III yazı
Tiflisdə bir bağ var – Nəbatat bağı. Orda gül gülü, bülbül bülbülü çağırır. Süsən sümbülə, gül bülbülə qarışıb. Burada dünyanın ən nadir bitkiləri, çiçəkləri, ağacları əkilib. Tiflisin bütün millətlərdən olan sakinləri də, qonaqları – turistlər də ora gəzməyə gəlir. Hun, Səlcuq, Qəznəli, Qaraqoyunlu, Ağqoyunlu, Qarapapaq, Səfəvi, Əfşar, Qacar türklərinə bağlı Borçalılardan, Qaraçöplülərdən savayı hamı ora Ruhların nəğməsini dinləməyə gəlir.
Qolunun davamını Qılıncda, Ruhunun davamını Sazda görən Sərkərdə-xaqanlarımızın tarixi torpaqlarında Sarayda Sultan olduqları vaxtlarda bura yaddaş yeri olub. Qoç heykəlləri, qəbirüstü abidələri, çopur, iri, imiri sənduqələri, əski çağ mədəniyyətinə, kosmoqonik görüşlərinə, mifoloi dünyagörüşünə bağlı başdaşıları ilə. Sonra Şura hökuməti gəlib. Tiflisin ürəyinin başından bu torpaqların tarixi sahiblərinin daş yaddaşını silmək üçün İosif Stalindən, Lavrenti Beriyadan, Anastas Mikoyandan göstəriş alıb.
“Füzulini dərd əlindən dağa, yaylağa çıxaran” Şura hökuməti Qarapapaqların yaddaş yerində Bağ salıb – Nəbatat bağı! Cümhuriyyəti yarı yolda qoyan, 32 min düşünən beyinimizi Azərbaycanda 2143 ziyalını, din xadimini Borçalıda, 9300 türkü Dəmirqapı Dərbənddə, 16800 türk-müsəlmanı İrəvanda, Zəngəzurda 37-ci ilin dəhşətli repressiyaları zamanı ölümün ağuşuna atan Şura hökuməti indi həm də, Görkəmli Azərbaycanlılar Panteonu adlanan Nəbatat bağını salmaq üçün Hunların, Moğolların, Qəznəlilərin, Əfşarların, Qacarların, bu torpaqların tarixi sahiblərinin, sakinlərinin ruhunu incitsə də, “Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?” sualına “Ruhani olmaq istəyirəm” cavabını eşidəndə “Səndəmi, şarlatan olmaq istəyirsən!? Həyatını onların sırasında zay etmə!” heyrəti, nidası ilə Mirzə Fətəli Axundzadənin gözlərini açan, ona düz, doğru yolu göstərən Mirzə Şəfi Vazehin, “Əfsus, min əfsus ki, nə İran, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xətrinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar!” nidası ilə ilk yeni tipli əlifbanı tərtib edən, dram əsərləri ilə Şərqin gözündəki qara pərdəni qaldıranların, “Vəkili milləti-naməlum” imzası ilə milli mətbuatı milli məfkurənin təməldaşına çevirən Həsən bəy Zərdabini, çiynini Çar çinləri, sinəsini Çar ulduzları bəzəsə də, Azərbaycançılıq ideologiyasının konturlarını müəyyənləşdirən Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov kimi tarixi şəxsiyyətlərin sırasında yer alan Mirzə Fətəli Axundzadənin, Difai Partiyasının üzvlərindən, Türk Ədəmi – Mərkəziyyət Partiyasının qurucularından biri, parkinson xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, “İstiqlal Bəyannaməsi”nin müəllifi, ona ilk imzanı atan qüdrətli şəxsiyyət kimi titrək əlləri ilə tarix yaradan Həsən bəy Ağayevin, Milli Hökumətin qurucusu kimi “Bizimdə yaşamaq, azad yaşamaq hüququmuz var!” nidası ilə ana dilini Səfəvilər imperiyasından 500 il sonra dövlət dili elan edən, Milli Ordunun yaradılması, Hərbi Nazirliyin, Məclisi-Məbusanın qurulması, Azərbaycanın üçrəngli, hilallı, ulduzlu Bayrağının Şərqin ilk Avropa tipli təhsil məbədini – Bakı Universitetinin təsis edilməsi, Gəncənin və Cəbrayılın tarixi adlarının bərpa edilməsi, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərinin araşdırılması məqsədilə Fövqalədə Komissiyanın yaradılması haqqında qərarlar alan, ən əsası Azərbaycanın istiqlaliyyətini dünyaya tanınmasını Məclisi-Məbusana bəyan edən Fətəli xan İsgəndər xan oğlu Xoyskinin özü boyda Vətən olan məzarlarının üstünə gələ bilməzdi.

