Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/15/2026

Paylaşın

HƏR ŞEYDƏN

Bakıdan gedənlər niyə həmişə Bakı üçün darıxır?

İnsan bəzən bir şəhərdən gedir. Biletlər alınır, çamadanlar yığılır, qapılar örtülür, təyyarələr havaya qalxır. Arxada evlər, küçələr, tanış simalar, yarımçıq söhbətlər qalır. Qarşıda isə yeni həyat, yeni ünvanlar, başqa dillərdə danışan insanlar, öyrəşməli olduğun tamam fərqli bir dünya var. İlk vaxtlar hər şey maraqlı görünür. Yeni küçələr, səliqəli meydanlar, gözəl binalar, adamı heyrətləndirən mənzərələr… İnsan özünə deyir ki, həyat elə budur, dünya böyükdür, gör nə qədər yaşamalı, görməli, kəşf etməli yerlər var. Amma bir gün, heç gözləmədiyin anda, hansısa küçədən keçərkən burnuna tanış bir qoxu gəlir. Bəlkə təzə bişmiş çörək qoxusudur, bəlkə yağışdan sonra torpağın ətri, bəlkə də hardansa eşidilən bir mahnı. Və sən qəfil dayanırsan. Bir anlıq elə bilirsən ki, indicə dönəcəksən, filan küçəyə çıxacaqsan, oradan da uşaqlığında yaşadığın evə gedəcəksən. Sonra anlayırsan ki, sən başqa şəhərdəsən. Amma ürəyin Bakıdadır.

Bakıdan gedənlər niyə həmişə Bakıya qayıtmaq istəyirlər?

Bəlkə ona görə ki, insan dünyaya neçə dəfə yenidən başlasa da, bir dəfə uşaq olduğu yeri unuda bilmir. Uşaqlıq yaddaşın qəribə bir yerində yaşayır. Orada zaman keçmir, adamlar qocalmır, ölənlər ölmür, sökülən evlər hələ də yerindədir. Bir vaxtlar qaçdığın küçələr səni gözləyir, pəncərəsindən boylandığın evin işığı yanır, həyət qapısı aralıdır. Və Bakı həmin yaddaşın içində öz bildiyi kimi yaşayır.

Bakı adamın içində başlayır

Bakını sevmək üçün mütləq onun ən gözəl küçəsində yaşamaq, dəniz mənzərəli evdə oturmaq lazım deyil. Bəzən insanın bütün Bakısı bir məhəllədən ibarət olur. Bir tin, bir ağac, bir həyət, bir vaxtlar məktəbə getdiyi yol… Kiminin Bakısı İçərişəhərin dar küçələridir, kimininki Bayılda küləyin üzünə çırpıldığı çıxılmaz döngələr. Kiminsə yaddaşında Yasamalın köhnə həyətləri, kiminsə xatirəsində Əhmədlinin tozlu küçələri, kiminsə ürəyində isə artıq çoxdan dəyişmiş bir məhəllə yaşayır.

Bakı hər kəsə eyni görünmür. Hərənin öz Bakısı var. Biri üçün o, dənizdir, digəri üçün külək. Biri üçün axşamüstü bulvardakı skamyadır, o biri üçün anasının eyvandan eşidilən səsi. Kiminsə Bakısı tramvay zəngidir, kiminsə həyətə girən çörəkçinin səsi, kiminsə də məktəbdən qayıdanda yolüstü aldığı dondurma. Şəhər dediyimiz bəlkə də elə bunların cəmidir. Küçələr və binalar yox, onlara bağladığımız xatirələr. Buna görə də Bakıya qayıdan adam bəzən axtardığını tapa bilmir. Çünki onun axtardığı yer deyil, zamandır. O, küçənin əvvəlki görkəmini deyil, həmin küçədə özü olduğu insanı axtarır.

Başqa şəhərlərdə hər şey var, amma…

Dünyanın elə şəhərləri var ki, gözəllikləri qarşısında heyrətlənməmək mümkün deyil. Geniş prospektlər, möhtəşəm muzeylər, sakit küçələr, adamı özünə heyran edən memarlıq. Bəzən insan düşünür ki, burada yaşamaq necə də gözəldir! Bəlkə də bir gün elə bu şəhəri özününkü hesab edəcək. Amma qəribədir, bir müddət sonra özünə yad olan şəhərdə doğmalaşan hər şeyin içində bir az tənhalıq hiss edir. Küçələri tanıyır, marşrutları əzbərləyir, mağazaların yerini bilir, hətta qonşularla salamlaşmağa da başlayır. Bununla belə, nəsə çatmır. Bəlkə də çatmayan şey izah etməyə ehtiyac duymadığın doğmalıqdır. Bakıda adam bəzən heç nə demədən də anlaşılır. Bir baxış, bir söz, bir zarafat kifayətdir. Küçədə eşitdiyin danışıq sənə doğmadır, satıcının səsindəki intonasiya tanışdır, avtobusda kimsənin gileyi belə qəribə şəkildə yaxın gəlir. Burada hətta narazılıqların da öz dilindədir. Başqa yerdə insan hər şeyi yenidən öyrənir. Burada isə bəzən sadəcə mövcud olmaq kifayətdir.

