Bilmədiyimiz, lakin hər gün görüb eşitdiyimiz sualların cavabları
Dünya bina olandan insan oğlu çoxsaylı suallarla axtardığı cavabları tapıb. Ünsiyyətdə olduğumuz hər bir insan döyünən qəlbi, ürəyi ilə yaşayır. Gün ərzində ürəyimizin nə qədər çırpınıb döyündüyü isə şübhəsiz ki, axtardığımız cavablar sırasındadır. Əldə olunan məlumatlardan bəlli olur ki, hər bir sağlam ürək gün ərzində 100 min dəfə döyünür.
Şəhər nəqliyyatının əsas hissəsi sayılan metronun yaranması, hansı şəhərdə istifadəyə verilməsi də maraqlıdır. Gün ərzində azı iki dəfə istifadə etdiyimiz metro xətti ilk dəfə İngiltərənin paytaxtı Londonda istifadəyə verilib. 1863-cü ildə istifadəyə verilən metro xəttinin açılışı zamanı kəsilən lenti bu gün Tekstil Muzeyində mühafizə olunur.
Ən uzaq məsafələri, şəhərləri, hətta ölkələri birləşdirən qatarların hansı tarixdə istifadəyə verilməsi, ən sürətli qatarın harada, hansı ölkədə olması da maraqlı suallar sırasındadır. Saatda sürəti 431 km olan Şanxay-Maqleb sürət qatarı təkcə Çinin deyil, dünyanın ən sürətli qatarı sayılır.
Yer üzünün var, bərqərar olması üçün suya, oda, atəşə, nəfəsə, torpağa nə qədər ehtiyac varsa, Günəş işığına da bir o qədər ehtiyac var. Bu səbəbdən də Günəş işığının yer üzünə çatması üçün gərək olan vaxtın bilinməsi də maraqlıdır. Əldə olunan məlumatlardan bəlli olur ki, bütün canlıların ehtiyac duyduğu hərarət, əbədi həyat dolu Günəş işığı – şüası yer üzünə 8 dəqiqə, 20 saniyəyə çatır. Günəşin işığının – Tanrı möcüzəsinin çox qısa zaman kəsiyində yerə çatması maraqlı cavablardandır desək yanılmarıq. Tanrı dünyanı Sən demə cəmi – cümlətanı 8 dəqiqə 20 saniyəyə nura, işığa qərq edirmiş. “Tanrı istəsə daşda çiçək bitirər”. “Tanrı istəsə ölmüş cana can gətirər”. “Tanrı istəsə bir anın içərisinə zülməti nura qərq edər” kəlamları da yəqin həmin işıq sürətinin üzünə yaranıb.
Dünyada ən çox vulkanı olan ölkə İndoneziya, palçıq vulkanı olan ölkə isə Azərbaycandır.
Yaşadığımız ölkə – Odlar Yurdu Azərbaycanla bağlı çoxsaylı sulların da cavabı maraqlı sualların sırasındadır. Yəqin çoxlarımız bilmirik ki, Azərbaycanla ən kiçik sərhəd zolağına malik ölkə Türkiyə Cümhuriyyətidir. Qardaş ölkə ilə Azərbaycanın cəmi 17 km sərhəd zolağı, sınırı vardır.
Dünyada ən çox vulkanı olan ölkələrin adlarını bilmək də insanları maraqlandıran suallar sırasındadır. Dünyada ən çox vulkanı olan ölkə İndoneziya, ən çox palçıq vulkanı olan ölkə isə Azərbaycandır. Statistik məlumatlara görə İndoneziyada 120 aktiv, Azərbaycanda isə 130 palçıq vulkanı mövcuddur. Ən çox palçıq vulkanına malik olan ölkəmizdə dünyanın 11 iqlim qurşağından 9-u mövcuddur. Bu da ölkənin iqtisadi inkişafına, kənd təsərrüfatınıın tərəqqisinə təsir edən amillərdəndir. Ölkəmizdə olan 9 iqlim qurşağının yeddisinin Cənub zonasında olması ilə bu yörədə həm də sitrus meyvələrinin xüsusi təsərrüfatların yaradılmasına, çay plantasiyalarının salınmasına təsir etmişdir.