Yaddaşımızın üç müqəddəs ünvanı – “İstiqlal” abidəsi, Bayraq Meydanı, Görkəmli Azərbaycanlılar Panteonu!
Bakıda, Azərbaycanda Mirzə Şəfi Vazehin də, Mirzə Fətəli Axundzadənin də, Həsən bəy Ağayevin də, Fətəli xan Xoyskinin də abidələri, büstləri, barelyefləri – xatirə lövhələri var. Adlarına bağlar, küçələr, meydanlar da var. Üç müqəddəs ünvan var ki, onlar bilavasitə milli-mənəvi dəyərlər, milli dövlətçilik tarimizlə bağlı müqəddəsliklərdir. “İstiqlal” abidəsi, Bayraq Meydanı, Tiflisdə – Nəbatat bağında mövcud olan Görkəmli Azərbaycanlılar Panteonu!
Ulu Öndər Heydər Əliyevin də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də Cümhuriyyətə, Cümhuriyyət qurucularına özəl münasibəti, sevgisi olub. “İstiqlal” abidəsinin ucaldılması, Bayraq Meydanının yaradılması, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad olunmasının 100, Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə imzalanan sərəncamlar dediklərimizə əyani sübutdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Əli Mərdan bəy Topçubaşovun iradəsi ilə Versal Sülh Konfransında tanındıqdan sonra Fətəli xan Xoyski onu Məclisi-Məbusana elan edərkən deyirdi: “Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün də bayramdır. Böylə bir günü əldə etmək üçün qeyri millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm!”

Dəyişən quruluşa, zamana baxmayaraq İstiqlaliyyətimizi qorumuş, suverenliyimizi bərpa etmişik
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı imzaladığı sərəncam 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində tarixi qələbənin 5-ci ildönümünə, üstəlik ölkəmizdə “Konstitusiya və Suverenlik ili”nin qeyd olunduğu müqəddəs məqama təsadüf edir. Bu sıradan bir təsadüf deyil, ümumiyyətlə dünyada təsadüf adında heç nə yoxdur. Hər şey İlahi düzənə, nizama, mizana bağlıdır. Biz bir millət, məmləkət olaraq “İstiqlal Bəyannaməsi”ndən “Konsitutusiya və Suverenlik ili”nə qədər tarixi bir yol keçib, uzun məsafə qət etmişik. Dəyişən quruluşa, zamana baxmayaraq Milli kimliyimizi, İstiqlaliyyətimizi, Özgürlüyümüzü qorumuş, Suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmişik.
Fətəli xan Xoyski “İstiqlal Bəyannaməsi”nə imza atan qüdrətli şəxsiyyət, siyasi xadim, Azərbaycanın istiqlaliyyətini dünyaya, təsdiqini Məclisi-Məbusana bəyan edən, təzyiq və təhdidlərə baxmayaraq Hökumətin Memarı kimi cəmi 23 ayda əsrə, epoxaya bərabər layihələri gerçəkləşdirən, rəsmi dövlət sənədlərinə imza atan, daxili və xarici düşmənlərə qarşı mücadilədə dik, dimdik duruşu ilə sərkərdə-xaqan əzəməti sərgiləyən, 45 yaşında dünyaya vida nəğməsi oxumasına, müdhiş ölümünə, ailə faciəsinə, nakam taleyinə baxmayaraq, əyilməz iradəsi, dönməz xarakteri, həm də Vətənin qıraqda qalan yeri, Tiflisdəki Görkəmli Azərbaycanlılar Panteonundakı əzəmətli abidəsi ilə tarixlə müasirlik arasında körpüyə çevrilən Azərbaycan Respublikasının sütunlarından biridir!
Şərəf Cəlilli