Əlbəttə, Bakı da dəyişir. Onun da yorucu tıxacları, səs-küyü, adamı bezdirən qayğıları var. Burada da insan darıxır, inciyir, bəzən uzaqlara getmək istəyir. Şəhərə bağlı olmaq onu ideallaşdırmaq demək deyil. Əksinə, onun bütün qüsurlarını bilə-bilə yenə də doğma hesab etməkdir. Axı insan doğma bildiyi hər şeyi bəyənməyə bilər. Amma ondan asanlıqla vaz keçə də bilmir.

Dəniz həmişə eyni yerdədir, bəs biz?

Bakıdan gedənlər haqqında düşünəndə yadıma həmişə dəniz düşür. Dəniz burada elə bil şəhərin ən səbirli sakinidir. İnsanlar gedir, qayıdır, evlər dəyişir, küçələrin adları yenilənir, bir vaxtlar dayandığımız yerlərdə başqa adamlar dayanır. Dəniz isə yenə öz yerindədir. Bəzən sakit, bəzən küskün, bəzən də elə dalğalı ki, sanki şəhərin içində yığılıb qalan bütün sözləri sahilə çırpır. Buna görə Bakıdan uzaqda yaşayan adamın dəniz üçün darıxması yalnız dəniz üçün darıxmaq deyil. O, dənizin kənarında keçirdiyi günlər üçün, yanında olan insanlar üçün, hələ heç nədən xəbərsiz olduğu vaxtlar üçün darıxır.

Qayıtmaq həmişə geri dönmək deyil

Bakıdan gedənlərin hamısı qayıtmır. Kimisi başqa ölkədə ev qurur, uşaqları orada böyüyür, illər bir-birini əvəz edir. Kimisi yalnız bayramlarda gəlir, kimisi hər yay bir neçə günlük baş çəkir, kimisi də uzun illər sonra qayıdanda şəhərini tanımaqda çətinlik çəkir. Bəzən insan Bakıya qayıtmaq üçün bilet almır. Amma onun içində Bakıdan qalan bir şey həmişə yaşayır. Anasının hazırladığı yeməyin dadında, uşaqlıq dostunun səsində, köhnə bir fotoşəkildə, illərdir eşitmədiyi bir mahnıda… Bəzən də heç bir səbəb olmadan, adi bir gündə qəfil gələn darıxmaq hissində.

Elə adamlar var ki, Bakıya qayıdanda ilk növbədə valideynlərinin məzarını ziyarət edir. Kimisi uşaqlığının keçdiyi evi axtarır, amma həmin evin yerində çoxdan başqa bina ucalıb. Kimisi illərdir görmədiyi dostunu tapır, onunla bir çay içir və söhbət əsnasında anlayır ki, vaxt çox şeyi dəyişsə də, bəzi şeylər hələ də əvvəlki kimidir.

Bəzən qayıdış sevincdən çox kədərlə dolu olur. Çünki sən doğma şəhərinə qayıdırsan, amma onu əvvəlki kimi tapa bilmirsən. Küçələr yerindədir, ancaq səni tanıyan adamlar azalıb. Bir vaxtlar hər gün keçdiyin yol indi yad görünür. Sən dəyişmisən, şəhər dəyişib, zaman isə heç kəsi gözləməyib.

Və onda başa düşürsən ki, qayıtmaq keçmişi geri gətirmək deyil. 

Bakı insanın keçmişi və gələcəyi arasında vəhdətdir

Bakıdan gedən hər kəsin geri dönmək arzusu olmaya bilər. Bunu da anlamaq lazımdır. İnsanların öz səbəbləri, öz yolları, öz taleləri var. Bəzən getmək zərurətdir, bəzən seçim, bəzən də həyatın səni apardığı istiqamət. Amma Bakıdan uzaqda yaşayanların bir çoxunun ürəyində bu şəhərə aid balaca bir yer qalır. O yer nə qədər kiçik olsa da, illər keçdikcə yox olmur. Əksinə, bəzən uzaqlıq onu daha da böyüdür.

Çünki uzaqdan baxanda şəhər yalnız yaşadığın yer olmaqdan çıxır. O, uşaqlığına, gəncliyinə, itirdiklərinə, sevdiklərinə açılan qapıya çevrilir. Bəlkə də Bakıdan gedənlər əslində Bakıya qayıtmaq istəmirlər. Onlar bir vaxtlar Bakıda yaşadıqları özlərinə qayıtmaq istəyirlər. Hələ heç nədən qorxmayan, gələcəyin qarşısında bu qədər sualı olmayan, doğmalarının həmişə yanında olacağını düşünən o adama.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Müdafiə Nazirliyindən məlumat verilib

Ən son

HƏR ŞEYDƏN

Təsəvvür edin ki, gecə vaxtı meşədəsiniz və birdən ağacların, köhnə kötüklərin arasında kiçik yaşıl işıqlar

HƏR ŞEYDƏN

Təsəvvür edin ki, gecə vaxtı meşədəsiniz və birdən ağacların, köhnə kötüklərin arasında kiçik yaşıl işıqlar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin