Ədəbiyyatda mövcud olan çoxsaylı mövzu və motivlər arasında yuxu qədimdən bu günə qədər davam edən, sirli və maraqlı bir hadisə kimi öz aktuallığını qoruyur. Ədəbiyyatda yuxular, demək olar ki, hər dövrdə və mədəniyyətdə təzahür tapıb. Şumerlərin “Gilqameş” dastanında, “Əhdi-ətiq”də, Misir, Assuriya və Hindistanın qədim mətnlərində yuxuların rolu mühümdür. İnsanlar yuxunu yalnız mistik və mənəvi bir təzahür kimi yox, eyni zamanda elmi və fəlsəfi kontekstdə də dəyərləndiriblər.
Yuxu və onun yozumu çox erkən dövrlərdən bəri insan düşüncəsinin mərkəzində dayanıb. Ziqmund Freyd və Karl Qustav Yunq kimi psixoanalitiklər yuxunu insan şüuraltısının bir ifadəsi kimi analiz etmişlər. Eləcə də, yuxular ədəbiyyatda həm süjetin qurulmasında, həm də obrazların daxili aləminin açılmasında mühüm funksiyanı yerinə yetirir. Rus klassik ədəbiyyatında elə bir əsər tapmaq çətindir ki, orada yuxu motivi işlənməsin. Puşkinin “Yevgeni Onegin” poemasında, Qonçarovun “Oblomov” əsərində, Tolstoyun “Anna Karenina”sında, Dostoyevskinin “Cinayət və cəza” və “Karamazov qardaşları” romanlarında yuxu həm süjet xəttinin açılmasında, həm də psixoloji dərinliyin yaradılmasında mühüm rol oynayır.
Yuxu eyni zamanda metaforik bir anlayışdır. Ədəbiyyatda tez-tez ölümün metaforası kimi təqdim olunur. “Kitabi Dədə Qorqud”da yuxuya “kiçik ölüm” deyilməsi bu məqamı təsdiqləyir. Yuxuya getmək, sadəcə bir istirahət deyil, həm də bir keçid mərhələsi, qeyri-müəyyənliyin və təcəlli imkanlarının simvoludur. Bu səbəbdən də, yuxu bədii mətnlərdə fərqli mənalandırma qatlarına imkan yaradır.
Azərbaycan ədəbiyyatında da yuxu motivi zəngin və çoxşaxəli şəkildə işlənmişdir. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhman bəy Haqverdiyev bu motivə müraciət etmiş, yuxunu ya kinayəli, ya da mistik müstəvidə təqdim etmişlər. Haqverdiyevin “Yuxu” adlı hekayəsində yuxu tamamilə mistik bir hadisə kimi təqdim olunur. Cəlilin “Hürriyyət” hekayəsində isə yuxu sosial və siyasi kontekstdə ironik çalarlara bürünür.
Sonrakı dövrlərdə bu motiv Yusif Səmədoğlunun yaradıcılığında daha fəlsəfi və poetik çalarlar qazanır. “Qətl günü” romanında yuxu qəhrəmanın xatirələrindəki boşluğu dolduran bir mexanizm rolunu oynayır. Yuxu və gerçək arasındakı sərhədlər silinir; zaman anlayışı pozulur. Səmədoğlunun əsərlərində yuxu yalnız süjet elementi deyil, həm də ölümə gedən yolun metaforası kimi çıxış edir. Onun qəhrəmanları sanki daim narahat yuxulara hazırlanırlar.
Yuxu həm də dini mətnlərdə xüsusi məna daşıyır. “Qurani-Kərim”in “Yusif” surəsində yuxu və onun yozulması qabiliyyəti peyğəmbərliklə əlaqələndirilir. Quranda insanın yuxu zamanı ruhunun alınması, lakin əgər ömür tamam deyilsə, onun geri qaytarılması faktı qeyd olunur. Bu isə yuxunun müvəqqəti ölüm kimi təqdim olunmasına səbəb olur. Bu fikir həm dini, həm fəlsəfi, həm də psixoloji baxımdan çoxqatlı anlamlar yaradır.
Yuxuların elm kimi öyrənilməsi, onların sinifləşdirilməsi, günün hansı vaxtında görülməsinin yozumlara təsiri kimi məsələlər orta əsrlərdən bəri alimləri düşündürmüşdür. Ədəbiyyat isə bu elmi və dini bilikləri estetik çərçivədə özündə cəmləşdirərək, yuxunu həm süjetin aparıcı elementi, həm də insan varlığının fəlsəfi yozumu kimi təqdim edir.
Xanım Aydın