Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2025

Paylaşın

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Hacıbaba Hüseynov – Səsi köhnə Bakıdan gələn bir ömür – BAKILILAR

Hacıbaba Hüseynov

Köhnə Bakının damı qırlı evləri, dar məhəllələri, məscidlərinin minarəsindən ucalan azan səsi, dənizdən əsən küləklə qarışıb gələn zəhmət ətri… Bu şəhərdə səslər təkcə eşidilməzdi – duyulardı. Bu səslərin içində isə bir səs vardı ki, təkcə qulağa deyil, qəlbə toxunurdu. O səs Hacıbaba Hüseynovun səsi idi. Sadəliyin, səmimiyyətin, Bakıya və muğama sonsuz bağlılığın səsi.

Çəmbərəkəndin səsi

1919-cu ilin martında, Bakının özünəməxsus adət-ənənələri, sükutlu məscidləri, mehriban məhəllə söhbətləri ilə tanınan Çəmbərəkənddə dünyaya göz açmışdı Hacıbaba Hüseynov. Hüseynəli kişi ilə Seyid Fatimənin oğlu idi – nənəsinin arzusu ilə dini savad almalı, axund olmalı idi. Uşaq yaşlarından məsciddə azan oxuyan, növhələr deyən bu oğlanın içində doğulan səs sonralar təkcə dini duyğuları deyil, muğamın da ilahi tərəfini ifadə edəcəkdi.

Amma həyat onu erkən yaşdan zəhmətə alışdırdı. Dənizdə atası ilə birlikdə işləyir, qayıqdan malları daşıyırdı. Səsi ilə kövrələn atası deyirdi: “Mızıldanırsan, bilirəm… Amma birdən xanəndə olarsan, o sənət adamın belini qırar”. Hacıbaba özü də o vaxtlar nə muğama meyil göstərirdi, nə də səhnəyə. Amma içindəki səs yatmırdı, illər sonra bütün Bakının sükunətini oyadacaqdı.

Səsin oyandığı illər

O, məktəb təhsilini dördüncü sinifdən sonra tərk etmişdi – dinə, inanca zidd deyilən sözlərə üsyan edərək. Sonra tornaçılıq peşəsinə yiyələndi, müharibə dövründə yaxşı ustalığına görə arxa cəbhədə saxlanıldı. Amma muğam hər zaman ruhunda yaşayırdı. Qohumu, qarmon ifaçısı Teymur Dəmirov onu toylara aparmağa başlayanda, Hacıbaba hələ nağara çalırdı. Əslində isə zamanla səhnəyə çəkilən ruhu, sadəcə yolunu tapırdı…

Toylarda xahiş edirdilər – “Oxu, Hacıbaba”. O isə utanırdı: “Zülfinin, Seyidin qarşısında oxuya bilmərəm”. Hərdən bir bir-iki mahnı, muğam ifa edərdi. Amma bu səs artıq sadəcə ona aid deyildi – bu, xalqın, Bakının, bir millətin səsi idi. Nəhayət, 1945-ci ildə baldızı Sara Qədimova onu tarzən Əhməd Bakıxanovla tanış etdi. Bakıxanovun ansamblında işləyərək muğamın incəliklərini öyrəndi. Bu günə qədər bu sənətin öz səsi ilə öyrənilmiş “məktəbsiz məktəblisi” sayılır.

Bakı onun nəfəsində yaşayırdı

Hacıbaba Hüseynovun səsi yalnız bir ifaçı səsi deyildi – onun nəfəsində Bakı vardı. Köhnə küçələr, divarları nəm çəkmiş həyətlər, məhəllə böyüklərinin bərəkətli duaları, Bakı küləyində yellənən paltarların səsi… O, sadəcə muğam oxumurdu, o, Bakını danışdırırdı. Onun üçün Bakı yalnız doğulduğu şəhər deyildi – Bakı onun ruhunun dili, səsinin beşiyi idi.

İfasının fəlsəfəsi və məktəbi

Muğamı dərindən bilirdi. Füzuli, Seyid Əzim, Nəsimi – bu klassiklərin qəzəllərini əruzla, ruhla və ilhamla oxuyurdu. Rast muğamının “Üşşaq”, “Hüseyni”, “Novruz‑Ravəndə” şöbələrində, digər muğamlarda “Şah Xətai” şöbələrində ilk ifaçılardan biri olması bu dövrün məhsuludur. Əlavə olaraq “Bayatı‑Şiraz” muğamının “Dilrüba” şöbəsini dərsliyə daxil etməsi onun muğam məktəbinə verdiyi konkret töhfələrdəndir.

Hacıbaba müəllimsiz oxumuşdu, amma özü yüzlərlə sənətkarın müəllimi oldu. Asəf Zeynallı adına Musiqi Məktəbində 30 ilə yaxın muğamdan dərs dedi, dərs demədiyi sənətkarlara da yol göstərdi. Onun tələbələri bu gün də “səslə sözün qovuşduğu yeri” onunla tapdıqlarını deyirlər.

Şöhrətdən uzaq, səssiz bir ömrün səsləri

Hacıbaba Hüseynov ömrünün çox hissəsini adsız, titulsuz keçirdi. 70 yaşına qədər heç bir fəxri ada layiq görülməmişdi. Xarici ölkələrdə konsert verməyə də yalnız 70-dən sonra getdi. Amma o heç vaxt bundan narazı olmadı. Onun üçün əsl mükafat, xalqın qəlbindəki yeri idi ki, o yer də ən ucalarda bərqərar olmuşdu.

1993-cü ilin 24 oktyabrında bu səs susdu. Amma Hacıbaba Hüseynov ömrü boyu oxuduğu kimi – təmtəraqsız, təvazökar, xalqın içində və xalq üçün yaşadı. O, Fəxri xiyabanda dəfn olundu, amma əslində, xalqın hafizəsində dəfn olunmadı – orada yaşamağa davam edir.

Unudulmaz irsi

“Bərəyə bax, bərəyə”, “Qarpız kəsdim, yeyən yox”, “Qara tellər” kimi xalq mahnılarına yeni nəfəs verən sənətkarın ifaları bu gün də dinlənildikcə köhnə Bakının qapıları aralanır, səssiz məhəllələr danışmağa başlayır.

2019-cu ildə onun 100 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Prezident İlham Əliyevin sərəncamında deyilirdi:

“Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur”.
Sonda…

Hacıbaba Hüseynov bir səs idi – amma o səsdən daha çox, bir şəhər idi. Köhnə Bakının səsi idi. O, bizim məhəllələrimizin, təvazökar günlərimizin, nağıl kimi toylarımızın, sükutla başlayan ifaların xatirəsidir.

O səsə qulaq asanda sanki Çəmbərəkənddə günəş doğur, bir dar küçədən azan səsi gəlir, Hacıbaba öz evində oturub bir qəzəlin sözlərini düşünür. O səs bizimlədir – çünki o, heç vaxt səhnə üçün oxumadı. Hacıbaba Hüseynov yalnız xalq üçün oxudu. 

Xanım Aydın

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mənim üçün Qarabağ həmişə nağıl kimi, sirli, əlçatmaz bir məkan olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin