Osmanlının ilklərə imza atan sultanı – II Əbdülhəmid
Osman Qazidən, Fateh Mehmetdən, Sultan Bəyazitdən, Yavuz Sultan Səlimdən, Qanuni Süleymandan sonra Osmanlı imperiyasının tərəqqisi naminə cəsarətli addımlar atan, Avropanın xaçlı yürüşünə baxmayaraq onun ayaqda qalması üçün mümkün olmayanların belə mümkünə çevirən siyasi gedişləri, islahat proqramları ilə tarixlə müasirlik arasında körpüyə çevrilən II Sultan Əbdülhəmidi dünyanın məşhur tarixçiləri, təzkirəçiləri “Qızıl Sultan”, “Ulu xaqan” deyə təsvir etdilər. Osmanlı imperiyasının 34-cü sultanı kimi 33 illik hökümdarlığı dönəmində onun tarixinə, həm də məşhur şəkil kolleksiyaçısı kimi daxil olan II Sultan Əbdülhəmid maraq dairəsinin bu yönü ilə Avropa krallarını, səyyahlarını belə qabaqlayır. Əldə olunan məlumatlardan bəlli olur ki, bu gün Topqapı sarayında eksponat kimi mühafizə olunan 36 min fotoşəkil məhz bu qüdrətli dövlət adamının şəxsi arxivindən əldə olunub. Osmanlı imperiyasında daha çox məktəblər açan, mədrəsələrdə dünyəvi biliklərin tədrisinə nail olan, ilk Avropa tipli Universiteti quran, tibb fakültəsinin təməlini qoyan, əczaçılığın elmi əsaslarla tədrisi tələbi ilə çıxış edən, Osmanlıda ilk dəmir yol xəttinin və stansiyasının layihə rəhbəri kimi tarixdə qalan II Sultan Əbldülhəmid Osmanlının saray və şəhər mədəniyyətini, tarixini və tarixi tikililərini əbədiləşdirmək, o dövrlərin ciddi informasiya daşıyıcısı olan məşhur fotoqrafları ölkəsinə dəvət edir, yaxından tanış olur, və faktları fotolarda əbədiləşdirmək üçün onlarla fikir mübadiləsi aparır, bu gün həm Topqapı sarayını, həm də dünyanın məşhur muzeylərini bəzəyən fotoların çəkilməsinə nail olur.
36 minlik foto kolleksiyası ilə məşhur kolleksiyaçıları belə qabaqladı
Dünyanın dörd bir yörəsindən fotoqraflar dəvət edən, yüksək texnologiyaların imkanlarından istifadə edərək Osmanlı imperiyasının həqiqətlərini fotonun dili ilə tarixin imzasına çevirən II Sultan Əbdülhəmid ilk fotostudiyalar, rəsm emalatxanalarının qurulmasına nail olur. 36 minlik foto kolleksiyası ilə belə Avropanın məşhur kolleksiyaçılarını qabaqlayan II Sultan Əbdülhəmid Osmanlının əsas şəhərlərində fotoemalatxanalar qurdurmaqla yüksək texnologiyaların tətbiqinə meydan vermiş foto dünyasından rəssamlıq sənətinə körpü salmışdır. Onun hakimiyyəti illərinə qədər əksər Osmanlı sultanları rəssamlar və tarixçi təzkirəçilərlə səfərlərə çıxardılar, Sultan Əbdülhəmid onların sırasına fotoqraflar da əlavə etmiş, bununla o, həm də tarixdə ilk dəfə “foto-müxbir” sənətinin təməlini qoymuşdur.
Dünyanın ən zəngin kitabxanasına malik olan Sultan dedektiv janrında qələmə alınan əsərlərə vurğun olub
Türkün qüdrətli sərkərdə-xaqanları qılıncla qurduqları imperiyaları Qələmin və Kəlamın hökmündə idarə ediblər. Özləri də fitri-istedad sahibi olan sərkərdə-xaqanlar baş köşələrində ustad sənətkarlara, təbib-filosoflara, mütəfəkkir şairlərə yer veriblər. Saraylarını sənətin, mədəniyyətin gülzarına çeviriblər. Qədim əlyazmalarının, kitabların üzünün köçürülməsinə, dünyada yayılmasına nail olublar. Mütəfəkkir dövlət xadmi kimi tarixdə qalan II Sultan Əbdülhəmid səkkiz şərq və qərb dilini mükəmməl bildiyindən əsərləri orijinaldan oxumağı sevirmiş. Osmanlı saray mədəniyyətinə aid olan çoxsaylı məxəzlərin və əsərlərin mühafizə olunduğu “Nur Osmaniyyə” kitabxanasında II Sultan Əbdülhəmidin şəxsi kitabxanasına aid çoxsaylı kitablar var. Onlardan biri də, Sultanın Avropadan gətirtdiyi, orijinaldan mütaliə etdiyi “Şerlok Holms” əsəridir. Dedektiv janrın vurğunu olan padişah deyirlər, onu oxumaqla kifayətləməz, orijinaldan tərcümə edib ailə üzvlərinə də oxudarmış. Artur Konandoylun əsərlərini gətirtməklə yanaşı, onun kütləvi mütaliəsi üçün də göstəriş verirmiş. Saray kitabxanalarında “Şerlok Holms” kitabının hələ də bulunması deyilənlərə əyani sübutdur. İnsanlarla təkcə sarayın, siyasətin dili ilə deyil, həm də sənətin, mədəniyyətin, ədəbiyyatın vasitəsi ilə ünsiyyət qurub dil tapan Sultan Avropalı ədibləri sarayına dəvət edən ilk sultan kimi də tarixdə qalır.
