Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində dünyaya gəlib.
7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Zurufçu elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur “Cücələrim” mahnısı ilə həm Azərbaycanda, həm də İranda böyük şöhrət qazanmışdı. 11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bir sıra xalq mahnılarını ifa etmişdi. Müğənni musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının vaxtilə Bakıda yaşaması və Azərbaycan musiqisinə duyduğu dərin sevgi ilə əlaqələndirirdi. Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın radio və televiziya kanalları öz musiqili proqramlarında çıxış etməyə dəvət edirdilər.
Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakultəsində ali təhsil almağa başlamış, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirmişdi. 1979-cu ildə İranda Xalq İnqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli oldu. Yaqub peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Mayami Universitetində (University of Miami) vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq görülmüşdü.

Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək idi. Nəhayət, 1989-cu ilin əvvəllərində Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Gülağa Məmmədov Almaniyada olarkən təsadüfən Yaqub Zurufçunun “Ayrılıq” mahnısına çəkilmiş sadə bir klipi görüb, adını ilk dəfə eşitdiyi gənc müğənninin ecazkar ifasından heyrətə gəlmişdi. Başı min bir bəlalar çəkmiş Azərbaycanın 1813-cü ildə imzalanan “Gülüstan” müqaviləsinə əsasən qəsdən iki yerə bölünərək, Güney və Quzey adlanan iki hissəyə ayrılmasına həsr edilən “Ayrılıq” mahnısını Yaqub Zurufçunun ifasında çox bəyənən Gülağa Məmmədov həmin klipi Azərbaycana gətirmiş və respublika televiziyasında yayımlanmasına nail olmuşdu.
Yaqub Zurufçunun o taylı – bu taylı Azərbaycanın birləşmə istəyinin ağrı-acı və böyük sevgi, həsrətlə dilə gətirildiyi “Ayrılıq” mahnısı qısa bir zamanda çox sevilərək dillər əzbəri oldu və ötən əsrin 90-cı illərində xalqımızın milli-mənəvi dirçəlişinə mühüm bir dayaq olmaqla ona sanki yön verərək, milli-azadlıq hərəkatının manifestinə çevrilmişdi.
1989-cu ildə Gülağa Məmmədovun təşəbbüsü ilə Vətən eşqli, qəlbi Vətən həsrəti ilə yanan Yaqub Zurufçu ilk dəfə olaraq doğma Azərbaycana gəlmişdi. Həmin il oktyabrın 29-da Azadlıq meydanında dəniz kimi dalğalanan, kükrəyən, coşan izdihamın sürəkli alqışları altında Yaqub Zurufçu “Ayrılıq” mahnısını oxudu.

Həmişə doğma Azərbaycanda yaşamaq istəyən, Vətənin yanında olmaq, xalqımızın ağır günlərində kömək etmək arzuları ilə yaşayan Yaqub Zurufçu 1989-cu ilin ağrı-acılı günlərində təşkil edilmiş konsertlərindən yığılan vəsaiti bütünlüklə azğın düşmən təfəfindən yaşadıqları doğma torpaqlardan – Qərbi Azərbaycandan və Qarabağdan didərgin salınmış evsiz-eşiksiz həmvətənlərimizə yardım fonduna köçürülmüşdü.
Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-da, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilmişdi.

Ulu öndər Heydər Əliyev də türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu sənətinin böyük pərəstişkarı idi. Azərbaycan xalqının unudulmaz xilaskarı Amerikada müalicə olunarkən müğənninin ona baş çəkməsini, sevdiyi mahnıları böyük sevgi ilə ifa etməsini minnətdarlıq hissi ilə qarşılamışdı.

Müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Aparatında Yaqub Zurufçunu qəbul edən zaman ona olan rəğbətini, sevgisini dilə gətirərək demişdi: “Mən səni, sənin sənətini çox sevirəm. Təbiidr, səni məndən başqa da Azərbaycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan!”.
Azərbaycan musiqisinin həm respublikada, həm də xarici ölkələrdə pərəstişkarlarının daha çox olmasını arzulayan Yaqub Zurufçu 1995-ci ildə ölkəmizdə ilk professional səsyazma studiyası yaratdı. Hələ gənclik illərindən Bakının həsrətini çəkmiş görkəmli sənətkar Qarabağın, Azərbaycanın musiqi beşiyi, həm də akademiyası olan Şuşanın azad olunmasında Milli Ordumuzun gücünə, qələbə əzminə inanaraq, bu müqəddəs amala tezliklə nail olunması üçün özünün sənətkar töhfəsini vermiş, əsgər və zabitlərimizin vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə hərbi hissələrdə çoxsaylı konsert proqramları ilə çıxış etmişdi.

Yaqub Zurufçunun 2019-cu il oktyabrın 12-də Heydər Əliyev adına Respublika sarayında təşkil edilən konserti onun son solo-konserti kimi sənətsevərlərin yaddaşına əbədi həkk olundu. Dahi Üzeyir Hacıbəylinin əsərlərinin, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıların, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilmiş musiqi əsərlərinin səsləndirildiyi, respublikamızın görkəmli mədəniyyət və incəsənət xadimlərinin, yüzlərlə pərəstişkarın iştirak etdiyi həmin möhtəşəm konsert sanki Yaqub Zurufçunun öz doğma xalqı ilə heç vaxt unudulmaycaq vida konserti idi. Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Bakıda ağır xəstəlik səbəbindən vəfat edib.
Milli-mənəvi dəyərlər və milli istiqlal tariximizdə Səhənd və Savalan dağlarının ayrıca yeri, məqamı olduğu kimi, bir neçə fitri istedad sahibinin də ayrıca yeri, rolu və məqamı olub. Onlardan biri Seyid Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeiridir ki, biz onunla Heydərbabaya təkcə salam vermədik, həm də əbədi istiqlala, birliyə, bütövlüyə uzanan yol gördük.
Gülüstan, Türkmənçay dəhşətlərindən sonra Naxçıvanda, Arazın sərhədində sökülən sərhəd məftillərindən sonra isə dünya Yaqub Zurufçunun səsinin nidasında paralanmış, yaralanmış Azərbaycanın həqiqətini, həm də istiqlal sevdasını dərk etdi. Dünyanı “Ayrılıq” mahnısı ilə dolanan, 20 Yanvar dəhşətlərindən sonra kədərə bürünən Azərbaycan xalqının istiqlal ruhunun və haqq davasını səsinin nidası ilə dünyaya yayan Zurufçunun məzarının Azərbaycanda, Arazın bu tayında olması bir daha sübut edir ki, Yaqub Zurufçu o taylı, bu taylı Azərbaycanın tək və yeganə sənətkarı olaraq ayrılığa etiraz edən böyük ictimai-siyasi xadimdir.
Buna görə də heç təsadüfi deyil ki, Yaqub Zurufçuya Azərbaycanda vətəndaşlıq hüququnun ilk dəfə verilməsi hələ siyasi hakimiyyətin birinci mərhələsində azərbaycançılıq məfkurəsinə söykənən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü olub.
“Ayrılıq” mahnısı həmçinin öz doğma ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın nisgilinin ifadəsinə çevrildi. O nisgilin ki, 30 illik işğaldan sonra Tanrının iradəsi, ordumuzun gücü və Ali Baş Komandan İlham Əliyevin qüdrəti ilə Azərbaycan bayrağı tarixi torpaqlarımızda dalğalandı, üçrəngli bayrağın simasında Azərbaycan xalqı Şuşa qalasında, Xudafərin körpüsündə bayrağa döndü.
Hacı Cavadov