Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2025

Paylaşın

GÜNDƏM

Yaşar Nuri – Gülüşlə qəhəri ustadlıqla yoğuran sənətkar

Yaşar Nuri

Bu gün Azərbaycan teatr və kino sənətinin əvəzolunmaz siması, Xalq artisti, Dövlət Mükafatı laureatı, unudulmaz sənətkar Yaşar Nurinin doğum günüdür. O, təkcə aktyor deyil, sənət aləmimizin nəhənglərindən biri, səhnənin və ekranın ruhunu yaşadan, tamaşaçının qəlbinə yol tapmağı bacaran nadir sənətkarlardandır.

Baki-baku.az xatırladır ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda, sənət mühitində dünyaya göz açıb. Onun atası, tanınmış aktyor Məmmədsadıq Nuriyev, Azərbaycan kino və teatr tarixində silinməz izlər buraxmış sənətkarlardan idi.

“Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehrli xalat” kimi filmlərdə canlandırdığı obrazlarla yadda qalan Məmmədsadıq müəllimin sənət eşqi və istedadı təbii ki, oğluna da sirayət etmişdi. Beləcə, Yaşar Nuri doğulduğu ailədən sənət eşqini miras alaraq, öz taleyini səhnəyə bağladı.

Aktyorun səhnə həyatı çox erkən yaşlarında başlayıb. Cəmi 11 yaşında “Toy kimindir?” tamaşasında “Tapdıq” obrazını canlandıran Yaşar Nuri, daha sonra “Yelkən”, “Buratino”, “Qaranquş”, “Pioner” kimi uşaq verilişlərində çıxış edib. Səhnəyə olan sevgisi onu dram dərnəklərinə, ustad sənətkarlardan dərs almağa aparıb. Bu təməl, gələcəkdə Azərbaycan səhnəsinin əvəzolunmaz simasına çevrilən aktyorun sənət yolunu müəyyənləşdirdi.

Yaşar Nuri illər ərzində həm teatrda, həm də televiziyada saysız-hesabsız obrazlara can verib. Onun ifasında səhnə obrazları sözün əsl mənasında yaşayırdı. “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs”də Pərviz, “Od gəlini”ndə Altunbay, “Ölülər”də Məşədi Oruc, “Dəli yığıncağı”nda Sərsəm Salman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil”də Əbdüləli bəy və digər rolları tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. O, istər dramatik, istərsə də komik janrlarda özünü mükəmməl göstərməyi bacaran aktyor idi.

Televiziya tamaşaları da Yaşar Nurinin sənət dünyasında mühüm yer tuturdu. O, “Evləri köndələn yar”, “Qatarda”, “Qonşu qonşu olsa”, “Yarımştat”, “Yaşıl eynəkli adam”, “Topal Teymur”, “Göz həkimi”, “Səni axtarıram” trilogiyası və digər teletamaşalarda yaddaqalan obrazlar yaradıb. Tamaşaçıların hafizəsində “Tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Ac həriflərin Həsən dayısı”, “Çəkməçi Dadaşov”, “Fotoqraf Əli bəy” kimi rolları ilə əbədi iz qoyub. Onun obrazları sadəcə bir rol deyildi – xalqın içindən çıxmış, canlı, düşünən, danışan, hiss edən insanlardı.

Kinoda da Yaşar Nuri öz dəst-xəttini formalaşdırdı. “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və digər filmlərdəki rolları ilə o, kinosevərlərin qəlbində yer aldı.

Həmçinin, “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verməklə teatr rejissorluğunda da özünü sınamış, “Spasibo” filmi ilə kino sahəsində yaradıcılıq sərhədlərini daha da genişləndirmişdi.

Yaşar Nurinin aktyorluq tərzi onun qeyri-adi müşahidə qabiliyyəti, daxili intuisiyası və insan psixologiyasına dərindən bələd olması ilə seçilirdi. O, istənilən obrazı elə canlandırırdı ki, tamaşaçı onu sevməyə bilmirdi – bəzən gülürdü, bəzən kövrəlirdi, bəzən də dərin düşüncələrə qərq olurdu. Bu da aktyorun sənətə yanaşmasındakı səmimiyyət və ustalıqla bağlı idi.

Böyük sənətkar 2012-ci il noyabrın 22-də, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. O, İkinci Fəxri xiyabanda dəfn olundu. Lakin sənətkarın əbədi ünvanı Azərbaycan tamaşaçısının qəlbindədir.

Yaşar Nuri bizim sənət tariximizin canlı yaddaşı, səhnənin yaşayan ruhu idi. Onun doğum günü – sentyabrın 3-ü hər il xalqımız tərəfindən sənətə sədaqətin, istedada ehtiramın və böyük sənətkarlığın xatırlanma günü kimi yad edilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində sentyabrın 4-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

HƏR ŞEYDƏN

Bu məqalədə sosial şəbəkələrdə özünü təqdimetmə vərdişləri və bunun reallıqla necə fərqləndiyi mövzusuna diqqət yetiriləcək.

HƏR ŞEYDƏN

Bu məqalədə sosial şəbəkələrdə özünü təqdimetmə vərdişləri və bunun reallıqla necə fərqləndiyi mövzusuna diqqət yetiriləcək.
Facebook
X (Twitter)
LinkedIn
Email