Yıldız sarayındakı “Dinləmə odası” Sultan üçün təhlükəsizlik xidmətini əvəz edirdi
Tarixdə bir çox ilklərə imza atan II Sultan Əbdülhəmidə qədər Osmanlı imperiyasında sarayda, ölkədə və xarici dövlətlərdə cərəyan edən hadisələr sultanlara vəzirlər və elçilər vasitəsilə çatdırılardı. Təhlükəsizlik məsələsinə, xüsusən də saraydaxili problemlərə nəzarət məqsədilə Sultan Osmanlı imperiyası tarixində ilk dəfə “Dinləmə Odası” qurdurur. Dövrün yüksək texnologiyaları ilə təchiz olunan oda “Yıldız sayı”nda təşkil edilir. Saraydakı bütün odaların – otaqların divarına gizli səsyazma balonları döşətdirən Sultan bununla sarayın bütün istiqamətlərini iradəsinə tabe edir. Bununla, o, adını Osmanlı tarixinə, həm də təhlükəsizlik xidmətinin qurucu padşahı kimi yazır. Bu səbəbdən də o, “Avropada gizli məlumatlarla idarəçiliyə nail olan Ceyms Bond kimi xatırlanır”.

Osmanlıda ilk Uşaq xəstəxanasının qurucusu
“Siyasəyin atası”, elmin, mədəniyyətin himayədarı kimi şöhrətlənən II Sultan Əbdülhəmid Osmanlı imperiyası tarixinə adını həm də ölkə səhiyyəsinin modern üsulla qurucusu, təbabətin Avropa standartlarına uyğunlaşdırılması ilə ilklərə imza atan padşah kimi daxil oldu. Adı ilə bağlı “Həmidiyyə etfal” xəstəxanasını qurmaqla o, Osmanlıda ilk Uşaq xəstəxanasını açdı. Bu gün yüksək texnologiyalarla təchiz olunan, Avropanın nüfuzlu universitetlərində təhsil alan təbiblərlə təmin edilən, dünya şöhrəti qazanan, Beynəlxalq Səhiyyə Təşkilatının sertifikatlarına layiq görülən məşhur klinika və xəstəxanaları ilə tanınan Türkiyə Cümhuriyyətinin səhiyyə tarixində hadisə olan “Həmidiyyə etfal” xəstəxanasını qurmaqla II Sultan Əbdülhəmid Avropanı 150, Şərqi, Türk dünyasını yüz illərlə qabaqlamış, uşaqların sağlığı ilə bağlı ilk xəstəxananın qurulması üçün fərman imzalamışdır ki, bu səbəbdən də, o, Osmanlı tarixində siyasətin sultanı, Təbabətin hamisi olaraq qalır.
Osmanlıda telefon, poçt xidməti və elektriklə işləyən cihazlar onun adı ilə bağlıdı
Tarixin bütün dönəmlərində varlığı ilə dünyanın dizini titrədən, kralların, imperatorların, şahların, padşahların qorxulu röyasına çevrilən Osmanlı sultanları həm də maraq dairələri, icad və kəşfləri ilə şöhrət tapdılar. Onların əksəriyyətinin zərgərlik, misgərlik, oyma sənəti və xəttatlıq nümunələri bu gün də dünyanın məşhur sərgi salonlarını bəzəyir.
