Bakının ən məşhur, adı çox çəkilən küçələrindən biri Dadaş Bünyadzadə küçəsidir. Bəs biz Dadaş Bünyadzadənin necə görkəmli bir şəxsiyyət olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:
Azərbaycan SSR dövlət xadimi, Azərbaycanın SSR-in ilk maarif komissarı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, repressiya qurbanı Dadaş Bünyadzadə 1888-ci ildə Bakıda yoxsul kəndli ailəsində anadan olub.
İlk təhsilini kənd məktəbində, Bakıda rus-tatar məktəbində alıb. Ailəsinin ağır vəziyyətinə görə bir müddət daş karxanasında, Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, dəmirçixanada işləyib. Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlayıb.
1907-ci ildə “Nicat” cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji kursunu bitirib. Fəhlə işləməklə yanaşı, axşam kurslarında türk dilindən dərs verir, türk dilli qəzetlərlə əməkdaşlıq edirdi. İranda şah zülmünə qarşı çıxmış inqilabçılara kömək etmək üçün 1908–1909-cu illərdə partiya təşkilatının tapşırığı ilə “Yeni həyat” qəzetinin müxbiri kimi bu ölkədə fəaliyyət göstərib. 1909-cu ildə İrandan qayıdanda Tiflisdə həbs olunur. Üç ay sonra azad olaraq Bakıya gəlir.
1909–1911-ci illərdə D. Bünyadzadə müxtəlif qəzetlərdə işləyib və “Bakı həyatı” qəzetininin redktoru olub. 1911-ci ilin axırlarında Bakıda bir neçə qəzet redaktoru ilə birlikdə həbs olunub Türküstana sürgün edilir. 1912-ci ildə amnistiyaya düşərək Bakıya qayıdır, lakin Bakıda ondan qəzetlərdə işləməmək haqqında dilindən kağız alınır. 1912–1916-cı illərdə daş karxanasında işləyərk qəzetlərdə başqa imzalarla məqalələr dərc etdirir. Eyni zamanda fəhlə kooperativləri və “Şəfa” cəmiyyəti təşkil edib. 1917-ci il Fevral inqilabından sonra D.Bünyadzadə tamamilə Hümmət partiyasına işləməyə keçir. O, N. Nərimanovun sədrlik etdiyi Hümmət təşkilatının katibi seçilib və Bakı Sovetinin üzvü, Bakı qəzası üzrə müvəkkil və ərzaq şöbəsinin müdiri vəzifəsində çalışıb.
1918-ci ildə Həştərxana gedir. Həştərxan quberniya komitəsinin tatar vilayət komitəsinin, Müsəlman Komissarlığının üzvü, mətbuat komissarı olmuş və tatar dilində “Tartış” (“Mübarizə”) qəzetinin redaktoru, Zaqafqaziya müsəlmanları işləri komissarlığının sədri olub.
1920-ci il aprelin 28-də başda N.Nərimanov olmaqla təşkil edilmiş Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin üzvü və Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə daxil olub. D.Bünyadzadə Azərbaycan SSR xalq maarif komissarı və xalq fəhlə-kəndli müfəttişliyi komissarı seçilir. O, bütün qüvvə və bacarığını Azərbaycanın tərəqqisinə və inkişafına sərf etməyə başlayır.
1922–1923-cü illərdə D. Bünyadzadə Azərbaycan SSR xalq ərzaq komissarı, Ali İqtisadi Şura və XKS sədrinin müavini, Zaqafqaziya xalq ərzaq komissarı vəzifələrində çalışıb.
1923–1930-cu illərdə Azərbaycan SSR xalq torpaq komissarı, XKS və AİŞ sədrlərinin müavini, Dövlət plan komissiyasının sədri, Zaqafqaziya pambıq komitəsinin sədri və s. vəzifələrdə işləyib.
1930–1932-ci illərdə D. Bünyadzadə Azərbaycan SSR-in ən yüksək vəzifələrindən birini Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, 1932–1936-cı illərdə ZSFSR xalq torpaq komissarı və s. vəzifələrdə çalışıb.
D.Bünyadzadə repressiyaya məruz qalıb. 1938-ci ildə həbs edilərək güllələnib.