Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Baki-Baku.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Cənab səfir, ilk olaraq müsahibə üçün dərin təşəkkürümü bildirmək istəyirəm. Artıq bir müddətdir ki, ölkəmizdə səfir olaraq çalışırsınız. Azərbaycan və Bakı ilə bağlı təəssüratlarınızı bölüşün, zəhmət olmasa.
– Azərbaycana təyin olunduğum gündən indiyə qədər Bakı da daxil olmaqla, bu gözəl ölkənin füsunkar təbiəti, zəngin mədəniyyəti və mehriban insanları ilə tanış olmaq imkanı əldə etmişəm. Azərbaycan müxtəlif xalqların sivilizasiyasının kəsişdiyi tarixə malik ölkədir və zəngin mətbəx mədəniyyəti də daxil olmaqla, bu müxtəliflik ölkəni ziyarət edənlərə yeni baxış bucağı təqdim edir. Xüsusilə də Bakı müasir şəhər həyatının dinamikliyi ilə tarixi memarlığın ahəngdar şəkildə birləşdiyi, çox cəlbedici bir şəhərdir.
Azərbaycanın müxtəlif bölgələrini də ziyarət etmək imkanı əldə etmişəm və hər bir regionun özünəməxsus xüsusiyyətləricazibəsi var. Şəkinin UNESCO-nun Ümumdünya İrsinə daxil edilmiş qədim abidələri, mənzərələri, gözəl Qafqaz dağları kimi təbii və tarixi gözəlliklərin vəhdəti insanı valeh edir.
– Azərbaycan və Yaponiya arasında humanitar, sosial sahələrdə əməkdaşlıq barədə nə deyə bilərsiniz? Gələcək planlar nələrdir?
– Azərbaycan müstəqillik əldə etdikdən sonra, Yaponiya Azərbaycanın bazar iqtisadiyyatına keçidini dəstəkləmək məqsədilə müxtəlif sahələrdə yardım göstərib. Bu yardımlar çərçivəsində, humanitar və sosial sahələrdə Yaponiya tərəfindən bir sıra layihələr həyata keçirilib. Bunlara tibb müəssisələrinə avadanlıqların verilməsi, kənd yerlərində ailə sağlamlığı mərkəzləri və tibb məntəqələrinin tikintisi, həmçinin əhalinin təmiz suya çıxışını təmin etmək məqsədilə su təchizatı infrastrukturunun yaradılması daxildir. Son zamanlarda isə Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına Yaponiya istehsalı müasir tibbi avadanlıqların təqdim olunması layihəsi uğurla tamamlanıb. Digər tərəfdən, Azərbaycan özü də diqqətəlayiq iqtisadi inkişaf əldə etdikcə, inkişaf yardımlarına, xüsusilə humanitar və sosial sahələrdə dəstəyə dair Azərbaycanın yanaşması da tədricən dəyişir. Bu səbəbdən, gələcək əməkdaşlığın perspektivləri haqqında hər iki tərəf arasında kifayət qədər fikir mübadiləsi aparılaraq müvafiq şəkildə dəyərləndirilməsi zəruridir.
– Cənab səfirin Bakı şəhəri ilə bağlı fikirləri: şəhərimizin memarlığını, tarixi binalarını necə qiymətləndirir? Ayrıca olaraq paytaxtımızla bağlı ümumi təəssüratlarınız nədən ibarətdir?
– Bakıda UNESCO-nun Ümumdünya İrsinə daxil edilmiş İçərişəhər, möhtəşəm binalar, çoxsaylı tarixi abidələr mövcuddur və məncə, bu şəhər çox yüksək tarixi dəyərə malikdir. İçərişəhərin küçələri insana tarixin əzəmətini hiss etdirir, digər tərəfdən isə ucalan zərif müasir binalarla olan kontrast güclü təəssürat yaradır. Bakının memarlığı keçmişlə gələcəyin bir arada mövcud olduğu bir şəhərin simvoludur və hesab edirəm ki, Azərbaycanın qürur mənbəyi olan bu irsi gələcək nəsillərə ötürmək çox vacibdir.
– Bakının hansı hissəsi sizi daha çox özünə cəlb edir?
