Yeni araşdırmaya görə, Yer ətrafında təkcə bir Ay yox, ən azı altı “kiçik Ay” dövrə vurur. Bunlar əsasən Yerin təbii peykinə çırpılan meteoritlərdən qopan parçalardır.
Baki-baku.az “Space”ə istinadən xəbər verir ki, bu “qırıntılar” çox vaxt Günəş ətrafında fırlansa da, bəzən Yerin cazibə qüvvəsi onları cəlb edir və bir müddət planetimizin ətrafında fırlanırlar. Alimlərin hesablamalarına görə, belə obyektlərin orta “ömrü” 9 aydır. Ölçüləri isə çox kiçikdir, hətta əksəriyyəti 2 metrdən də balacadır.
Maraqlısı odur ki, əvvəllər bu obyektlərin asteroid qurşağından gəldiyi düşünülürdü. Lakin yeni sübutlar göstərir ki, bir çoxu birbaşa Ayın özündən ayrılıb. Məsələn, 2016-cı ildə tapılmış “Kamоaleva” adlı obyektin də Aymənşəli olduğu məlum olub.
Bu “kiçik peyklər” həm elmi tədqiqatlar, həm də kommersiya məqsədləri üçün dəyərlidir. Alimlər hesab edirlər ki, onlarda faydalı elementlər və minerallar tapıla bilər və onlara çatmaq, asteroidlərə getməkdən daha asandır.