Qarabağ – Azıxantropun Vətəni
Qədim yaşayış məskənləri, tarixi tikililəri ilə sivilizasiyaların və mədəniyyətlərin dialoquna töhfədə bulunan, bəşəri dəyərlər xəzinəsini zənginləşdirən ölkəmizdə mövcud olan qədim insan qalıqlarının hansı yörədə tapılması və təxmini yaşının nə qədər olması da maraqlı suallar sırasındadır. 30 il erməni daşnaklarının işğalında, əsarətində qalan, dağıdılıb yağmalanan Azıx mağarası təkcə Azərbaycanın, Qarabağın, Xocavəndin deyil, dünyanın ilk yaşayış məskənlərindəndir. 2 milyon illik yaddaşa malik olan, Azıxantropun – qədim insan qalığının məskəni sayılan Azıx marağası bu gün yenidən bərpa edilərək tarixin daş yaddaşına, salnaməsinə çevrilmişdir.
Göyərçinlərin yuva qurduğu pirlər – Bibiheybət və Nardaran
Yəqin çoxları üçün maraqlıdır ki, Bakıda nə üçün bu qədər göyərçin var və onlar Bakıda nədən müqəddəs hesab olunur. Qurani Kərimdə adı keçən göyərçinlər, həm də peyğəmbər əsabəsinin damında yuva qurduğundan Bakılılar üçün müqəddəs sayılıb. Bibiheybətdə və Nardaranda Peyğəmbər əleyhissəlamın nəvələri – İmam Museyi Kazımın qızları, İmam Rzanın bacıları – Hökümə xanımın və Rəhimə xanımın kiçik daxmasının pəncərəsinin küncündə yuva quran göyərçinlər deyirlər, hər onlar səcdəyə gedəndə susar, sükuta dalarmışlar. Daha maraqlısı isə odur ki, bu gün də Bibiheybət və Nardaran pirlərində hər Əzan səsi gələndə yüzlərlə göyərçin bir araya gəlir, sükutla Tanrının nəğməsini – Qurani Kərimin sədasını dinləyir!
Beyləqan – Cərcis peyğəmbərin (s) üzünü söykədiyi torpaq
Maraqlı suallar içərisində bir sual da var: Azərbaycanda Nuh peyğəmbərdən sonra daha hansı peyğəmbərin türbəsi, məqbərəsi var? Pirlərin, övliyaların, peyğəmbərlərin pənah yeri olan Odlar Yurdu Azərbaycan Nuh peyğəmbərdən sonra, həm də Cərcis peyğəmbərin nicatım dediyi diyar kimi Tanrı dərgahında dəyərlidir, qiymətlidir. Beyləqanda – Mücirəddin Beyləqaninin diyarında haqqın dərgahına qovuşan Cərcis peyğəmbəri bu gün də dünyanın müxtəlif ölkələrindən ziyarətə gəlirlər.
Buz bulaqların, gur şəlalələrin diyarı
Tanrının köç əyləyib niqabını qaldırdığı, müqəddəs kitablarda adı çəkilən nemətlərlə – buğda, alma, üzüm, incil, zeytun, xurma kimi min bir dərdə dəva olan meyvələrlə mükafatlandırdığı Azərbaycan həm də, təbii gözəlliklərin, qəlbi dağların, bol sulu çayların, gur şəlalələrin, bumbuz bulaqların, çeşmələrin, göllərin, göz oxşayan, könül açan yaylaqların diyarıdır. Gəzməli, görməli, saf sularında ruhumuzu durulamalı olduğumuz şəlalələr hansılardır? Onları görmək üçün gözəl Azərbaycanın hansı yörəsinə getmək məsləhətdir deyə, sual etsələr adi və sadə şəkildə belə cavab vermək olar. Maralgöl, Göygöl Gəncənin zinəti olduğu kimi Qəbələnin “Muncuq” və “Yeddi gözəl”, İsmayıllının “Qalacıq”, Balakənin “Katexçay”, Astaranın “Sım”, Qusarın “Laza”, Qubanın “Afurca”, Yardımlının “Təkdam”, Qaxın “İlisu” şəlalələri Tanrının və təbiətin Odlar Yurdu Azərbaycana lütfü, mükafatıdır.
Şərəf Cəlilli