– Bakıda xüsusilə İçərişəhərin küçələri və Xəzər dənizi sahilindəki gözəl mənzərələr çox valehedicidir. Bu məkanlar tarixi dəyər, təbiət gözəlliyinin vəhdətini təşkil edir və bu yerlərdə gəzinti edərək Azərbaycanın mədəniyyətini, tarixini dərindən hiss etmək mümkündür. Həmçinin, yerli kafelərdə, restoranlarda təqdim edilən ənənəvi Azərbaycan yeməkləri də yaponların zövqünə tam uyğun gəlir və çox bəyənilir.
– Bildiyimiz kimi Bakıda Yapon Bağı var və yerli əhalinin həmin əraziyə marağı çox böyükdür. Bu cür layihələr iki ölkə xalqlarının bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Yaponiyada Azərbaycanı və Bakını tanıtmaq üçün hansı layihələr həyata keçirilir və ya gələcəkdə reallaşdırılması gözlənilir?
– Bakının Xətai rayonunda yerləşən Yapon bağı, sözün əsl mənasında iki ölkə arasında mədəni mübadilənin rəmzidir. Xətai rayonu ilə Yaponiyanın İşikava prefekturasının Şika şəhəri arasında dostluq münasibətləri qurulub və bu ilin yanvar ayında Şika şəhərindən iki məktəbli Bakı şəhərini ziyarət edərək Bakıdakı şagirdlərlə görüşmüş, avqust ayında isə Bakıdan iki şagird Şika şəhərinə səfər edib. İnsanlar arasında bu cür mübadilələr bir-birimizi tanımaq və daha yaxşı anlamaq üçün mühüm imkan yaradır. Həmçinin, Yaponiya televiziyalarında dəfələrlə Azərbaycana həsr olunmuş verilişlər yayımlanıb və bunun sayəsındə bir çox yapon Azərbaycanı “Yaponiyanı sevən ölkə” kimi tanıyır. Yaponiyanın kütləvi informasiya vasitələri də Azərbaycana maraq göstərir və düşünürəm ki, gələcəkdə də müxtəlif media vasitələri ilə Azərbaycan haqqında təqdimatlar davam edəcək. Eyni zamanda, Azərbaycana səfər edən yapon turistlərin sayı da artmaqda davam və ümid edirəm ki, onlar da Azərbaycanın xoşməramlı dostluq səfirlərinə çevriləcəklər.
– Ölkələrimiz arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycana yapon turistlərin daha çox gəlməsi istiqamətində hansı addımların atılmasına ehtiyac var?
– Koronavirus pandemiyasından sonra Azərbaycana səfər edən yapon turistlərin sayı ildən-ilə artmaqda davam edir və ötən il təxminən 3800 nəfər Azərbaycanı ziyarət edib, lakin bu rəqəm 2019-cu ildəki təxminən 6000 nəfərlik ən yüksək səviyyəyə hələlik çatmayıb. Düşünürəm ki, bunun əsas səbəbi Azərbaycana dair məlumatlılığın Yaponiyada hələ kifayət qədər yüksək olmamasıdır. Təəssüf ki, “Azərbaycan” adını eşidəndə onun harada yerləşdiyini dərhal bilən yaponların sayı çox deyil. İlk olaraq Azərbaycanın necə bir ölkə olduğunu və hansı cəhətlərinin cəlbedici olduğunu daha çox yapona tanıtmaq üçün maarifləndirmə fəaliyyəti aparmaq vacibdir. Bu nöqteyi-nəzərdən, hal-hazırda da davam edən “Osaka, Kansai Ekspo 2025” Sərgisində Azərbaycanın pavilyonla iştirak etməsinin çox böyük əhəmiyyət daşıdığını düşünürəm. Həqiqətən də çox sayda yapon vətəndaşının Azərbaycan pavilyonunu ziyarət etməsi bu ölkənin tanınması və cəlbediciliyinin təşviqinə müsbət təsir etdiyini düşünürəm.
Məndə olan məlumata görə, 2027-ci ildə Tokio yaxınlığında yerləşən Yokohama şəhərində keçiriləcək Beynəlxalq Bağçılıq Sərgisində Azərbaycan da iştirak etməyi planlaşdırır. Düşünürəm ki, bu kimi fəaliyyətlərin davam etdirilməsi Azərbaycanın daha da tanınmasına xidmət edəcək və nəticə etibarilə yapon turistlərin ölkəyə marağı təbii olaraq artacaq. Digər tərəfdən isə Yaponiyaya səyahət edən azərbaycanlı turistlərin sayı da son zamanlarda xeyli artır və səfirlik də bu sahəyə xüsusi diqqət ayıraraq fəal şəkildə məlumatlandırma işi aparır. Ona görə də fürsətiniz olduqda Yaponiyaya səfər etməyi mütləq tövsiyə edirəm. Bundan əlavə sosial şəbəkələr, televiziya və digər müxtəlif media vasitələri ilə Azərbaycanı tanıtmaq istiqamətində aparılan təşviqat işlərinin də çox vacib olduğunu hesab edirəm. Azərbaycanın cəlbediciliyini video məzmunlar və digər vizual vasitələrlə tanıdaraq daha çox yapon vətəndaşının bu gözəl ölkəni ziyarət etməyə maraq göstərəcəyini düşünürəm.