İlklərə imza atan, Avropa dəyərlərinin ölkəsində intişar tapmaasına çalışan, bunun üçün cəsarətli addımlar atan II Sultan Əbdülhəmidin bir özəlliyi də var: Tarixə adını həm də, ilk telefonun, poçt xidmətinin, elektriklə çalışan cihazların Osmanlıya gətirilməsi də, məhz bu islahatçı padşahın adı ilə bağlıdır. Avropadakı texniki tərəqqini, elmi yenilik və nailiyyətlərin ölkəsindən tətbiq olunmasına çalışan II Sultan Əbdülhəmid Edisonun kəşflərini diqqətlə izləməklə kifayətlənməmiş, onun bir çoxunun Osmanlıda intişarına, tətbiqinə nail olmuşdur. 1878-ci ildə Yaponiyaya göndərilə “Ərtoğrul fırkateyni” səfərini xatırlamaq kifayətdir ki, onun əzəmətini anlayıb dərk edəsən. Bu səfər II Sultan Əbdülhəmidin Uzaq Şərq düşüncələrinin konturlarını müəyyənləşdirmişdir. Bu səfər II Sultan Əbdülhəmidin Şərqin elmi-texniki nailiyyətlərinin Osmanlıya gətirilməsi ilə yanaşı Şərq və Qərbin elmi texnologiyalar istiqamətində vəhdətinin bəşəriyyətə töhfə olunduğunu sübut etmişdir. Səfər çərvivəsində Sultanın Yapon imperatoru Men Ji ilə qurduğu dostluq Osmanlının Uzaq Şərqdə ilk diplomatik münasibətlərinin təməlinə çevrilmişdir. Sultanın və imperatorun təməlini qoyduğu dostluq-əməkdaşlıq münasibətləri iki ölkə arasında bu gün də davam etməkdədir. Üstəlik dünyanın inkişaf etmiş bu qüdrətli dövlətində Sultan Əbdülhəmidin adı “Sultan Əbdülhəmid xan” künyəsi ilə hörmət, ehtiram ünvanına çevrilmişdir.
Yaddaşı – hafizəsi ilə dünyaya meydan oxuyan Sultan
Ensiklopedik biliyi, analitik təfəkkürü ilə türkün qüdrətli sərkərdə-xaqanlarının sırasında yer alan II Sultan Əbdülhəmid yaddaşı-hafizəsi ilə bir ilkə imza atmışdı. İşə aldığı, işdən çıxardığı, hansı əlamətinə görə önə çəkdiyi bütün məmurların, o cümlədən saray əhlinin adını, soyadını, yaşını, yörəsini əzbər bilən Sultan, Orduda hətta neçə min əsgərin olduğunu, hansı bölükdə nə qədər əsgər xidmət etdiyini, səhər, günorta, axşam yeməklərində nə ilə qidalandığını bilməklə yanaşı, o, hansı yörədə kimin, hansı tarixdən görəvə başladığını, üstəlik il və ilçələrin hansı köydə başlayıb, harada başa çatdığını da əzbər bilirmiş. Hələ bu harasıdır? Bu elmi-irfan çeşməsi olan Sultan mütaliə etdiyi əsərlərdən gətirdiyi nümunələrin kitabın, təzkirə və əlyazmanın neçənci səhifəsində olduğunu da unutmazmış.
Sarayında müxtəlif vəzifələri icra edən insanların vəzifələri, hətta keçmişdə gördükləri işləri dəqiqliyi ilə bilən, onların keçmişi, nəsil-nəcabəti ilə bağlı məsələləri də yaddan çıxarmayan II Sultan Əbdülhəmid əsil olmayan insanı sarayına almazmış. Yəni Nadir şah Əfşar kimi, onun dövlətçilik təlimində əsil-kök, nəsil-nəcabət, intellektual potensial əsas şərtlərdən olub. Sarayın və ölkənin hamam, kanalizasiya və aşxanalarına xüsusi nəzarət etdirən Sultan dırnaqları çirkli, saçı dağınıq, pinti adamları bu iki yerdən nəinki saraydan uzaqlaşdırar, şəhərdən çıxartdırar, uzaq köylərə göndərərmiş. Bu səbəbdən də onun dönəmində çirkli küçələri, səliqəsiz, üst-başı tökülən adamları görmək ağılagəlməz hal imiş. Sultanın xofu, həm də təmizlik, səliqə-səhman sevgisinin özü belə bir ilk imiş. Məmləkətdə hamı ona layiq olmağa, bənzəməyə çalışarmış.
Ruhu təmiz, hafizəsi dərin adam
Yaddaşı, yaddaşı qədər də iradəsi möhkəm olan Sultanı bu gün də Osmanlı mənbələri “ruhu təmiz adam” deyə xatırlayır. “Dünyanın bütün dövlətləri ayağıma gəlsə də, bütün xəzinələrini qucağıma töksə də, Qüdsdən bir daş parçası belə vermərəm. Sultan dədələrin torunuyam!” nidası ilə tarixdə qalan, Avropanın diqtəsi, idarəsi ilə hakimiyyətdən devriləndə belə, mənsub olduğu millətin cəsarət, ləyaqət nümunəsi kimi tarixdə qalan, millətin, məmləkətin tərəqqisi üçün ilklərə imza atan, Qanuni Süleymandan sonra Osmanlı tarixində ilk Anayasanın – “Qanuni Asasi”nin Məclisi Məbusanda təsdiqinə nail olan, Kıbrıs adasının əldə saxlanılması üçün ingilislərin üzərinə yeriyən, Osmanlının 34-cü sultanı kimi 1876-cı ildən 1909-cu ilə qədər 33 il ölkəsinə rəhbərlik edən sultanlarını sevgi ilə yad edir.
Şərəf Cəlilli