Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq Bakı Şəhər İcra Hakimiyyətitərəfindən qalib elan edilən mövzulardan ibarət «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görüb.
Bakı Şəhər İcra Hakimiyyətində aparatın məsul işçılərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirdi ki, hər dəfə Azərbaycan tarixini araşdırarkən dahi Heydər Əliyev və Prezident İlham Əliyevin fenomenini daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri misilsizdir.
Konfransda Binəqədi rayonu, 135 nömrəli məktəbin direktoru Şəfa Qurbanova, Nəsimi rayonu, 247 nömrəli məktəbin tarix müəllimi Günay Allahverdiyeva, Xətai rayonu, 29 nömrəli məktəbin şagirdi Sara Mehdiyeva və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər. Qeyd olundu ki, ənənəvi olan və hər il minlərlə şagirdi əhatə edən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxışlar edirlər. Son nəticədə isə belə bir kitab işıq üzü görüb.
Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi paytaxtın hər rayonundan qalib şagirdləri referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.
Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti