Qadının əlini öpmək – bir vaxtlar nəzakət, ehtiram və zərifliyin təcəssümü hesab edilən bu jest bu gün bir çox insanlar üçün ya nostalji bir xatirə, ya da artıq keçmişdə qalmış bir sosial ritualdır. Halbuki bu sadə hərəkətin arxasında əsrlərlə formalaşmış mürəkkəb bir mədəniyyət və sosial məna var.
Köhnə Avropanın mirası
Qadının əlini öpmək ənənəsi orta əsrlər Avropasına qədər gedib çıxır. Əl öpmək əvvəllər əsasən zadəganlar və ruhani şəxslər arasında hörmət və itaət ifadəsi olaraq qəbul edilirdi. Bu jestin kökləri Bizans saray protokollarına gedib çıxır və sonradan Burqundiya, İspaniya və Habsburqlar imperiyasında geniş yayılır.
Barokko və rokoko dövrlərində bu jest xüsusilə aristokrat dairələrdə rəmzi məna qazandı. Əl öpmək artıq təkcə hörmət yox, həm də cəngavərlik, qalantlıq və qadına qarşı nəzakətli davranış göstəricisinə çevrildi. Lakin bu jestin də öz qaydaları vardı: qadının özü əlini təqdim etməli idi və bu jest adətən evli, zadəgan və “əl öpməyə layiq” qadınlara tətbiq olunurdu.
Fransadan, yoxsa Polşadan?
Ənənənin mənşəyi barədə müxtəlif versiyalar mövcuddur. Bəzi tarixçilər onun Fransız sarayından gəldiyini desələr də, başqaları Polşa zadəganlarının bu jesti Avropaya yaydığını iddia edirlər. Hər iki halda, bu jestin kökü sosial iyerarxiyaya və qadına xüsusi münasibətə əsaslanırdı. Orta əsr Avropasında mürəkkəb etiket qaydaları mövcud idi. Statusca bərabər şəxslərlə sadəcə əl sıxmaq yetərli idi, lakin yüksək mövqedə olanların əlləri öpülürdü. Qadınlara gəldikdə isə, onların əlini öpmək yalnız nəzakət deyil, həm də onları idealizə etməyin bir forması idi.
Rusiyadan ölkəmizə gələn ən-ənənə
Rusiyada bu jestin sonu 1917-ci il inqilabı ilə başladı. Rusiyadan müəyyən qədər Azərbaycana da gəlib çatdı. Yüksək dairələrdə, zadəganların toplaşdıqları məclislərdə artıq bizdə də bu jest az-az da olsa, görünməyə başladı. Sosial siniflərin ləğvi ilə birlikdə aristokrat qaydalar və əl öpmə kimi jestlər də həm Rusiyada, həm də bizdə unudulmağa başladı. Bununla belə, bəzi mədəni dairələrdə kişi hələ də ev sahibəsinə və ya xüsusi statusu olan qadına əl öpməklə ehtiram göstərməkdədir.
Müasir dövrdə əl öpmək: Romantik jest, ya yersiz adət?
Bu gün əl öpmək artıq gündəlik həyatın bir parçası deyil. Müasir həyat ritmi, qadının iş dünyasında fəal mövqeyi və praktiklik tələbləri bu jesti bir qədər yersiz və hətta qeyri-adekvat edir.
Təsəvvür edin: fiziki işlə məşğul olan qadın əllərini önlüyə silərək əlini öpmək üçün uzadır; ya da sükan arxasında, alış-veriş çantaları ilə əlləri dolu olan qadın kişiyə əlini uzatmaq üçün yer axtarır. Belə vəziyyətlərdə bu jest nəinki zərif görünür, əksinə, bir qədər süni və uyğunsuz hiss oluna bilər. Reallıq budur ki, işləyən və fəal həyat yaşayan qadınlara tarixən də çox vaxt belə jestlər edilməyib. Əl öpmək, əksər hallarda yalnız xüsusi tədbirlərdə – ziyafətlərdə, yubileylərdə, diplomatik və ya qeyri-rəsmi görüşlərdə uyğun hesab edilir. Lakin müasir etik qaydalara görə, qadın özü əlini uzatmırsa, bu jestə cəhd etmək uyğun sayılmır.
