Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/15/2025

Paylaşın

GÜNDƏM, TARİXİMİZ

15 İyun – Milli Qurtuluş Günüdür!

15 İyun – Milli Qurtuluş Günüdür! Milli Qurtuluş Günü, Heydər Əliyev

Ulu Öndərin xilaskarlıq missiyasını üzərinə aldığı tarix

Səfəvilər dövləti iflasa uğradıqda, tarixi torpaqları qonşu dövlətlər tərəfindən işğala məruz qaldıqda Tanrı Əfşarlar İmperiyasının qurucusunu – Nadir şah Əfşarı göndərdi. Üstündən 300 il keçəndən sonra Milli Dövlətçiliyimiz təhlükə ilə üz-üzə qalanda – 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə aldı. Naxçıvandan Bakıya dönüşü, qayıdışı ilə Milli Qurtuluşun memarına çevrildi. Bununla da 15 İyun – Milli Qurtuluş Günü kimi tarixə düşdü. Bu tarix, Azərbaycan xalqının müstəqil dövlətçilik idealını qorumaq və onu möhkəmləndirmək üçün nümayiş etdirdiyi iradənin, milli həmrəyliyin və uzaqgörən siyasətin parlaq təcəssümüdür. 1991-ci ildə SSRİ-nin süqutu nəticəsində Azərbaycan müstəqilliyini bərpa etsə də, bu müstəqillik ilk illərdə ciddi təhlükələrlə üz-üzə qaldı. 1991–1993-cü illər dövrü Azərbaycan tarixində xaos, anarxiya, qeyri-sabitlik, daxili qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi ilə xarakterizə olunurdu. Dövlət institutları demək olar ki, iflic vəziyyətə düşmüş, torpaqlar ard-arda işğal edilirdi. Ermənistanla davam edən müharibə fonunda ölkə həm xaricdən, həm də daxildən gələn təzyiqlər qarşısında üzülüb əldən gedirdi. Qətiyyətli, təcrübəli və xalqın etimadını qazanan liderin yoxluğu Azərbaycanı uçuruma sürükləyirdi. Belə bir mürəkkəb tarixi şəraitdə, xalqın təkidli tələbi və dəvəti ilə 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı. İyunun 15-də isə Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz bu gün – 15 İyun, Azərbaycanın müstəqil dövlət kimi varlığının xilas edildiyi, ölkənin parçalanma təhlükəsindən qurtulduğu və sabitliyə, inkişaf yoluna qədəm qoyduğu gündür.

Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi

Heydər Əliyev xalqın arxasında dayanaraq onun istəklərini ifadə edən liderə çevrildi. Onun böyük qayıdışı ilə Azərbaycan tarixində ilk dəfə olaraq siyasi idarəetmədə məsuliyyət, davamlılıq və strateji baxış ön plana keçdi. Ümummilli Liderin dərin siyasi biliyi, böyük dövlətçilik təcrübəsi, qətiyyəti və xalqla bağları ölkəni təhlükəli vəziyyətdən çıxarmağa imkan verdi. Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyin təmin olunması üçün ciddi addımlar atdı. “İctimai-siyasi sabitlik olmadan heç bir iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil!” nidası ilə tarix yaradan Ulu Öndər  1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyi ilə prezident seçildi. Onun dövründə dövlət idarəçiliyində islahatlara başlandı, dövlət institutları yenidən quruldu, ordu formalaşdırıldı, vətəndaş həmrəyliyi gücləndirildi.1994-cü ilin mayında Ermənistanla cəbhədə “Atəşkəs” sazişi imzalandı. Bu sənəd Azərbaycan üçün təkcə hərbi əməliyyatların dayandırılması deyil, eyni zamanda iqtisadi və siyasi sabitliyə nail olmaq, milli genefondu qorumaq üçün mühüm amil idi. Elə həmin ilin sentyabrında imzalanan “Əsrin Müqaviləsi” Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsasını qoydu. Bu müqavilə ilə Azərbaycanın zəngin enerji resursları beynəlxalq bazara çıxarılmağa başladı. Neft strategiyası çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi transmilli enerji layihələri həyata keçirildi. Bütün bu layihələrin arxasında Heydər Əliyevin uzaqgörən siyasəti və iradəsi dayanırdı. 1995-ci ildə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul olundu. Bu sənəd ölkənin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsas hüquqi təməlini təşkil etdi. Konstitusiyanın qəbul olunması ilə hüquqi islahatlara geniş meydan açıldı və ölkədə insan hüquqları, azadlıqların təminatı, iqtisadi azadlıq və mülkiyyət hüququnun qorunması sahəsində sistemli islahatlara başlanıldı.

Ulu Öndər özünün böyük qayıdışı ilə Əbədi İstiqlalın rəmzinə döndü

Milli Qurtuluş Günü – 15 İyun, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir. Bu tarix 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə rəsmi bayram elan edilmişdir. Həmin gündən etibarən bu tarix yalnız siyasi bir mərhələnin başlanğıcı deyil, həm də milli birliyin, dövlət müdrikliyinin, xalqın öz liderinə olan inamının rəmzinə çevrilib. Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev, atasının müəyyənləşdirdiyi inkişaf strategiyasını dövrün tələblərinə uyğun şəkildə modernləşdirərək həyata keçirir. Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlar – iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması, işğal altındakı torpaqların azad edilməsi, regional və qlobal təşəbbüslərdə fəal iştirak – bu siyasi kursun davamının nəticəsidir.

Bu gün Azərbaycan müstəqil, suveren, qüdrətli və söz sahibi olan bir dövlətə çevrilmişdir. Azərbaycanın inkişaf yolunda sabitlik, iqtisadi tərəqqi, xalqın rifahı və milli maraqların qorunması əsas prioritetlər kimi qorunur.15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində bir dirçəliş günüdür. Bu gün təkcə siyasi böhrandan xilas tarixi deyil, həm də Azərbaycanın gələcək inkişafının təməlini qoyan bir başlanğıcdır. Bu gün həm də xalqla liderin birliyi, milli ideologiyanın möhkəmlənməsi, müdrik siyasətin və strateji baxışın qələbəsi günüdür.Heydər Əliyev Azərbaycanın tarixində yalnız bir lider deyil, dövlətin və xalqın xilaskarı kimi əbədiyaşar şəxsiyyət kimi yer alır. Onun yaratdığı və inkişaf etdirdiyi dövlətçilik modeli bu gün də Azərbaycanın gələcəyinin zəmanətidir. Məhz buna görə 15 İyun – Milli Qurtuluş Günü hər bir vətəndaş üçün qürur, fərəh və milli birliyin rəmzi kimi qeyd olunur.

Ulu Öndər özünün böyük qayıdışı ilə Qurtuluşun, Dirçəlişin rəmzinə döndü, Əbədi İstiqlalın qarantına çevrildi. Mənsub olduğu millətin Şuşa qalasında, Xudafərin körpüsündə bayrağa dönməsi üçün tarixi zəfərin təməl prinsiplərini müəyyənləşdirdi.

15 İyun Milli Dövlətçilik tariximizə Qayıdışın, Qurtuluşun, Dirçəlişin dastanı kimi yazıldı. Biz onun altun səhifələrini indi “Ata vəsiyyətinə əməl edən!” liderimizin, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə Qarabağda, Şərqi Zəngəzurda yazırıq.

Şərəf  Cəlilli

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng"lə bağlı xəbardarlıq edib.