Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində intensiv işlər görülməkdədir.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Özbəkistan-Azərbaycan Media Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin güclü siyasi iradələri nəticəsində ölkələr arasında daha da möhkəmlənən qardaşlıq münasibətləri, regionların inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir:
“Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Bu baxımdan Azərbaycan Prezidentinin bu ilin avqust ayında Özbəkistana rəsmi dövlət səfəri müstəsna əhəmiyyətə malik olmaqla, münasibətlərimizin yeni tarixi mərhələsinin əsasını qoyub. Belə ki, səfər çərçivəsində avqustun 23-də “Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanmış, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq olmuşdur. Müttəfiqlik münasibətləri öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və fundamental layihələrin icrasına ciddi təkan verməkdədir”.
Ə.İsmayılov bildirib ki, Azərbaycan və Özbəkistanın media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir.
“2022-ci il iyunun 20-də Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “MEDİA ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib. Özbəkistan-Azərbaycan Media Forumu dezinformasiya ilə mübarizə məsələsini bir daha media gündəminə gətirməklə bu problemə qarşı mübarizənin beynəlxalq səciyyə daşıdığını vurğulayır və inanırıq ki, mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaq”, – deyə MEDİA rəhbəri vurğulayıb.
O diqqətə çatdırıb ki, bu il Azərbaycan mediasının gündəmi kifayət qədər zəngindir:
“Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək”.