Jestin bu günü…
Əl öpmək — zamanla dəyişmiş və zamanın özündən təsirlənmiş bir jestdir. O, bir tərəfdən keçmişin incəliyini yaşadır, digər tərəfdən isə bugünkü praktikliklə toqquşur. Həm ehtiram, həm romantika, həm də bir az teatrallıq daşıyan bu hərəkət, bəlkə də artıq gündəlik həyatın deyil, bayram və yadda qalan anların jestinə çevrilib. Amma bir şey aydındır: əgər bu jest yaşamaq istəyirsə, o zaman zamana uyğunlaşmalı, zorla deyil, zərifcə təqdim olunmalıdır. Elə bu özü də qadına və onun seçim haqqına göstərilən ən böyük hörmət deyilmi?
Türklərdə əl öpmək mədəniyyəti: hörmətin səmimi ifadəsi
Əgər Avropada qadının əlini öpmək daha çox zadəganlıq və qalantlıq jesti kimi ortaya çıxıbsa, türklərdə əl öpmək jesti tamamilə fərqli bir mənəvi və ailəvi anlam daşıyır. Türklərdə – o cümlədən Anadolu və Azərbaycan türklərində əl öpmək əsasən yaşlılara, valideynlərə, müəllimlərə və ümumilikdə böyük hörmət bəslənən insanlara qarşı edilən hörmət və ehtiramın ənənəvi ifadəsidir. Əl öpən şəxs qarşısındakının üstün mövqeyini qəbul etdiyini, ona hörmət etdiyini və minnətdarlıq duyduğunu göstərir. Bu jest adətən bayram günlərində, ailə görüşlərində və ya yaşlı insanla ilk görüşdə baş verir. Əl öpmənin ardınca öpülən əl alnına qoyulur – bu isə jestin mənəvi dəyərini daha da artırır. Bu hərəkət, sanki “sənin sözün başım üzərindədir” deyiminin fiziki simvoluna çevrilir.
Türklərdə əl öpmənin tarixi kökləri
Türklərdə əl öpmə ənənəsinin islam və türk mədəniyyətinin vəhdətindən doğduğu düşünülür. İslamda valideynə hörmət və itaət vacib əxlaqi dəyər sayıldığı kimi, türk tayfa ənənələrində də böyüyə hörmət mərkəzi yer tutur. Orta Asiya türklərində yaşlılara qarşı ehtiramın konkret jestlərlə ifadə olunması çox qədimdən mövcuddur. Əl öpmə bu hörmətin zamanla formalaşmış simvolik ifadəsidir. Bu adət Osmanlı sarayında da geniş yayılmışdı, xüsusən dini və siyasi liderlərə, şeyxlərə, padşahlara qarşı edilən əl öpmələr təkcə ehtiram yox, həm də sədaqət rəmzi kimi qəbul olunurdu.
Bu gün necə qarşılanır?
Müasir dövrdə bu jest, xüsusilə kəndlərdə və ənənəyə bağlı ailələrdə yaşamağa davam edir. Şəhərlərdə isə bu adət getdikcə daha çox rəmzi hal almaqdadır. Bəziləri tərəfindən köhnəlmiş sayılaraq tənqid olunsa da, bir çox insanlar üçün bu jest ailə bağlarının və hörmətin mühüm bir parçasıdır.
Beləliklə, qadının əlini öpmək jesti aristokrat Avropa mədəniyyətində zəriflik və etiket nümunəsi kimi ortaya çıxıbsa, türklərdə əl öpmək jesti ailə bağlarının, nəslin və böyüyə hörmətin dərin mədəni təzahürü kimi formalaşıb və bu gün də müəyyən dərəcədə yaşamaqdadır.
Xanım Aydın