırıldı.
Müharibə mənbələri
Müharibə haqqında məlumatlar yalnız ingilis salnamələrində deyil, həmçinin fransız diplomat Filip de Kommin və burqundiyalı salnaməçi Jan de Enenin qeydlərində də qalmışdır. Onların yazdıqları Britaniya mənbələrini mühüm şəkildə tamamlayır.
Nəticələr və təsirlər
Al və Ağ qızılgül müharibəsi XV əsrdə Avropanın ən genişmiqyaslı münaqişələrindən biri oldu. Onun nəticələri İngiltərənin dövlət quruluşuna böyük təsir göstərdi:
- Plantagenetlər devrildi, onların yerini Tudorlar aldı.
- Köhnə feodal zadəganlığının nüfuzu kəskin şəkildə azaldı: VII Henrix baronlar üzərində ciddi nəzarət qurdu.
- Şəhərlərin və ticarət sinfinin rolu gücləndi.
- Döyüşlərdə aristokrat nəsillərinin çoxsaylı nümayəndələri məhv oldu.


Murad Muxtarov