Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/08/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Zahidə Atabəy – Atabəylərin ötkəm və əyilməz xatunu

Zahidə Atabəy, Atabəylər, Eldəgizlər

Naxçıvan hakiminin, Xarəzm şahbanusunun anası

Milli dövlətçilik, milli-mənəvi dəyərlər tariximizin mühüm mərhələsi sayılan Atabəylər dövlətinin inkişafında Eldəgizlər sülaləsinin xüsusi xidmətləri olmuşdur.

Sultan II Toğrulun baş xatunu Möminə xatunun istəyi ilə Atabəy təyin etdiyi Şəmsəddin Eldəgizin sarayında ədalət, xeyirxahlıq bərqərar olmuş, elm və mədəniyyət yüksək inkişaf səviyyəsinə qalxmışdı.

Atabəylər dövləti Güney Qafqazdan Osmanlıya, İran körfəzinə qədər böyük bir ərazini əhatə edən, Azərbaycan, Arran, Şirvan, Çibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey kimi münbit torpaqlarda, qüdrətli saraylarda hakimlik edirdi. Sultan II Toğrulun oğlu Qızıl Arslandan sonra Atabəylər dövlətinə onun Atabəyi Şəmsəddin Eldəgizdən olan qardaşı Məhəmməd Cahan Pəhləvan başçılıq edirdi.

Tarixçi alimlər, salnaməçilər milli dövlətçilik tariximizin bu mərhələsi ilə bağlı müfəssəl bilgilər versələr də, daha çox Atabəylərin sərkərdəlik və idarəçilik məqamlarından, döyüş taktikalarından çox söz açmışlar. Tədqiqatçıların bir çoxu saraydaxili məsləhətləşmələrdə, ağır döyüşlərdə öz həyat yoldaşlarına dəstək, arxa-dayaq olan xatunları yetərincə araşdırmamış, bəzi hallarda onların adlarını çəkərək ötüb keçmişlər. Fəaliyyətləri, millət, məmləkət sevgiləri, qəhrəmanlıq dolu xidmətləri ilə hər cür ehtirama layiq olan Zahidə xatun da bu qüdrətli xatunlarımızdandır. Varlığı ilə Atabəylər dövlətinə, Eldəgizlər sülaləsinə şərəf gətirən saray mədəniyyətinin bütün incəliklərini özündə təcəssüm etdirən xatunlarımızdandır. O, dünyanın ən zərif inciləri, ləli, cavahiri, ipək geyimləri, altun bəzək əşyaları, təbəssüm dolu baxışları, ayparanı xatırladan qələm qaşları, dolu gözləri, özünəməxsus poetik deyimləri ilə bütün sarayı ovsunlamışdı.

Zahidə xatun 1186-cı ildə ömür-gün yoldaşı Cahan Pəhləvan vəfat etdikdən sonra Təbriz sarayında Atabəylər dövlətində hakimiyyətə başladı. Onun sultan qızı – Cəlaliyyə də öz gözəlliyi, dəmir iradəsi, müdrikliyi, məğrurluğu, ötkəmliyi ilə tarixdə silinməz izlər qoymuşdur. Zahidə xatun Naxçıvanın hakimi olan sevimli qızı Cəlaliyyəni Xarəzmşah Cəlaləddinə vermişdir. Cahan Pəhləvanın idarəçilik üsulunu bir qədər də təkmilləşdirən Zahidə xatun əhali və ayrı-ayrı tayfalar arasında münaqişələrə, davalara son qoymuşdu. O, vergiyə nəzarəti ələ almaqla boşalmış Atabəylər xəzinəsinin doldurulmasına nail olmuşdu. Sənət adamlarına, fikir və düşüncə sahiblərinə meydan verən Zahidə xatun ayrı-ayrı sənət hücrələrinin, emalatxanaların təməlini qoymaqla, hücumlar, müharibələr, məhəlli davalar üzündən sökülüb dağılanları bərpa etməklə Təbrizdə və ətraf bölgələrdə sənətin, mədəniyyətin dirçəlməsinə nail olmuşdu. Misgərliyin, dülgərliyin, dulusçuluğun, maldarlığın, bağçılığın, bostançılığın inkişafı ümumi iqtisadi-sosial tərəqqiyə səbəb olmuşdu. Zahidə xatun özü də bilavasitə zərif naxışlar vurduğundan, ipək saplardan xalçalar toxuduğundan söz açan mənbələr onun həm də incə qəlbindən gələn, ürəyəyatımlı misralarından və lirik-romantik şeirlərindən də danışıblar. Görkəmli filoloq, türkoloq, şərqşünas, yazıçı Əzizə Cəfərzadənin arxivindən boylanan misralar Zahidə xatunun təkcə qüdrətli hakim və müdrik şəxsiyyət deyil, zərif duyğulu bir şairə də olduğundan soraq verir: “Könlümü, könlümün Sultanına verdim, Eşqimin, ruhumun xanına verdim, Sevginin sevdalı bağından keçib, Sevdim, sevdanın badəsin içdim”.

