Azərbaycan, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Şimal–Cənub Nəqliyyat Dəhlizinin əsas təşviqedici aktorlarından biri kimi beynəlxalq miqyasda tanınan mövqeyinə əsaslanaraq, postmünaqişə dövrü strategiyası çərçivəsində multimodal nəqliyyat bağlantılarının inkişafını ardıcıl şəkildə irəlilətməkdədir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” adlı tədbirdə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu” təşəbbüsünün əsasını formalaşdırıb. Onun sözlərinə görə, bu layihə yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin etməklə kifayətlənməyəcək, həm də dəmir yolu, avtomobil yolları, enerji xətləri, elektrik və fiber-optik infrastruktur vasitəsilə Asiya ilə Avropa arasında yeni strateji bağlantı xəttinin yaranmasına şərait yaradacaq.
C.Bayramovun sözlərinə görə, Horadiz–Ağbənd dəmir yolu xətti və Türkiyədə inşa olunan Qars–İğdır–Dilucu dəmiryolu layihəsi Zəngəzur dəhlizinin tamamlanmasına töhfə verərək regional bağlantıları gücləndirəcək və Asiya–Avropa nəqliyyat əlaqələrini daha da möhkəmləndirəcək.