Tarixin bütün dönəmlərində yetirdiyi qüdrətli təbib filosoflarla bu gündə qürur duymağı haqq edən Şərq həm də, təbabətin ilklərə imza atan üç ünlü, mütəfəkkir alimi, dünya şöhrətli cərrahları ilə məşhurdur. “Təbabət elmin qanunu – “Əl qanuni fit-tibb” ensiklopedik beş cildliyi, “göz həkimlərinin dəftəri” əsəri əməliyyatlar zamanı keyləşdirici narkozu ilk dəfə tətbiq edən, üz iflicini ilk dəfə təsbit edən, dəri altına iynənin vurulmasını ilk dəfə uyğun bilən, astma xəstəliyinin müalicə metodunu kəşf edən İbn Sina kimi digər bir ilkə imza atan təbib də müsəlman, Şərqli cərrah Əl Zəhvaridir. O, əməliyyat zamanı tikiş apararkən istifadə olunan ipi heyvan bağırsağından hazırlamaqla təbabət tarixində yenilik etdi. Min il bundan öncə kəşf edilən bu iplik dünya səhiyyəsində hələ də istifadə olunmaqdadır.
İbn Sinanın və Əl-Zəhvarinin cərahiyyə tarixində açdığı cığırı XX yüz ilin əvvəlində azərbaycanlı akademik Mustafa bəy Topçubaşov Almaniyanın Leypsik şəhərində təzələdi.
Akademik Mustafa bəy Topçubaşov əməliyyatın anelgeziya üsulu – ağrıkəsici ilə aparılmasının mümkünlüyünü elmi əsaslarla sübut etdi. 1936-cı ildə əldə etdiyi bu nailiyyətə görə Topçubaşova Əməkdar elm xadimi fəxri adı verildi. O SSRİ məkanında bu adı alan ilk türk-müsəlman, azərbaycanlı idi.
Böyük Vətən müharibəsinin taleyini həll edən azərbaycanlı alimlər
II Dünya müharibəsinin taleyini həll edənlərin sırasında yer alan, 600 min insanı, 300 min şəhidi ilə tarix yaradan, mümkün olmayanları mümkünə çevirən Azərbaycan təkcə nefti, arxa cəbhədəki fədakar fəaliyyəti ilə deyil, həm də qüdrətli alimləri, özü də ilklərə imza atan alimləri ilə tarix yaratdı. Yusif Məmmədəliyevin kəşf etdiyi “Neftin oktan ədədi” və “Molotov kokteyli”, Mustafa bəy Topçubaşovun “Əməliyyatın anelgeziya üsulu – ağrıkəsici vasitəsilə” aparılması nəzəriyyəsi elmi yenilik, həm də tarixi nailiyyət idi. O zaman Bakıda – indiki Dendralogiya Parkında – Murtuza Muxtarovun mülkündə yerləşən SSRİ Baş Qospitallar İdarəsinin Baş cərrahı kimi Mirəsədulla Mirqasımovun və Mustafa bəy Topçubaşovun arxa cəbhəyə göndərilən əsgərlərin ayağa qaldırılmasına verdiyi töhfələr müharibənin taleyini həll edən amillərdən idi. Onların gün ərzində 80-dən çox əməliyyatı gerçəkləşdirməsi, faşizm üzərində qələbənin təmin olunmasındakı fədakar fəaliyyəti qısa zaman kəsiyində qiymətləndirildi. SSRİ-nin bir sıra orden və medallarına layiq görülən alimlər, həm də 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təsis olunarkən 15 təsisçinin sırasında yer aldılar, akademik tituluna layiq görüldülər. Bu, İbn Sinadan, Əl Zəhvaridən başlayan müqəddəs yolun davamı, ənənə ilə novatorluğun vəhdəti idi. Xoşbəxtlikdən bu gün də Şirvani, Naxçıvani, Bakuvi künyəsi ilə ilklərə imza atan təbiblərin sırasında transplantoloq alim-cərrahlarımız yer alır. Onlar həm də yüksək texnologiyalarla təchiz olunan, müasir standartlara cavab verən dövlət və özəl klinikalara rəhbərlik edirlər.
Şərəf Cəlilli