Bu gün Azərbaycanın adını dünyanın müasir tarixinə qızıl hərflərlə yazan, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür. Hər addımını xalqımızın rifahı, dövlətimizin gələcəyi üçün düşünüb atan dahi lider İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bəri Azərbaycan ciddi inkişaf dövrü keçib. Dövlətimizin müstəqilliyi və inkişafı yolunda əvəzsiz xidmətləri olan Prezident İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial sahələrində mühüm islahatların təşəbbüskarı olub.
Baki-Baku.az xəbər verir ki, dövlətimizin başçısının həyata keçirdiyi islahatlar nəticəsində bu gün ölkə mediası azad və demokratik mühitdə inkişaf yolunu keçir. Azərbaycan mediası tarix boyu müxtəlif mərhələlərdən ötüb və heç zaman indiki kimi azad və müstəqil olmayıb. İlham Əliyevin rəhbərliyi ilə bu sahədə də mühüm irəliləyişlər əldə edilib, müstəqil media orqanlarının sayı artıb, yeni qanunlar qəbul olunub. Artıq Azərbaycan mediası ölkənin beynəlxalq arenada tanıdılmasında mühüm vasitəyə çevirilib. Bütün bu uğurlara isə İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.
Azərbaycanın dünya miqyasında tanıdılması, ölkəmizi beynəlxalq aləmdə söz sahibi etmək üçün durmadan çalışan Prezident İlham Əliyev tariximizə Vətən Müharibəsi kimi şanlı bir səhifəni də yazdı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu, 30 illik işğala son qoyuldu. Vətən Müharibəsi xalqımızın öz dahi liderinin yanında olduğunu bir daha sübut etdi, dövlətimizin və onun Müzəffər Ali Baş Komandanının qüdrətini göstərdi.
Azad olunmuş ərazilər indi bərpa və yenidənqurma işlərinin, bir çox layihələrin və təşəbbüslərin mərkəzinə çevrilib.
Azərbaycanı dünyada tanıdan, imicini formalaşdıran vasitələrdən biri də onun dünya miqyaslı tədbirlərə ev sahibliyi etməsi, qlobal problemlərin müzakirəsi və həlli üçün mərkəzə çevrilməsidir. Belə böyük tədbirlərdən biri, bəlkə də birincisi bu ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) oldu. Prezident İlham Əliyev bununla da ölkəmizi dünya səhnəsində ekoloji məsələlərlə bağlı önəmli oyunçuya çevirdi. Dövlətimizin başçısının qətiyyəti və əzmkarlığı ilə baş tutan bu tədbir sayəsində Azərbaycan iqlim dəyişikliyi və davamlı inkişaf sahəsindəki nüfuzunu artırdı, ekoloji məsələlərə verdiyi önəmi göstərdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahədə böyük yol qət edib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və regional ələqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar isə aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycanın dahi liderinin iradəsi ilə ölkəmiz yeni çağırışlara cavab verə biləcək güclü və dayanıqlı bir dövlət kimi beynəlxalq miqyasda yerini möhkəmləndirir.
Baki-baku.az kollektivi olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə xalqımıza yaşatdığı qələbələrə və xoş günlərə görə öz dərin minnətdarlığımızı bildirir, doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.