İdmanın əsas dəyəri təkcə rekordlarda və medallarda deyil, insan imkanlarının hədsiz olduğunu sübut etməsindədir.
Baki-baku.az ən parlaq nümunələrdən birini xatırladır.
Cessi Ovens: nasizmi alt-üst edən qələbə
1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunları sadəcə idman hadisəsi deyildi – bu, ideoloji qarşıdurmanın meydanına çevrilmişdi. Həmin oyunlarda ilk dəfə Olimpiya məşəli alovlandırıldı və yarışlar birbaşa efirdə yayımlandı. Lakin Olimpiadanın keçirilməsi təhlükə altında idi – bir çox ölkələr nasist Almaniyasının irqçi siyasətinə görə yarışları boykot etməyi nəzərdən keçirirdi.
Dünyanı sakitləşdirmək üçün Üçüncü Reyx rəhbərliyi ölkədə irqçilik olmadığını “sübut edən” genişmiqyaslı təbliğat kampaniyası təşkil etdi. Hitler və Gebbelsin planına görə, Olimpiya Oyunları “ari irqinin üstünlüyünü” nümayiş etdirməli idi. Ancaq hadisələr tam əksinə inkişaf etdi.
ABŞ yığmasının tərkibində bir neçə afroamerikalı idmançı var idi və onlardan biri də Cessi Ovens idi. Onun möhtəşəm çıxışları irqi üstünlük mifini darmadağın etdi: Ovens dörd qızıl medal qazandı — üçü sprint yarışlarında, biri isə uzunluğa tullanmaqda.
Ovensin qələbəsi ədalət və bərabərliyin simvoluna çevrildi. Onun zəfərindən sonra Hitler idmançıları şəxsən təbrik etməkdən imtina edərək mükafatlandırma mərasiminin formatını dəyişdi. Lakin bu jest artıq əsas həqiqəti gizlədə bilmədi — Cessi Ovensin hekayəsi qaradərili idmançılara münasibəti kökündən dəyişdi və irqi ayrı-seçkiliyə qarşı mübarizədə mühüm addım oldu.
Murad Muxtarov