– Bakı sakinlərinin hansı mədəniyyəti və davranışı sizə Yapon xalqını xatırladır?
– Bakı sakinləri çox mehriban və nəzakətlidirlər və bu, yaponların mənəviyyatı ilə bir çox oxşar cəhətlərə malikdir. Xüsusilə, başqalarına hörmət etmək və ailəyə dəyər vermək yaponlarla əsas ortaq cəhətlərdəndir. Bakı sakinləri Yaponiyanın mədəniyyətinə, texnologiyasına da böyük maraq göstərir və cüdo, karate kimi döyüş sənətlərini öyrənənlərin çox olması da iki ölkə arasında mədəni əlaqələrin göstəricisidir. Tez-tez çay içmək adəti də bizim ortaq cəhətlərimizdən biri hesab edilə bilər.
– Sizcə Yaponiyadan gələn turistlər Bakını necə görmək istəyər və onları daha çox nə cəlb edər?
– Yaponların Bakı da daxil olmaqla, Azərbaycana səfər etmələrinin əsas səbəbi, yəqin ki, “yenilik” hissidir. Yaponlar arasında ən məşhur səyahət məkanları Şərqi Asiya, Qərbi Avropa və ABŞ kimi ölkələrdir, lakin Azərbaycan bu ölkələrdən tamamilə fərqli bir təəssürat yaradır. Müxtəlif mədəniyyətlərin, təbiətin kəsişdiyi özünəməxsus ab-hava Azərbaycanı daha əvvəl yaşanmamış bir təcrübə üçün ideal məkan kimi fərqləndirir və yaponlar üçün cəlbedici amilə çevirir.
– Yapon iş adamlarının ölkəmizə və Bakı şəhərinə böyük həcmli investisiya yatırması istiqamətində hər hansı işlər görülür?
– Yaponiyadan Azərbaycana investisiya yatırımlarının həcmini artırmaq üçün Azərbaycanın iqtisadi cəlbediciliyini təbliğ etmək mühümdür. Azərbaycan hökumətinin ölkədə “yaşıl enerji”nin inkişaf etdirilməsi ilə bağlı, logistika üzrə regional mərkəz olmaq kimi iddialı təşəbbüslərin həyata keçirilməsinə yönələn siyasəti mövcuddur. Yaponiya şirkətləri bu sahələrə böyük maraq göstərir.
Həmçinin, audiovizual media kimi vasitələrdən istifadə etməklə Azərbaycanın tanıdılması da daxil olmaqla, turizm sahəsində əməkdaşlığın inkişafı da gözlənilir. Bundan əlavə, Yaponiya və Azərbaycan arasındakı münasibətlərdə hələ tam üzə çıxmamış imkanlar mövcuddur.
– Son dövrdə Bakı sakinləri arasında Yaponiya mətbəxinə və ələlxüsus suşiyə maraq artmaqda davam edir. Sizin fikrinizcə, Azərbaycanın milli mətbəxinə daxil olan hansı yemək Yaponiyada məşhurlaşa bilər?
– Bakıda suşi başda olmaqla yapon mətbəxinə olan marağın artması çox sevindirici haldır. Azərbaycan mətbəxinin bütün yeməkləri dadlıdır və çox xoşuma gəlir. Xüsusilə də təzə tərəvəzlər, quzu əti və toyuq ətindən hazırlanan yeməklərin yaponların dad zövqünə uyğun gəldiyini düşünürəm. Manqal salatı, qutab, sacda bişən yeməklər və digər təamlar da məhsulun öz dadını ön plana çıxaran yeməklər olduqları üçün xüsusi təəssürat yaradır. Azərbaycan çayı və yerli şərabları isə təkcə bu yeməklərlə deyil, həm də yapon yeməkləri ilə də dadlı şəkildə uyğunlaşdırıla bilər.
Söhbətləşdi: Hacı Cavadov