Milli dövlətçilik tariximizdə öz qılıncına doğranan, kədərə yozulan hadisələr az deyil. Əmir Teymurun Sultan Bəyazit, Sultan Səlimin Şah İsmayıl Səfəvi ilə üz-üzə gəlməsindən isə yoxdur. Dünya fatehlərinin qılınc sıyırmasıyla sevinənlər ömrümüzə kədər, həm də hədər kimi yazılan hadisələri sevinc hissi ilə kilsələrdə, sinaqoqlarda bayram törənləri ilə qeyd ediblər. Tarixi mənbələr sübut edir ki, dünyanın dizini titrədən, iki qüdrətli türk hökmdarı Əmir Teymurla Sultan Bəyazit 1402-ci ildə Anadolu düzündə üz-üzə gəlir. İki dünya fatehinin bir-birinin üzərinə yeriməsi ilə yer yerindən oynayır. Teymurlu xanədanının qurucusu Əmir Teymurla Osmanlının kəskin qılıncı Sultan Bəyazitin Ankara yaylasında qana qan deməsi ilə, dünya qardaş qırğınına və qanına şahidlik edir. Sultan Bəyazitin qüdrətli ordusu ilə Əmir Teymurun Avropa krallarını belə heyrətləndirən ordusunun üz-üzə gəldiyi döyüş meydanında Sultan Bəyazit əsir alınır. Bu azmış kimi, O, Əmirin əmri ilə zincirə vurulur. Sultan Bəyazit “Mən ki, dünyaya meydan oxudum, indi taleyimə əsirəm. Bu sadəcə bir savaşın sonu deyil, bir imperatorluğun fitrət dövrüdür!” – deyə Teymurlu xanədanının əzəmətini etirafda bulunur.
Bu kədərli etiraf, Anadolu düzündə, Ankara yaylasında baş verən acı səhnə üstündən illər, əsrlər ötəndən sonra “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”- nidası ilə tarix yaradan, 37-ci ilin dəhşətli represiyaları zamanı əcəl şərbəti içən Hüseyn Cavidin “Topal Teymur” əsəri ilə yaddaşdan yaddaşa ötürüldü. Turanın, Türk dünyasının nicatının Birlik, Bütövlükdə olduğunu sübut etdi.

Qurani-Kərimi oxuyarkən qətlə yetirilən Xəlifə
Məhəmməd peyğəmbər əleyhissəlam dünyasını dəyişdikdən sonra dörd xəlifədən üçü sui-qəsd nəticəsində şəhid edildi. Adı İslam tarixinə islahatçı, Qurani-Kərimi yazıya aldıran ilk xəlifə kimi keçən Həzrəti Osmanın evində Qurani-Kərimi oxuyarkən şəhid edilməsi İslam ümmətinin ruhunu tarıma çəkmişdi. Həzrət Osmandan sonra taxta oturan Əli əleyhissəlamdan bir tələb irəli sürüldü: Xəlifənin qatilinin tapılıb cəzalandırılması. Onun tərəfdarları daha çox cinayətin izini Peyğəmbər əleyhissəlamın xatunu, düşüncəsi ilə Xəlifəyə müxalif olan Aişənin tərəfdarlarında görürdülər. Xəlifəni şəhid edənlərin sırasında Aişənin qardaşı Məhəmmədin də olması Həzrət Əlinin durumunu ağırlaşdırmışdı. Şəriət qanunlarının yarımişlək vəziyyətdə olmasından istifadə edən Aişə, iki yaxın silahdaşının — Talha və Zibeydin köməyinə arxalanıb hökm etməkdən belə çəkinmir. Həzrət Əlinin nüfuzu sayəsində sirrin üstünü örtmək istəsə də, Xəlifənin vicdanı buna yol verməmişdi. Peyğəmbər əleyhissəlama xatir Aişəni və tərəfdarlarını düz yola çağırsa da, onların haqqa dönük olduğunu qəbul etdiyindən 656-cı ildə Bəsrə yaxınlığında, “qatil ovuna” çıxan cinayətkarları- Talha və Zübeyri yaxalayaraq cəzalandırmışdır. Xəlifə Osmanın qisasını qiyamətə qoymayan Həzrət Əli əleyhissalam, Xəlifə Osmanın qatillərinin ideya müəllifi və şəriki olmasına baxmayaraq, Məhəmməd peyğəmbərin zövcələrindən biri kimi Aişəni öldürmür, onu Mədinəyə göndərməklə kifayətlənir.
Aişə üçün nəzərdə tutulan, sürgünün bir növü olan bu gediş cəza tədbiri olsa da, olan olmuşdu. Peyğəmbər əleyhissəlamdan sonra ilk Xəlifəyə,Qurani-Kərimi yazıya aldıran Həzrət Osmana qıyılmış, Müqəddəs Tanrı kitabını oxuyan zaman haqq yolunda Şəhid edilmişdir.
Qarşıda Əli əleyhissalamı da şəhadət gözləyirdi. Həzrəti Osmanı Qurani-Kərim oxuyarkən qətlə yetirən din düşmənləri Əli əleyhissalamı namaz üstündə kürəyindən xəncərlə vurub İslam tarixində növbəti günaha qol qoymuşdular.

Yavuz Sultan Səlim – “Kutsal” əmanətləri Osmanlıya gətirən sultan
Bütün həyatını at üstündə, yürüşlərdə keçirən, Peyğəmbər əleyhissalamın “Kutsal” müqəddəs əmanətlərini Osmanlıya gətirən, onun başında hər gün dayanmadan Qurani-Kərimin hafizlər tərəfindən oxunması üçün fərman imzalayan, xəzinəni fərh etdiyi ölkələrdən gətirdiyi qənimətlər hesabına özündən əvvəlki və sonrakı sultanlardan üçqat artıq dolduran Yavuz Sultan Səlim tarixdə həm də yüksək imanı,qələbə əzmi və inamı ilə qaldı. Təkcə sultanların deyil, kralların belə heyrət etdiyi Sultan 1516-cı ildə Məmlük Osmanlı gərginliyi artan zaman Misir səfərinə qərar verir. Ölkənin bütün guşəsindəm tutmuş İstanbula qədər hazırlıqlar başlayır. Top tökən emalatxanalar gecə-gündüz demədən çalışır. 10 minlərlə əsgər ordu sıralarına çağrılır. Anadoludan sipahilər-süvarilər, Osmanlı sarayının əsas ordu heyyəti – yeniçərilər və könüllü döyüşçülər İstanbula gəlir. Osmanlı donanması səfər ehtiyatına başlayır. Ərzaq təchizatı təmin edilir. Seçmə atlar gəmilərdə yerbəyer olur. İstanbuldan Hələbə, Hələb üzərindən Şama, Şamdan Misirə yürüş planı tutulur. Yavuz Sultan Səlim Ordunun təchizatı ilə yanaşı, texniki məsələlərlə məsuliyyət qaydalarına nəzarəti Sultan Komutana həvalə edir. Sultan tərəfindən itaətsizlik edənlər haqqında ölüm hökmü kimi ağır cəza kəsilir. Silahları, qılınc, ox və sadaxların vəziyyəti gözdən keçirilir. Zirehlər, dəbilqələr təzələnir. Yaz gələr-gəlməz Osmanlı ordusu təntənəli törənlə İstanbuldan qopub Misirə doğru yol alır. Yavuz Sultan Səlim səfərdən bütün dövrlərdə olduğu kimi zəfərlə dönür.
Şərəf Cəlilli