Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən alan, təməli qoyulanda əsasən Xızı dağlarından köçüb şəhərə gələn insanların məskunlaşdığı rayon kimi tanınan Yasamal 1932-ci ildə Səbail, Nəsimi, Qaradağ və Binəqədi rayonlarının ərazisi hesabına qurulub. 1992-ci ilə, Azərbaycan müstəqillik əldə edənə qədər Oktyabr inqilabı şərəfinə Oktyabr, 1992-ci il mayın 15-dən rəsmi şəkildə Yasamal rayonu adlandırılıb. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yasamal rayonu təsis ediləndə Bakının inkişaf etmiş rayonlarından biri kimi formalaşıb. Oktyabr rayonu adlandırıldığı 60 ildə Yasamal elm-təhsil, səhiyyə, mədəniyyət mərkəzi kimi nüfuz qazanıb. Bakının həm də “abidələr şəhəri” kimi, daha doğrusu “şəhər içində şəhəri” kimi tanınan Yasamal həm də Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində ucaldılan abidələrlə məşhurdur. Milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutan, poetik inciləri ilə bəşəri dəyərlər xəzinəsini zənginləşdirən Mövlana Məhəmməd Fizulinin, Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, Sosialist Əmək Qəhrəmanı Sevil Qazıyevanın monumental abidələri Yasamal rayonu ərazisindədir. Çoxsaylı elm-təhsil mərkəzlərinə ev sahibliyi edən Yasamal rayonunda Cümhuriyyətdən nişanə Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının əsas iqamətgahlarının yerləşməsi bir daha sübut edir ki, Yasamal rayonu həqiqətən də dəyərlərin əyarı kimi Bakının incilərinə məkan olub. Ölkədə mühəndis və memar kadrların hazırlanmasında mühüm tutan Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti də məhz Yasamal rayonu ərazisində yerləşir. Yüz ilə yaxın böyük bir zaman kəsiyində ölkənin elmi potensialının formalaşmasına xüsusi töhfələr verən Azərbaycan Milli Elmlər Akademiyasının məşhur İnstitutlarının əksəriyyəti də Yasamal rayonu ərazisində öz qapılarını insanların üzünə açır. Abbasqulu ağa Bakıxanov adına Tarixi İnstitutu, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, Geologiya və Geofizika İnstitutu, Astrofizika İnstitutu, Kimya Prosesləri İnstitutu, təkcə ölkəmizdə deyil dünyada məşhur olan Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu kimi məşhur elmi mərkəzlər Azərbaycanın elmi potensialına töhfələr verməklə yanaşı, həm də yerləşdiyi rayonun adını və şöhrətini göylərə qaldırır. Yasamal rayonu həm də bir mədəniyyət mərkəzi, sözün həqiqi və məcazi mənasında sənət məbədidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Milli Konservatoriyası, Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyası, Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin məşhur binaları da məhz bu ərazidə yerləşir. Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Rastrapoviçlərin nəfəsindən, səsindən və sığalından soraqçı olan ev muzeylərinə də sahiblik hissi Tanrı və dövlət tərəfindən Yasamal rayonuna verilib.
Yasamal rayonu həm də çoxsaylı kitabxana şəbəkələrinin mövcud olduğu bir yörəmizdir. Mirzə Şəfi Vazeh adına kitabxanada, Əliağa Vahid adına kitabxanada, Abdulla Şaiq adına uşaq kitabxanasında, Xurşudbanu Natəvan adına kitabxanada, Cəfər Cabbarlı adına kitabxanada qorunan on minlərlə məşhur kitablar öz oxucuları ilə Yasamal rayonunda görüşə gəlir. Yasamal, həm də musiqi məktəblərinin mövcud olduğu rayondur. Vaqif Mustafazadə adına 2 saylı incəsənət məktəbi, Əhməd Bakıxanov adına 6 saylı musiqi məktəbi, Niyazi adına 22 saylı Uşaq musiqi məktəbi, Kövkab Səfərəliyeva adına 16 saylı musiqi məktəbi şəhərimizin körpə fidanlarına sənətin, mədəniyyətin sirlərini burada öyrədir. Səhiyyə ocaqlarına, tibbi-təhsil verən məktəblərə ev sahibliyi edən Yasamalda təməli qoyulan tək bir xəstəxananın adını çəkmək kifayətdir ki, onun ölkənin səhiyyə sistemində tutduğu məqamı qeyd edəsən. Hər gün müxtəlif bölgələrdən gələn yüzlərlə xəstəni qəbul edib Hippokrat andı ilə qayğısına qalan peşəkar həkimlərin çalışdığı Mir Əsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası da burada yerləşir.
Respublikanın idarəçilik sistemində mühüm yer tutan Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi kimi məşhur nazirliklər, eyni zamanda Müdafiə Sənayesi Nazirliyinə məxsus olan “Alov” zavodu da məkandadır.
Yasamal məşhur şairlərin, elm, sənət, mədəniyyət xadimlərinin yaşadığı, fəaliyyət göstərdiyi bir müqəddəslik olmaqla yanaşı, həm də Vətən torpaqları uğrunda şəhid olan onlarla qəhrəmanların, adına ünvanlar verilən igidlərin doğulub böyüdüyü diyardır. Burada mövcud olan Cavid parkının, Bayraq meydanı parkının, İzmir parkının, Sevil Qazıyeva parkının istifadəyə verilməsi əhali üçün nə qədər əhəmiyyətlidirsə, “20 Yanvar” dairəsində qurulan Memorial Kompleksin Əbədi İstiqlal tariximizdə yeri və məqamı bir o qədər dəyərli və qiymətlidir. 1920-ci ildə Şərqin ilk Demokratik Cümhuriyyətini devirmək üçün Qızıl Ordu “qırmızı terror”unu məhz “Qızıl Ordu” dairəsində gerçəkləşdirdi. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı Bakı əhalisi öncə bu ərazidə güllə-boran edildi. Azərbaycan xalqı Əbədi İstiqlala imza atdıqdan sonra İstiqlal Şəhidləri adına ilk abidəni də, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin diqtəsi, iradəsi ilə məhz burada – Yasamal rayonunda ucaltdı.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində təməli qoyulan “Nizami”, ”Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyaları ilə yerüstü dünyadan yeraltı dünyaya körpü salan Yasamal, həm də “Yeni Yasamal” yaşayış kompleksi ilə məşhurdur.
Bulaq suyu, dağ havası ilə Xızıdan Yasamal dərəsinə, Bakının qədim yaşayış məskənlərindən birinə – Çənbərəkəndə köçən insanların özünəməxsus ləhcəsi, spesifik xüsusiyyətləri ilə fərqlənən, “Sovetski”, “Kubinka”, “Papanin” kimi köhnə dağlı məhəllələrinin təməlini qoyan dağlıların, həm də məşhur bədiyyələrin, meyxana ifaçılarının məskəni, diyarı kimi tanınan, hər gün tikilib-qurulan Yasamalın tarixi, mədəniyyəti ölkənin və onun baş şəhəri Bakının ayrılmaz tərkib hissəsidir.
Şərəf Cəlilli