Bu zərif duyğulu, “Atabəylər sarayının tədbirli xatunu” adına sahib olan Zahidə xatunun keşməkeşlərdən keçən ömür yolu çox da asan olmamışdı.

Atabəylərin xəzinəsini xilas etmək üçün Təbrizdən Əlincə qalasına gəldi

Uzun müddət Naxçıvanda, II Atabəy Məhəmməd Cahan Pəhləvanın sarayında firavan həyat sürən Zahidə xatun ağlı və müdrikliyi ilə saray əyanlarının, əyalət hakimlərinin savaş meydanlarında döyüşçülərin çoxuna nümunə olmuşdur. Onun həyatının Cahan Pəhləvandan sonrakı illəri döyüşlər və müharibələr içərisində keçmişdi. Cahan Pəhləvanın vəfatı ilə ən yaxın silahdaşını və məsləkdaşını itirən Zahidə xatun qızı Cəlaliyyəni də götürüb Əlincə qalasına gəlmiş, Atabəylərin Eldəgizlər dövründən qalan xəzinəsinə sahib çıxmışdı. Bütün gəlir və vergilərin toplandığı bu xəzinə gizli xəzinə kimi Atabəylər tərəfindən mühafizə alayı ilə xüsusi diqqətlə qorumuşdu.

Atabəy Qızıl Arslanın öldürülməsindən (1191-ci ildə) sonra gizli xəzinənin yerinin müəmmalı şəkildə Məhəmməd Cahan Pəhləvanın Qətibə xatundan olan oğlu Əbu Bəkrə çatdırılması Zahidə xatunu faciə ilə üz-üzə qoymuşdu. Belə ki, Əbu Bəkir qoşun çəkib Əlincə qalasına hücum edib xəzinəni ələ keçirmişdi. Lakin hadisədən sarsılmayan Zahidə xatun müdrikliyə, Cahan şahdan ona miras qalan səbrə və döyüş taktikasına söykənərək Təbrizə köçmüşdü…

Təbrizin alınmaz qalası kimi onu işğaldan azad etdi

Təbrizin inkişafı naminə xüsusi qərarlar qəbul edən, fərmanlar verən Zahidə xatunun həyatı burada da rəvan keçməmişdir. O, orduya başçılıq edib Təbrizi mühasirəyə alan gürcü çarının qoşunu ilə döyüşlərə atılmışdı. Qeyri-bərabər döyüşlərdə əhalini qırğından, şəhəri talan olmaqdan xilas etmək üçün Zahidə xatun külli miqdarda xərac verərək Təbrizi mühasirədən azad etmişdir. Hakimi olduğu şəhəri, müqəddəs vətən torpağını, günahsız insanları təhlükədən xilas edən Zahidə xatunun uzaqgörən siyasəti ilə əsl hökmdar, sərkərdə-xaqan obrazını yaratmışdır. Təbrizin “alınmaz qalası” sayılan Zahidə xatun bu addımı ilə dövrünün hökmdarlarına, hakimlərinə, ərazi iddiası ilə özgə torpaqlarına göz dikən işğalçılara dərs vermişdir.

Milli dövlətçilik tariximizə adı qızıl hərflərlə yazılan, xeyirxahlıq, yaxşılıq, gözəllik, kübarlıq nümunəsi kimi xatırlanan Zahidə xatun yaddaşlarda təkcə müdrik və məğrur sərkərdə-xatun obrazı ilə qalmadı. O, həm də yaddaşlarda Möminə xatun kimi qüdrətli xatunun, Şəmsəddin Eldəgiz kimi yaxşılığa yaxşılıqla cavab verən, haqqı-sayı itirməyən xeyirxah Atabəyin gəlini, gözəllik və vətənpərvərlik ünvanına çevrilən Naxçıvan hakimi, Xarəzm şahbanusu Cəlaliyyənin anası, Xorasanın Ruin-Dej qalasının sahibəsi Sülafə xatunun nənəsi, Məhəmməd Cahan Pəhləvanın baş xatunu kimi qaldı.

Şərəf Cəlilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bəzən sadəcə cəmləmə-çıxma üçün istifadə etdiyimiz kalkulyatorun tarixi, əslində, insan zehni inkişafının, texnologiya və riyaziyyatın birgə yürüdüyü maraqlı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin